Rəşid Mahmudovdan koronavirus açıqlaması: “Evdən çıxmasınlar”

GÜNDƏM 29 yan 2020, 16:56

“Koronavirusla bağlı hərə bir söz deyib, milləti dəli etməsin. Hələlik Azərbaycanda virus yoxdur”.


Demokrat.az xəbər verir ki, bu sözləri Oxu.Az-a Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov koronavirusla bağlı son günlər mediada yayılan müxtəlif məlumatlara münasibət bildirərkən deyib.


R.Mahmudov deyib ki, istənilən halda insanlar maksimum dərəcədə ehtiyatlı olmalıdırlar:


“Bu gün Azərbaycanda koronavirus yoxdur. İnsanları təlaşlandırmasınlar. Bu virus Çinin bir sıra əyalətlərində yayılıb. Koronavirus, əsasən, balıqda, ət məhsullarında olur. Çindən başqa ölkələrə, eləcə də, Azərbaycana heç kim buraxılmamalıdır. Onsuz da karantin elan edilib, ciddi nəzarət var.


Çindən ölkəyə gələn şəxsləri 3-4 gün saxlayıb, həkim müayinəsindən keçirirlər. Hər hansı iltihab prosesi, qızdırma, öksürək kimi simptomlar aşkarlanmırsa, onları insanlarla eyni mühitə buraxmaq olar”.


R.Mahmudov Çindən idxal edilən məhsulların risk faktoru kim virus daşıyıcısı ola biləcəyini də qeyd edib:


“Əlbəttə ki, bu ərəfələrdə Çindən heç nə almaq lazım deyil. Virus Çinin bütün əyalətlərinə yayılmasa da, risklidir. Hansı ərazidə virus aşkarlanıbsa, o ərazilərdən və ya yaxınlığından sifarişlərin ölkəyə girişinə icazə vermək olmaz. Bunu da aidiyyəti qurumlar nəzarətdə saxlayır. Bu virus insandan insana hava yolu ilə yoluxur”.


Koronavirus əleyhinə vaksin hazırlanmasının asan olmadığını deyən R.Mahmudov buna ən azı üç ay vaxt lazım olduğunu deyib:


“Vaksin hazırlamaq asan deyil. Bunun üçün virusun üzərində laboratoriyada müəyyən prosedurlar aparılmalıdır. Vaksinin hazırlanmasına ən azı üç ay vaxt lazımdır. Çində olan tələbələrimiz də, virusa yoluxmaq istəməyən insanlar da ünsiyyətdən maksimum çəkinməlidirlər. Mümkün qədər evdən çıxmasınlar”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top