Bərdə ölkənin ən inkişaf etmiş regionlarından birinə çevrilir

SOSİAL 24 yan 2020, 18:06

Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və xüsusi qayğısı nəticəsində ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə artan dövlət qayğısı, iş yerlərinin açılması keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Yeni mərhələ deyərkən təbii ki, prezidentin son iki ildə ardıcıl və sistemli şəkildə həyata keçirdiyi siyasi, iqtisadi, sosial və dövlət strukturunun daha da təkmilləşdirilməsi üçün həyata keçirilən geniş miqyaslı islahatlardan söhbət gedir. Bu islahatlar təkcə paytaxt Bakının deyil, bütün regionları inkişafı üçün böyük önəm kəsb edir.


Aparılan islahatların və düzgün siyasi kursun nəticəsində ölkəmizin bütün rayonlarında inkişaf dinamikası hiss olunmaqdadır. Və həqiqət naminə onu da deməliyik ki, bu inkişaf dinamikasının ən çox hiss olunan rayonlarından biri də Bərdədir. Həyati əhəmiyyətli problemlərin aradan qaldırılması, kənd təsərrüfatı məhsullarının istehsalında irəliləyiş, sənaye, tikinti, nəqliyyat və rabitə sahələrindəki inkişaf, yeni xidmət və digər infrastruktur obyektlərinin istifadəyə verilməsi, məşğulluğun səviyyəsinin yüksəldilməsi və digər zəruri tədbirlərin həyata keçirilməsi prosesində Bərdə son illər ön mövqeyə çıxıb və ümumilikdə demək olar ki, ölkənin ən sürətlə inkişaf edən rayonlarından birinə çevrilib.


Bu inkişafı hər bir bərdəli hiss elədiyi kimi, kənardan gələn qonaqlar da hiss edirlər. Çünki Azərbaycanın ən qədim və tarixi diyarlarından biri olan Bərdənin müasir gözəlliyi bu gün göz oxşayır. Rayonun gözəlliyi və yenidən qurulan infrastrukturu, o cümlədən sosial inkişafı ətraf rayonlardan fərqlənir. 
 

Hələ sovet dönəmində Azərbaycanda Kənd Təsərrüfatının, xüsusən də pambıqçılığın inkişafında xüsusi yer tutan Bərdə bu gün də Azərbaycanda pambıqçılığın mərkəzi hesab olunur. Son illərdə prezident İlham Əliyevin Kənd Təsərrüfatının inkişafında pambıqçılığa verdiyi önəm hamıya aydındır və son bir neçə ildə Azərbaycanda adıçəkilən sahənin sürətli inkişafı da bunun bariz nümunəsidir. Bərdə isə SSRİ dönəmində olduğu kimi, bu gündə Azərbaycan pambıqçılığının mərkəzidir. 


Son illərdə rayonda təkcə pambıqçılıq inkişaf etməyib. Eyni zamanda, rayonda bostan, tərəvəz, şəkər çuğunduru, günəbaxan əkininin sahəsi xeyli genişlənib. Ardıcıl olaraq həyata keçirilən məqsədyönlü təşkilat-təsərrüfat və sosial quruculuq tədbirləri nəticəsində iqtisadiyyatın əsas sahələri üzrə ahəngdar inkişafa nail olunub. 


Qeyd etmək lazımdır ki, əvvəlki illərdə rayon iqtisadiyyatının əsas sahəsini kənd təsərrüfatı təşkil edirdisə, indi bununla yanaşı, digər sahələr, xüsusilə tikinti-quruculuq işləri də genişlənir. Bu gün hər bir bərdəli fəxrlə rayonda aparılan quruculuq və yenidənqurma işlərinin aparılmasından danışır. 


Həyata keçirilən aqrar islahatlar nəticəsində torpaq və əmlakın özəlləşdirilməsi, uzunmüddətli kreditlərin verilməsi, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, buğda və digər kənd təsərrüfatı məhsulları istehsalçılarının maddi marağının təmin edilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına əkilən hər hektara görə yardım verilməsi kənd təsərrüfatı məhsulları istehsalçılarının marağını daha da artırıb. Bərdəlilər özləri deyir ki, düzgün aparılan ardıcıl siyasət nəticəsində onların həyat şəraiti durmadan yaxşılaşır və bunu onlar hər il daha çox hiss edirlər. 


Qeyd edək ki, Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətini də məhz regionların sosial-iqtisadi inkişafı və əhalinin həyat yüksəlişinin davamlı təmin edilməsi təşkil edir. Bu baxımdan deyə bilərik ki, Bərdə də aparılan düzgün siyasət məhz Prezident İlham Əliyevin fəaliyyətinin reallaşmasına hədəflənib və bu baxımdan rayon rəhbərliyinin səmərəli faliyyəti ancaq təqdir olunmalıdır. Yaradılan əlverişli şəraitin nəticəsidir ki, hər bir bərdəli həyat şəraitində baş verən müsbət dəyişiklikləri hiss edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top