Gəncədə namizədliyinə maneələr yaradılan Müzadil Həsənov MÜRACİƏT YAYDI

SOSİAL 23 yan 2020, 20:18

Gəncə şəhəri 38 saylı Nizami ikinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınsa da, sonradan əngəllərlə qarşılaşan Müzadil Həsənov müraciət yayıb.


Demokrat.az xəbər verir ki, "ikili vətəndaş" bəhanəsi ilə namizədliyinə süni maneələr yaradılan M.Həsənov məsələnin hüquqi müstəvidə müsbət həll olunacağına ümid edərək öz mübarizəsini davam etdirməkdədir. 


M.Həsənovun sözügedən müraciətini olduğu kimi təqdim edirik: 

 

"Dəyərli dostlarım, hörmətli isləyicilərim, əziz seçicilərim!


Namizədliyimin, lazımı araşdırma aparmadan, qanuna zidd şəkildə ləğv edilməsindən sonra özümə və yaxınlarıma yüzlərlə, bəlkə də minlərlə zəng, mesaj ünvanladınız, narahatlığınızı, dəstəyinizi ifadə etdiniz.


Bu möhtəşəm dəstək üçün hər birinizə bütün varlığımla təşəkkür edirəm!!!


Bir çox zənglərə və mesajlara fiziki olaraq cavab verə bilmədiyim üçün üzrlü saymanızı rica edirəm!


Bütün bunlarla yanaşı istəyirəm biləsiniz ki, mən konstitusion hüququm bərpa edilməsi üçün bir gün belə dayanmamışam və qanuni mücadiləmi sona qədər davam etdirməyi öz ləyaqətim qarşısında və sizlərin etibarı qarşısında özüm üçün borc bilirəm. Bu yolda qanunla nəzərdə tutulan bütün lazımı prosesual hərəkətləri keçərək, dünən MSK-nın son qərarından Bakı Apellyasiya Məhkəməsinə namizədliyimin bərpası ilə bağlı iddia ərizəsi ilə müraciət etdik.


MSK-nın rəsmi sorğu əsasında almalı olduğu, lakin nədənsə almadığı Rusiya vətəndaşlığımın olmaması faktı haqda rəsmi arayışı da öz təşəbbüsümlə Rusiya Federal Miqrasiya Xidmətindən alıb, artıq məhkəməyə təqdim etmişəm. Tanıdığım ən təcrübəli hüquqşunasların yekdil fikri ilə bu arayış təkzibedilməz və mötəbər dəlil olaraq namizədliyimin dərhal bərpasına hüquqi əsas yaradır.


Paralel olaraq, mən ölkə prezidentinə və 1-ci vitse-prezidentə problemin məğzi ilə bağlı məlumat verib, məsələnin ədalətli həll edilməsi üçün öz nəzarətlərinə götürməyi xahiş etmişəm və ilkin reaksiya da artıq var...


Bu gün axşam saatlarında Bakı Apellyasiya Məhkəməsində məsələyə baxılacaq və ümid edirəm ki, ədalət yerindəcə bərqərar olacaq və ölkə rəhbərliyinin son bəyanatlarına kölgə salınmayacaq!


Bir daha bəyan edirəm ki, mən hər zaman dövlətimizin, dövlətçiliyimizin yanındayam və bu yola sırf ölkə rəhbərliyinin bəyan etdiyi yenilənməyə, islahatlara Gəncədə dəstək olmaq üçün çıxmışam.


Bu yolda da dövlət başcısı qeyd etdiyi kimi hakimiyyət daxilində yer alan və islahatlara maneələr törədən qüvvələrin ifşa olunması üçün ictimai mübarizəmi hüquqi müstəvidə sona qədər davam etdirəcəm!".

 

Qeyd edək ki, Gəncə şəhəri 38 saylı Nizami ikinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Naqif Həmzəyevdir. Növbədənkənar seçkilərə qədər də Milli Məclisin bu dairədən üzvü Naqif Həmzəyev idi. 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top