6 yaşlı Məryəmin köməyinizə ehtiyacı var — MÜRACİƏT

SOSİAL 26 yan 2020, 20:35

Bir müddət əvvəl müalicələri davam etdirilən 2013-cü il təvəllüdlü Məryəm Abbasovanın səhhətində müəyyən irəliləyişlər yaranıb. 6 ilə yaxındır ki, serebral iflic xəstəliyindən əziyyət çəkən Məryəmin Rusiya və Litvada həyata keçirilən müalicələri öz müsbət nəticələrini verib. Artıq 6 yaşlı Məryəm yerimək üçün cəhd göstərməyə başlayıb. Həkimlər isə onun yeriyə bilməsi üçün müalicələrinin davam etdirilməsini məqsədəuyğun hesab edir.

 

Demokrat.az-ın xəbərinə görə, Bakı şəhər sakini Əzimova Lalə Məzahir qızı serebral iflic xəstəliyindən əziyyət çəkən 6 yaşlı övladının müalicəsinə lazım olan vəsaitin toplanması üçün imkanlı şəxslərə müraciət edib.

 
O, illərdir ağır xəstəliyə düçar olan qızının müalicəsinə və sağalmasına lazım olan vəsaitin toplanması üçün imkanlı şəxslərdən xahiş edib: “Qızım Məryəm serebral iflic xəstəliyindən əziyyət çəkir. Uşaq nə ayaqüstə dayana bilir, nə də yeriyə bilir. Bu müddət ərzində qızım Bakıdakı xəstəxanalarda müayinə və müalicə olunub. Amma bu müalicələr heç bir müsbət nəticə verməyib. Sonradan həkimlərin məsləhəti ilə uşağı Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin Sankt-Peterburq şəhərində yerləşən Q.İ.Turner adına Elmi-Tədqiqat Uşaq Ortopedik Klinikasına apardıq. Orada hər iki ayaqlarından axiloplastik və xarici artrodez əməliyyat olundu. Bundan sonra uşaqda müəyyən irəliləyişlər meydana gəldi. Amma əməliyyat edən həkimlər uşağın mütəmadi olaraq idman və hovuz reabilitasiya prosedurlarının keçməsinin vacib olduğunu dedilər. Bu reabilitasiyalar isə ən yüksək səviyyədə Litvanın Vilnus şəhərində, ya da Rusiyanın Sankt-Peterburq şəhərindəki uşaq reabilitasiya klinikalarında həyata keçirilir. 

2019-cu ildə aparılan müalicələrdən sonra qızım kömək vasitəsilə ayağa qalxıb addım atmağa başladı. Yəni ki, əllərindən tutub yeritmək istəyəndə addım atmağa çalışır. Bu irəliləyiş müalicələrdən sonra oldu. Amma müalicə davam etdirilməsə qızımın səhhətində geriləmələr olacaq. Həkimlər qızımın reabilitasiya proseslərindən sonra tam müalicə olunaraq ayağa qalxacağına və yeriyəcəyinə söz veriblər. Bu müalicənin xərcləri o qədər çox olmasa da, mənim maddi vəziyyətim buna imkan vermir. Çünki həkimlər qızımın ayağa qalxması üçün 30 min manat lazım olduğunu bildirdilər. Mən imkanlı şəxslərdən xahiş edirəm ki, övladımın müalicəsi və sağalmasına lazım olan vəsaitin toplanması üçün köməklik göstərsinlər”.
 

“Hər bir valideynin arzusudur ki, övladı yerisin, danışsın, desin, gülsün, məktəbə getsin. Mən də bir ana kimi bu gözəl günləri görmək istəyirəm. Ona görə də hər kəsdən xahiş edirəm ki, kimin gücü nəyə çatırsa, yardım etsinlər”, deyə Məryəmin anası bildirib.

 
Balaca Məryəmin sağalması üçün yardım etmək istəyənlər aşağıdakı bank hesabına pul köçürə bilərlər:

 
Kapital bank: 388 109 44005 79 88 22 121

 
Əlaqə nömrəsi: 055 679 35 88; 012 427 63 61 (Məryəmin babası Məzahir)
/Pravda.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top