Ermənistan mediası Polad Aslanovu niyə müdafiə edir? — Tanınmış vəkil şok faktlar AÇIQLADI

GÜNDƏM 25 yan 2020, 16:31

Tanınmış ictimai vəkil Samir Zeynalov dövlətə xəyanətdə ittiham olunan Polad Aslanovla necə tanış olması və onun tərəfindən üzləşdiyi hadisələrlə bağlı geniş açıqlama verib. 


Samir Zeynalov Demokrat.az-a göndərdiyi yazılı açıqlamasında Polad Aslanovun kimliyi, onunla tanışlığının səbəbləri, Polad Aslanovun Azərbaycana qarşı məkrli planları olan bəzi İran dairələrini necə təbliğ etməsi, onun haqqında erməni saytlarında çıxan müdafiə xarakterli yazılar, dövlətə xəyanət, başqasının şərəf və ləyaqətini alçatma, pul müqabilində sahibi olduğu xəbər saytından yazıları silmə, yalan xəbərlərin dərci ilə ictimaiyyətdə çaşqınlıq yaradan vəzifə saxtakarlıq əməlləri barədə qeyd olunur. 


Samir Zeynalovun fikirlərini ixtisar etmədən oxuculara təqdim edirik:


"Ötən ilin iyun ayında Dövlət Təhlükəsizlik Xidmətinin uğurlu əməliyyatı nəticəsində dövlətə xəyanət etmə əməli ilə həbs edilən “jurnalist” Aslanov Polad İsrayıl oğlu ilə qeyri-ünsiyyət xarakterli tanışlığım 11.04.2018-ci il tarixə təsadüf edir. Qeyd edilən tarixdə ictimai vəkil olaraq vətəndaşların üzləşdiyi müəyyən hüquqazidd əməllərin ictimailəşməsi istiqamətində Beynəlxalq Mətbuat Mərkəzində öz təşəbbüsümlə təşkil edilən mətbuat konfransında “jurnalist” Polad Aslanov və digər media nümayəndələri iştirak ediblər. Baş tutan həmin mətbuat konfransı Polad Aslanovun istifadəsində olan “xeberman” səhifəsində canlı olaraq yayımlanıb. 


19.04.2018-ci il tarixdə mən birinci mətbuat konfransında iştirak edən jurnalistlərə yenidən müraciət etməli oldum. Onların sırasında jurnalist Polad Aslanov və onun rəhbərlik etdiyi “xeberman.com” saytı da var idi. Saytın eyni adlı "facebook" səhifəsinə etdiyim müraciətə cavab verən bir xanım (Gülmirə Aslanova) Polad Aslanovun gözlənilməz şəkildə, qanunsuz olaraq hərbi xidmətə aparıldığını, lakin yaxın günlərdə geri qayıdacağını və yalnız geri qayıtdıqdan sonra qeyd etdiyim məsələnin ictimailəşməsində köməklik göstərə biləcəyini qeyd etdi. Daha sonra özünü Polad Aslanovun həyat yoldaşı kimi təqdim edən bu şəxsin Gülmirə Aslanova adlı şəxs olduğu mənə məlum oldu. Onun cavabından sonra mən Gülmirə Aslanovaya Polad Aslanovun üzləşdiyi problemlə bağlı hüquqi müstəvidə köməyimi təklif etdim. Gülmirə Aslanova isə köməyə ehtiyacının olmadığını, Polad Aslanovun işi ilə vəkil Bəhruz Bayramovun məşğul olduğunu, əlavə kömək lazım olduğu təqdirdə mənə mütləq müraciət edəcəyini bildirdi. 


