Ali Məhkəmə bağça müdiri ilə bağlı qərar çıxardı

SOSİAL 23 yan 2020, 18:18

Bakıda səhlənkarlıqda təqsirləndirilən “Kids studio” uşaq bağçasının müdiri Nigar Müseyibovanın barəsində olan bəraət hökmündən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protestinə baxılıb.


Demokrat.az xəbər verir ki, Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 


Qərara əsasən, prokurorun kassasiya tələbi təmin edilməyib. Yasamal Rayon Məhkəməsinin hökmü ilə uşaq bağçasının müdirinə bəraət verilib. 


Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Protest təmin edilməyib.


2018-ci il iyununun əvvəllərində Yasamal rayonunda yerləşən “Kids Studio" Uşaq Mərkəzinin bağçasında tərbiyəçi Firuzə Tağıyeva uşaqlara qarşı zorakılıq törədib. Bu barədə videogörüntülər sosial şəbəkədə yayılandan sonra F.Tağıyeva barəsində cinayət işi başlanılıb. 


Yasamal Rayon Məhkəməsinin hökmü ilə F.Tağıyevanın barəsində CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona bir il sınaq müddəti təyin olunmaqla barəsində şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.


Daha sonra valideyinlərin şikayəti əsasında N.Müseyibova barəsində də cinayət işi başlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin (CM) 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işi üzrə üç nəfər şəxs zərərçəkmiş qismində tanınır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top