“SOCAR Trading” ən iri treydinq şirkətlərindən biridir — İlham Əliyev

İQTİSADİYYAT 28 yan 2020, 17:44

“Bu gün “SOCAR Trading” şirkəti ən iri treydinq şirkətlərindən biridir və onun satdığı neftin çox hissəsi Azərbaycanda hasil edilməyən neftdir”, - Azərbaycan Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Rusiyanın “Rossiya-24” telekanalına müsahibəsi zamanı bildirib.


Demokrat.az xəbər verir ki, bu sözlər jurnalistin Azərbaycanın Belarus Respublikasına neft göndərməsinin mümkünlüyü ilə bağlı sualına cavab olaraq söylənilib.


Dövlət başçısı qeyd edib ki, bir neçə il əvvəl ölkəmiz Belarusa neft tədarük edib, lakin sonradan proses Belarus tərəfinin təşəbbüsü ilə dayandırılıb. Ancaq bu gün yenidən prosesin bərpası zərurəti yaranarsa, “SOCAR Trading” asanlıqla bunun öhdəsindən gələ bilər.


Düzdür, əvvəlcə tərəflərin, daha doğrusu, müvafiq şirkətlərin qiymət, logistika və müqavilə öhdəlikləri ilə bağlı məsələlər razılaşdırılmalı və nəzərdən keçirilməlidir.


Azərbaycan Dövlət Neft Şirkəti bir neçə il əvvəl özünü qlobal və beynəlxalq miqyasda təqdim etdikdə, təkcə dünyanın müxtəlif ölkələrində neft emalı və neft-kimya zavodlarının inşası, həmçinin, yanacaqdoldurma məntəqələri şəbəkəsinə sahib olmağı nəzərdə tutan investisiya layihələrini deyil, həm də SOCAR-ın 2008-ci ildə yaradılan və mənzil qərargahı Cenevrədə yerləşən “SOCAR Trading” törəmə şirkətinin birbaşa işini də nəzərdə tuturdu.


İlk mərhələdə şirkət dünya bazarına Azərbaycanın yüksək keyfiyyətli yüngül neftini (Azeri Light) satırdı. Söhbət SOCAR-ın Türkiyədə Aralıq dənizindəki Ceyhan limanından xam neft ixacı həcminin əsas hissəsindən gedir.


Şirkət daha sonra böyüdükcə ABŞ, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Sinqapur və digər ölkələrdə nümayəndəliklər açdı və Avropa, Asiya və Amerika ölkələrinə çatdırılma coğrafiyasını genişləndirdi.


Bütün bu fəaliyyət illəri ərzində şirkət yalnız gəlirini artırmağı deyil, həm də tərəfdaşlıq fəaliyyətinin etibarlılığı sayəsində uzunmüddətli öhdəliklərini artırmağı da bacardı. “SOCAR Trading” işi elə düzgün qura bildi ki, uzun müddətdir nəinki Azərbaycan neftinin satışı ilə məşğul oldu, hətta bazar şərtlərinə uyğunlaşaraq işindəki prioritetləri dəyişdirə bildi, məsələn, mazutdan maye qaza yönəldi.


Elə buna görə də Prezident İlham Əliyev Azərbaycanın hər zaman istənilən tərəfdaş ölkəyə kömək əlini uzada biləcəyi və onu kifayət qədər yanacaqla təmin edəcəyi barədə fikirlərində bu qədər əmindir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top