13.06.2018-ci il tarixdə Gülmirə Aslanova mənə müraciət edərək bildirdi ki, Polad Aslanovun hüquqlarının müdafiəsi üçün müraciət etdiyi vəkil Bəhruz Bayramov ondan ilkin olaraq 150 AZN pul alsa da, heç bir zəruri iş görməyib. Odur ki, bu barədə Polad Aslanovla əldə edilmiş razılığa əsasən mənim köməyimə ehtiyac vardır. Daha sonra o, əvvəllər məndən şübhə etdiyini, bunun səbəbinin mənim DTX agenti ola biləcəyim ehtimalından irəli gəldiyini qeyd etdi. Mən onun bu absurd fikirinə aşkar şəkildə istehza ilə yanaşdım və onunla ünsiyyətim zamanı dəfərlə onun diqqətinə çatdırdım ki, Polad Aslanovun qanunsuz olsa da belə hərbi xidmətə göndərilməsində DTX faktoruna istinad etmək doğru deyil. Çünki ölkəmizin milli təhlükəsizlik mühitinə fasiləsiz olaraq mükəlləf olan bir qurumun primitiv işlərdə iştirakı, ölkə vətəndaşına qarşı qərəzli və qanunsuz münasibəti zamandan və şəxsdən aslı olmayaraq ağlabatan ola bilməzdi. Digər tərəfdən bu iddiaya əsas verən heç bir sübut  yox idi. Ehtimallara əsaslanan formal mülahizələr isə həmişə faydasızdır. 

 

Əlaqədar şəkil


15 iyun 2018-ci il tarixdən etibarən mən ictimai vəkil olaraq Polad Aslanovun hərbi xidmətdə üzləşdiyi problemlərin həlli ilə intensiv qaydada məşğul olmağa başladım. Qısa zamanda gördüyüm ümumi işlərin nəticəsi öz bəhrəsini verməyə başladı. Polad Aslanovun hərbi xidmətdə əsasən səhhəti və idman hazırlığı ilə bağlı üzləşdiyi problemlər öz həllini tapdı. 


Məzuniyyətə gəlməsilə bağlı süni problemlər yaşayan Polad Aslanov tərəfimdən görülən tədbirlər nəticəsində 2018-ci ilin oktyabr ayında 10 günlük məzuniyyətə buraxıldı. Lakin mən bundan bir müddət sonra xəbər tutdum. Çətinliklə də olsa mənim sayəmdə Bakıya məzuniyyətə gələ bilmiş Polad Aslanov etdiyim yaxşılığın müqabilində mənə adi təşəkkür etməyi özünə sıxşdırmamışdı. 


Hər şey təkcə qeyd edilən problemlərin aradan qaldırılması faktları ilə də məhdudlaşmırdı. Mənim müraciətlərim sayəsində Polad Aslanovun dişlərində mövcud olan ciddi stomatoloji problemdə öz həllini tapmışdı. Amma Polad Aslanov qeyd etdiyim kimi, bu əvəzedilməz yaxşılıqlarımın müqabilində mənə adi təşəkkür etməyi özünə sıxışdırmadı. Təbii ki, vaxtilə dövlətinə xəyanət etmiş bir şəxsdən yaxşı nəsə gözləmək, görmək sadəlöhvlük idi. 


Xüsusi olaraq qeyd edim ki, onun hüquqların müdafiəsinin maddi baxımdan qarşılığı ağlagəlməz dərəcədə çox münasib olmuşdu. Bundan başqa, Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanovanın mənə etdiyi əlavə müraciətlə mən “xeberman.com” saytının adından dələduzluq edən şəxsin əməlinin BMCQMİ tərəfindən ifşa edilməsində də rol oynadım və sayt gözlənilə biləcək təhlükələrdən xilas oldu. 

 


Qısa müddət ərzində Polad Aslanovun problemlərinin həll edilməsinə baxmayaraq, o, özü və Gülmirə Aslanova hərbi xidmətə göndərilmə aktının qanunsuz mahiyyətini DTX ilə əlaqələndirməkdə israrlı idilər. Bu isə məndə əsaslı şübhələrin yaranmasına zəmin yaratdı. Belə ki, dəfələrlə Gülmirə Aslanovaya DTX haqqında məlum böhtan xarakterli videomaterialların “youtube” portalından yığışdırılmasını tövsiyə etməyimə rəğmən o, bu tövsiyəmi qulaq ardına vururdu. Nəticə etibarı ilə isə Gülmirə Aslanova ilə aramda konfilikt yarandı. 


