“Mandatın ucu görünən kimi iqtidar olurlar” — ADP sədrindən Əli İnsanova sərt sözlər

GÜNDƏM 29 yan 2020, 10:25

Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun iki ay öncə qurduğu Haqq və Ədalət Partiyasının (HƏP) təsis konfransı keçirilib. Bu barədə sabiq nazirin özü facebook səhifəsində məlumat yayıb. Statusda bildirilir ki, partiyanın Təşkilat Komitəsinin Bakı Şəhər İcra Hakimiyyətinə təsis konfransının keçirilməsi üçün 200 (iki yüz) nəfərlik bir yer ayrılması ilə bağlı müraciət etsə də, Bakı şəhər rəhbərliyinin cavab məktubunda konfransın keçirilməsi üçün müvafiq yeri özlərinin axtarıb tapması tövsiyə olunub. Konfransın Ə.İnsanovun evində keçirildiyi bildirilir.

 

Tədbirdə  Əli İnsanov partiyanın sədri seçilib. Həmçinin HƏP-in 15 nəfərdən ibarət İdarə Heyəti formalaşıb. Xaricdə yaşayan siyasi mühacir, polkovnik İsa Sadıqov partiya sədrinin 1-ci müavini, mərhum xalq şairi Bəxtiyar Vahabzadənin oğlu, Azərbaycanın Belarusdakı sabiq səfiri İsfəndiyar Vahabzadə və sabiq deputat Zəminə Dünyamalıyeva sədr müavinləri seçilib. Bu da diqqətləri daha çox çəkib.

 

Sabiq nazirin partiyasının Azərbaycanın siyasi səhnəsində özünə yer tutub-tutmayacağı, hər hansı bir uğur qazanıb-qazanmayacağı müzakirə olunur.

 

ADP sədri Sərdar Cəlaloğlu  keçmiş partiyadaşı Z.Dünyamalıyevanın HƏP-də müavin olmasına bu cür şərh verdi: “Zəminə xanımın hansı partiyaya getməsi, kiməsə qoşulması onun şəxsi işidir. O vaxt Rəsul Quliyevin yanlış hərəkətlərinə uymuşdu. Bizim partiyadan çıxandan sonra açığı, siyasi fəaliyyəti ilə o qədər də maraqlanmamışam. Amma deyə bilərəm ki, bir neçə təşkilatın üzvü olub. Azərbaycan Naminə Alyans var idi, ona üzv olmuşdu. Sonradan Rəsul Quliyev bir partiya yaratdı və ora getdi. Çox aktiv bir qadındır. İndi, görünür, ümidi daha çox Əli İnsanovun partiyasınadır. Onun üçün, hər halda, HƏP-i seçib. Bəxtiyar Vahabzadənin oğlunun müavin olmasına gəlincə, o, təxminən iki ay öncə bəyanat vermişdi ki, Təşkilat Komitəsində deyiləm, adım yalandan yayılıb. Bu sözləri deyib, sonradan gedib ora üzv olursa, hətta müavin seçilirsə, bu onu göstərir ki, o, sabit bir adam deyil. Dünən bir cür danışırsan, bu gün tamam fikirlərinin əksini edirsən, demək, ya o vaxt yalan deyirdin, ya da indiki addımın yalandır. Bu cür qurulan partiyanın heç bir perspektivi yoxdur. Birinci müavin İsa Sadıqov olub. O, Norveçdə yaşayır, oranın vətəndaşıdır, övladları da həmçinin. Özü Gürcüstan vətəndaşı idi, gəlib Azərbaycanda hərbi xidmət edirdi. İkinci vətəndaşlığı faktiki Norveç olub, 15 ildən çoxdur ki, orada yaşayır. Xaricdə yaşayan və orada bir ölkənin vətəndaşı olanlar Azərbaycanda siyasi fəaliyyətlə məşğul ola bilməzlər. Bunu qanun deyir. Açığı, mənim üçün təəccüblüdür ki, İsa Sadıqov hara, Əli İnsanov hara. Mən İsa Sadıqovla dostam. Onunla ailəvi dostluğumuz var. Fəxr ediləsi bir Azərbaycan oğludur. Düzdür, siyasətdən başı bir o qədər də çıxmayan adamdır. Müdafiə Nazirliyində çalışarkən öz işinin öhdəsindən layiqincə gəlib. Onun Gürcüstanda çox böyük nüfuzu var. Əgər İsanın bundan, yəni müavin təyin olunmasından xəbəri varsa, sadəcə, buna təəccüblənirəm. Xəbəri yoxdursa, bu, başqa məsələdir”.

