Bir ildə “ASAN Xidmət”ə 9 milyondan çox müraciət daxil olub

SOSİAL 28 yan 2020, 22:56

“2019-cu il ərzində “ASAN Xidmət”ə 9 milyondan çox müraciət daxil olub. Gündəlik orta müraciət isə 30871 nəfərdir. Hər 2 nəfərdən birindən rəy sorğusu ala bilmişik. 99,3% məmunluq əmsalı meydana çıxıb. Sosial şəbəkədə də xidmətimiz aktivdir, səhifəmizin 500 mindən çox izləyicisi var”.

 

Bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, vətəndaşlar ən çox şəxsiyyət vəsiqəsi, notariat və pasport almaq üçün müraciət ediblər.

 

“Ötən il üçün yeniliklərdən bir də MyGov elektron şəxsi kabinet xidmətinin aktivləşməsidir.  Hər kəs bu kabinetdən xidmətlər, ödənişlər üçün istifadə edə bilər. “Asanvisa” vasitəsilə 95 ölkəyə elektron qaydada viza verilib, 920 mindən çox müraciət nəzərə alınıb. Tenderlərlə bağlı satınalmalar portalı istifadəyə verilib, 1555 açıq tender icra olunub. Burada şəffaf şəkildə 5 milyon manatdan yuxarı təqdim olunan satınalma əməliyyatları həyata keçirilir”, - Agentlik rəhbəri bildirib.

 

Ü.Mehdiyev qeyd edib ki, “ASAN Xidmət” indeksi vasitəsilə fəaliyyət operativ dəyərləndirilir: “Əmək münasibətlərinin monitorinqi mərkəzimiz də öz işini davam etdirir. Tikinti sahəsində aparılan monitorinqlərin nəticəsində tədbirlər görülüb, qeyri-formal əmək münasibətlərinin qarşısının alınması və əmək müqaviləsinin artırılmasına nail olmuşuq. Belə ki, monitorinqin nəticəsində 43 qayda pozuntusu aşkarlanıb, 47 şirkət ümumilikdə 454 min manat  məbləğində cərimələnib”.                                                                                                                                                                                                                                                                                            

 

“Startup layihələrə 830 min manat investiya cəlb olunub ki, onun 75%-i xarici vəsait hesabına formalaşıb. Ötən müddət ərzində 21 mindən çox gənc könüllü hərəkatına qoşulub, 550-dən çox sosial layihə reallaşdırılıb. 421 ailə “Abad” layihəsindən faydalanıb. Ötən il Türkiyə və Özbəkistanla əməkdaşlığa dair müqavilə imzalanıb. Orada da bizim model tətbiq olunacaq. ASAN Beynəlxalq Assosiasiyasının təsis edilməsi isə ötən ilin ən böyük uğurudur. 13 ölkə ilə memorandum imzalanıb. Dövlət xidmətlərinin elektron formada həyata keçirilməsində Azərbaycan təcrübəsindən istifadə ediləcək”, - sədr vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top