O, mənə qarşı qara piara başlayaraq adımı hər yerdə DTX agenti kimi qələmə verməyə, bununla da öz aləmində məni və DTX-nı nüfuzdan salmağa başladı. Halbuki, DTX agenti adlandırdığı şəxs, yəni, mən ictimai vəkil Samir Zeynalov ona və onun dövlətinə dönmədən xəyanət edən həyat yoldaşı Polad Aslanova heç kim etmədiyi və edə bilməyəcəyi yardımları etmişdim. Məlum konfiliktin gedişində Gülmirə Aslanova Polad Aslanovun razılığı ilə barəmdə hüquq-mühafizə orqanlarına şikayət etməkdən belə çəkinmədi. Bu barədə hətta özlərinin “xeberman.com” saytında gülünc və hiddət doğuran böhtanla zəngin  “Jurnalistin xanımı Baş Prokuror Zakir Qaralova və DİN naziri Ramil Usubova” başlıqlı  müraciət xarakterli yazı da dərc etdi. Mənim barəmdə başqa-başqa şəxslərin ona şikayət etdiyini yaydı, lakin həmin şəxslərin kimliyini ortaya qoya bilməyərək özünü mənəviyyatsız əməlləri ilə biyabır etdi.  


Öz həyat yoldaşının reket adlanmasına göz yuman Gülmirə Aslanova məni utanmadan, heç bir əsas göstərmədən "reket" adlandırmış və bundan mənəviyyatsızlığını rəhbər tutaraq çəkinməmişdi. Nəticə etibarı ilə onun barəmdə etdiyi əsassız şikayətlər və buna bənzər haqsız ictimai qaralama kampaniyası öz nəticəsini vermədi. 


Görünən o idi ki, mənim vətənimin, xalqımın, dövlətimin təhlükəsizliyində mətanətlə dayanan DTX-nı sona qədər israrla müdafiə etməyim adları çəkilən şəxslərin bədxah niyyət və komplekslərinin aşkara çıxmasına zəmin yaradaraq təsirli olmuş, qıcıq yaratmışdı. Bundan sonra  təsadüfi deyil ki, 30.01.2019-cu il tarixdə hələ Naxçıvanda “N” saylı hərbi hissədə hərbi xidmətə olan Polad Aslanov “30.01.2019”-cu il tarixdə, saat 10:00 radələrində “+994 36545661” nömrəsindən mənə zəng vuraraq mənim vaxtsız vəfat etmiş anamı və bacımı ağır küçə söyüşlərilə təhqir etdi. Haqq-namaz əhli olduğunu nümayiş etdirən, əslində isə bu əməlilə nə qədər mənəviyyatsız olduğunu isbat etməyi bacarmış Polad Aslanovun dövlətinə, vətəninə maddi maraqlar və digər təkliflər müqabilində xəyanət etməsi faktı nə təəccüblüdür, nə də qeyri-inandırıcı. Minimal olaraq mənim müşahidələrim, bilavasitə olaraq şahid olduğum faktlar və qeyd edilən ümumi gerçəkliklər bu barədə əsaslı mühakimə yürütməyə imkan verir. 

 


Bununla belə, Polad Aslanovun dövlətinə xəyanət etməsi faktlarını və edə bilməsi mənəvi-psixoloji məziyyətini media düşərgəsinin əksər nümayəndələri də təsdiq edirlər. Yetərli qədər faktların, bir-birini təkzib etməyən ittihamların olmasına baxmayaraq Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova öz məkirli və xəyanətkar düşüncəsinə sadiq qalaraq Dövlət Təhlükəsizlik Xidməti haqqında uzun müddətdir ki, qaralama kampaniyası aparır, fakt-sübut axtarır.  


Qeyd edilən iyrənc kampaniya Polad Aslanovun xəyanət əməlinə dair istintaqa həqiqəti əks etdirən ifadələr verən şəxslərin dairəsini də əhatə edir. Həqiqəti söyləməyə borclu olduğunu dərk edən şəxslərin şərəf və ləyaqətini Gülmirə Aslanova ilə bərabər ona dəstək verən anti-milli siyasətbazlar və radikal dini ünsürlər də alçaldır, onların ünvanına  bu minvalla təhqirlər yağdırılır. 


