"Düşündüm ki, binadan çıxa bilməyəcəyəm" — Zəlzələyə şahidlik edən azərbaycanlı (VİDEO)

SOSİAL 29 yan 2020, 11:07

Səhər imtahanım vardı. Axşam evdə gəzə-gəzə sualları oxuyurdum. Qəfil bina silkələndi. Əvvəl elə bildim yorğunluqdan başım gicəllənir. Amma sonra binanın silkələnməsindən divana yıxıldım. Bir anda qışqırıq səsləri eşitməyə başladım. Yıxıldığım yerdən qalxıb, evdən çıxmaq istəyirdim ki, daha bir təkan məni yerə yıxdı. Bütün şəhərin işıqları söndü. Binadan çıxa bilməyəcəyimi düşündüm.

 

Demokrat.az bildirir ki, bunu Oxu.az-a açıqlamasında Türkiyənin zəlzələ baş vermiş Elazığ vilayətindən təxliyyə edilən, Fırat Universitetinin Məktəbəqədər təhsil fakültəsinin üçüncü kurs tələbəsi Günel Binnətli deyib.

 

Onun sözlərinə görə, hadisə baş verən zaman bina o qədər güclü silkələnib ki, oradan çıxa bilməyəcəyini düşünüb:

 

“Axşam saat 9-a qalardı. Növbəti gün imtahanım vardı. Evdə gəzə-gəzə sualları oxuyurdum. Bir anda bina silkələndi və mən divana yıxıldım. Yenidən qalxmaq istəyəndə daha bir təkan baş verdi və mən yıxıldığım yerdən qalxa bilmədim.

Heç bir neçə saniyə keçmədi ki, bütün şəhərin işıqları söndü. Qaranlıqda o qorxu və təlaşla yerdən qalxmağa çalışdım. Çətinliklə də olasa telefonumu və evin açarını tapıb, binadan çıxdım. Mən binadan çıxanda pilləkən boyunca divarlar çatlamağa başladı. Orada yaralı insanlar vardı, özümü toplayıb onlara kömək etdim. Birlikdə binadan çıxdıq”.

 

G.Binnətli deyir ki, Prezident İlham Əliyevin Turkiyənin Elazığ vilayətində təhsil alan tələbələrin təhlükəsiz təxliyyəsi üçün tapşırıq verdiyini eşidəndə çox sevinib:

 

“Binadan çıxdıqdan sonra Türkiyə höküməti bizi yaxınlıqdakı idman komplekslərinə apardı. İnsanlara adyal, isti yeməklər, çay verdilər. Səhərə qədər zəlzələ davam etdi. Bizim evin yanındakı bina uçdu. Mən səhər yenidən evə girib pulumu, xarici pasportumu götürmək istədim. Həmin an yenidən 4-5 bal gücündə zəlzələ oldu.

 

O an düşündüm ki, bir dəfə Allah qorudu, bu dəfə deyəsən, çıxa bilməyəcəyəm. Qorxudan ayaqlarım tutuldu. Bədənim əsməyə başladı. Amma tez tərpənib binadan çıxa bildim. Sonra təhlükəsizlik üçün heç kimi binaya buraxmadılar.

 

Bizə deyəndə ki, Prezidentimiz İlham Əliyev azərbaycanlı tələbələrin ərazidən təxliyə edilməsi üçün tapşırıq verib, çox sevindik. Dərhal atama zəng etdim, məlumat verdim. Bizi sağ-salamat Bakıya gətirdilər. Bəzi tələbələr isə gəlmək istəmədiklərini deyib, öz istəkləri ilə orada qaldılar. 

 

Bu gün öz evimdəyəm. Amma gecə səhərə qədər zəlzələ anını görüb, qorxu içərisində yuxudan oyanmışam. Heç kimin bir də o cür dəhşəti yaşamasını istəmərəm”.

 

Onu da qeyd edək ki, G.Binnətli Türkiyədə həm də əlil uşaqlar, daun və autizm sindromlu uşaqların tədrisi ilə də bağlı təhsil alıb.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top