 

ADP sədri Ə.İnsanovun heç bir uğur qazanmayacağını bildirdi: “Bəzən həqiqətləri dediyim üçün insanlar mənə nifrət edir, üzərimə hücumlar təşkil olunur. Onun və ətrafında olan adamların Azərbaycan siyasətinə heç bir təsirləri olmayacaq. Bunu yaxın gələcəkdə görəcəyik. Azərbaycanda yeni siyasi partiya o zaman yarana bilər ki, ideoloji bir boşluq olsun. Ölkəmizdə 54 qeydiyyatdan keçən siyasi partiya var və onlarda ideologiyanın demək olar bütün alternativləri ifadə olunub. 55-ci siyasi partiya hansı ideologiyaya əsaslanacaq? Əli İnsanov hansı keyfiyyətlərinə, xüsusiyyətlərinə görə siyasi arenada özünə yer tutacaq? Düzdür, o, iradəsi, prinsipallığı ilə müəyyən rəğbət qazana bilər. Amma açığı deyim ki, hiddət doğuracaq bir adamdır. O, bu gün tənqid etdiyi hakimiyyəti yaradanlardan biridir, mövcud vəziyyətdə onun da birbaşa rolu var. Zəminə xanımın ora getməsi ola bilsin ki, vaxtilə Əli İnsanovla birlikdə YAP-ın idarə heyətinin üzvü olmasından irəli gəlib. Hakim partiyadan incik düşənlərin bir araya gəlməsi kimi də bunu qəbul etmək olar. Onlar YAP-da olanda az qala partiyanı Azərbaycanın xilaskarı kimi qələmə verirdilər. Rəqiblərə qarşı amansız mübarizə aparırdılar. Düşünürəm ki, ortada bu faktlar ola-ola müxalifətçilik etmək olmaz. Bu gün Əli İnsanovun partiyasında olan bəziləri var ki, sanki hökumət onlara bir şey vermədiyi üçün bu cür mövqe seçiblər. Əli İnsanov vaxtilə indiki hakimiyyətin ən yüksək postlarından birində təmsil olunub. İndi nə oldu? Bir vaxtlar mənə nazirlik, deputatlıq verirdilər, yaxşı idilər, indi həbs olundum, azadlığa çıxdım, pisdirlər. Hökumət bir şey verəndə tərifləyirsən, verməyəndə pisləyirsən. Müxalifətdə də belədir. Mandatın ucu görünən kimi iqtidarçı olurlar. Bu cür yollarla ölkəni inkişaf etdirə bilmərik. Əli İnsanovun partiyası Azərbaycana ciddi nəsə verə biləcək imkana malik deyil. Maraqlı qüvvələrin toplandığı partiyaların fəaliyyəti Azərbaycanda olub. AXCP, Müsavat kimi revanşist partiyalar var və bu dəqiqə də fəaliyyətləri davam edir. Əli İnsanovun partiyasını da revanşist təşkilat adlandırmaq olar. Müxalifətçilikdə Müsavat və AXCP Azərbaycana nə veribsə, eyni nəticələri də Əli İnsanov əldə edəcək. Bundan uzağa gedə bilməyəcək. Ümumiyyətlə, Azərbaycanda revanşistlərin siyasi səhnədə olmalarının əleyhinəyəm. Çünki revanşizm demokratik islahatların qarşısında ən böyük maneədir”. (musavat.com)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top