Məlum təəssüf doğuran situasiya isə ilk növbədə bu şəxslərin bilavasitə və dolayı yolla nökərlik etdiyi ağalarının maraqlarına xidmət edir. Bu yaxınlarda Azərbaycanla, Azərbaycan xalqının dünəni və bu günü ilə heç bir müsbət əlaqəsi olmayan İran generalı Qasım Süleymaninin ölümü Azərbaycanda İran xarici xidmət orqanlarının və dini idealoji təbliğatının təsiri altında olan şəxslərin ağlagəlməz dərəcədə çoxluq təşkil etməsini müəyyən etdi. Bu konteksdən yanaşma da Polad Aslanovun dövlətinə xəyanət etməsi riskinin kifayət qədər yüksək olduğuna dəlaət edə bilər. Əsaslı şübhələrlə heç kəsi ittiham etmək olmaz. Lakin Polad Aslanovun cinayət əməlinin konkret xronikasına diqqət yetirsək bu barədə əsaslı şübhənin deyil, əsaslı ittihamın və başqa bir cinayət əməlinin mövcud olduğunu görə bilərik. İstintaq prosesi başa çatdığından məlum olan yeni fakta əsasən blogger Dəyanət Babayev adlı şəxs Polad Aslanov tərəfindən məxfi əməkdaşlığa cəlb edilmək təşəbbüsü ilə onun tərəfindən ölümlə hədələnib. İstintaq orqanı tərəfindən Dəyanət Babayev təqsirləndirilən şəxs Polad Aslanova münasibətdə zərərçəkən şəxs qismində tanınıb. Göründüyü kimi ortada əsaslı şübhə yox, əsaslı ittiham vardır! 

 


Polad Aslanovun həbsindən sonra onun haqqında nüfuzlu erməni saytlarının müdafiə xarakterli yazılar dərc etməsi faktını da qeyd etməkdə fayda var: 


(armradio.am/az/ 16134, www.aravot-ru.am/2019/06/13/306376/,armenianreport.com/pubs/220089/, voskanapat.info/?p=35386&l=ru, armedia.am/rus/news/72443/azerbaiydzhanskogo-zhurnalista-arestovali-po-obvineniyu-v-gosizmene,verelq.am/ru/node/48450, yerkir.am/ru/news/view/176865.html, defacto.am/168528.html)  


Onun hazırkı vəziyyəti də məhz düşmən media düşərgəsinin diqqət mərkəzindədir. Qeyd edilən faktlara münasibətdə isə Gülmirə Aslanovanın özünün “facebook” səhifəsində və digər saytlarda Polad Aslanovu günahsız kimi qələmə verməsi, onun həbsinin jurnalist fəaliyyəti ilə əlaqədar olduğunu iddia etməsi, eləcə də DTX haqqında qərəzli və ləkələyəci ittihamlara üstünlük verməsi əməlləri haqq-ədalət, sağlam mənəviyyat, milli düşüncə və obyektivlik baxımından qəbuledilməzdir.  


Gülmirə Aslanova, Polad Aslanov və onların əməllərinə dəstək verən hər kəs bilməyə borcludur ki, Azərbaycan Respublikasının təhlükəsizlik mühiti onun suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, milli maraqları, davamlı inkişafı, əhalisinin rifah və dəyərlərinin qorunması  Azərbaycan dövlətinin məqsədi, mövcudiyyətinin təməl əsasıdır. Bu əsasın keşiyində mübarizcəsinə dayanan Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyət imicinə kölgə salmaq, Azərbaycan dövlətinin əlehinə maddi və şəxsi maraqlar müqabilində müxtəlif işlərin icrasına mükəlləf olmaq  milli maraqlarımız xaricində olan dövlətə xəyanət əməlidir.  


Bu nöqtəyi nəzərdən hesab edirəm ki, Azərbaycan dövlətinə özünün bədxah və mənəviyyatsız maraqları müqabilində xəyanət edən Polad Aslanovun əməllərinə məhkəmə ədalətli hüquqi qiymət verəcək. Məlum gerçəklikdən isə Gülmirə Aslanovanın və dövlətinə xəyanət etmə təşəbbüsündə ola biləcək ayrı-ayrı şəxslərin nəticə çıxarmasında yalnız  fayda var". 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top