"Konyakın qəlyanaltısı pomada dəyməmiş qız dodağıdır" — Tahir Əmiraslanov

MÜSAHİBƏ 22 yan 2020, 23:00

Mili Kulinariya Mərkəzinin rəhbəri, Azərbaycanın əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanovun “Qafqazinfo”ya müsahibəsi

 

 

- Tahir bəy, “Azərbaycan mətbəxində dolma. 381 növ” dünyanın ən yaxşı kulinariya kitabı seçilib. Təbrik edirik.

 

 - Belə bir kitab Ermənistanda çıxsaydı və dünyada birinci olsaydı, nə baş verərdi? Mən kənar, müəlliflərə heç fəxri fərman da verilməyib. Mükafat nöqteyi nəzərdən demirəm. Hər yerdə göstərmək, yaymaq, müxtəlif dillərdə tərcümə etmək lazımdır. Kulinariya və mədəniyyət sahəsində bir abidə olmaqla bərabər, siyasi-iqtisadi əhəmiyyat kəsb edir. Biz heç nə istəmirik, silah vermişik, amma istifadə edə bilmirlər. Biz kitab üçün nələrsə istəmirik. Təkcə arzumuz bütün dünyada yayılmağıdır.

 

- Azərbaycanda 4 minə yaxın xörək növü müəyyənləşdirilib. Onun elə 381-dən çoxu dolmadır. Amma diqqət yetirsək, bu yeməklərin hamısı tarixi yeməklərdir və uzun müddət bundan əvvəl resepti müəyyənləşəndir. Nədənsə milli- müasir yeməklərə az rast gəlinir.

 

- Niyə? Kartof içli yeməklər müasir yeməklər sayılır. Bundan əlavə, 16 əsrədək hinduşka yeməkləri yox idi. Daha sonra yayılmağa başladı. Qarğıdalı, pomidor məhsullarından hazırlanan xörəklər də müasirdir. Bir xörəyin yaranması üçün 100-150 il lazımdır. Yemək millət arasında bərkiməlidir, yayılmalıdır və evdəki qız xörəyi özü ilə götürüb ərə getməlidir. O, başqa evdə həmin yeməyi bişirməlidir. Onun nəvəsi də başqa evə… 1 dəqiqəlik olan şeylər deyil. Xörəklər qədim olduğu qədər də müasirdir. Texnologiya qədim olur, təzə gələn ərzaqlarla adaptasiya edib istifadə olunur. Bunların hamısı tarixi proseslərdir və qanunauyğunluqlarla həyata keçirilir. İndi restoran biznesləri də eynidir. Hamısı eyni yeməkləri bişirirlər. Avropadan gələn Bakıda Avropa yeməkləri yemək istəmir. Otellərdə Azərbaycan xörəkləri təqdim olunmur.

 

Təhsil sistemində xörəklər təhrif olunmuş formada öyrədilir. Bunlar da biznesə təsir göstərir. Məsələn, İçərişəhərdə fəsəli yemək üçün yaxınlaşdım. Mənə blinçik verdi. Deyirəm ki, bu fəsəli deyil! Cavab verir ki, fəsəli belə olur. Məlum olur ki, peşə məktəbində təhsil alarkən nazirliyin təsdiqlənmiş dərs materiallarından istifadə olunub və blinçik tərcümədə fəsəli kimi tədris olunur. Mətbəxin evini yıxırlar. Ortaya sous adlı yemək soxuşdurublar. Sous yeməyə əlavədir. İndi savadsız aşpazlar, savadsız müəllimlər bozartmanı sous etdilər.

 

- Maraqlıdır, restoranları tənqid edirsiz. Toylara gedəndə nə edirsiz? Çox insan şadlıq saraylarının təqdim etdiyi qidalardan narazıdır.

 

- Toya gedəndə hər şeyi yeməliyik? Canınıza yazığınız gəlmir? Mən aşpazların az müdaxilə etdiyi yeməkləri yeyirəm. Tərəvəz salatı, kabab və s. ola bilər. Doğranmış ət məhsullarından qidalanmıram. Kəsmikli blinçiki də misal çəkə bilərəm. Blinçik eyni yağda 10-50 dənə bişirilməlidir. 100-ü aşandan sonra insanda xərçəng yaradır. Savadsız aşpaz yağı vaxtlı- vaxtında dəyişmir və insan qidanı qəbul edəndən sonra mədəsində qıcqırma olur. Toydan sonra xüsusi ağırlıq yaranır, 4-6 saatdan sonra qan mədə-bağırsaq sisteminə yaxınlaşır və sakitləşirsən. Özü də axşam vaxtı bu qədər yemək olarmı?

 

- Son zamanlar hamı dietoloqla çalışır, hamı bir cür pəhriz proqramından istifadə edir.

 

- 38 min pəhriz proqramı var, yazsınlar. Baxın, hər kəsin bir məcazı var. Biri melanxolikdi, digəri xalkorikdir. İkincisi, gün ərzində çox işləmisiz, metal əridibsiz. Enerji yoxdur, yemək yeməlisiz. Bu, normal prosesdir. Tarixən də insanlarımız gün ərzində nə qədər enerji itirirdisə, bir o qədər də qida qəbul edirdilər. İndi səhər 5-də bir boşqab xaş yemək olar? İki qaşıq yeyib dayandırmalısan. Əgər bir boşqab xaş yeyib kabinetde hərəkət etmədən oturacaqsansa, mədə-bağırsaq xəstəliyi tutacaqsan. Nə qədər itirirsənsə, o qədər də qazanmalısan. Bunları öyrətmək vacibdir. Yeməklərdən ləzzət almaq lazımdır. Bir paxlavadan zövq almayan bir neçəsini yeyir. İbn Sina deyib ki, yeməyi için, suyu çeynəyin. Paxlavanı bütöv udub mədə ağrısından gileylənirlər.

 

- Yeməkdən zövq almağı tövsiyə etdiz. Bir sual verim. Yeməklə xoşbəxtlik arasında bağ varmı? Yemək yeməklə xoşbəxt olduğunu deyən insanlar var.

 

- İnsan ana bətnində olarkən birinci qida borusu yaranır. Sonra bunun yanında onurğa sütunu və baş əmələ gəlir. Qida borusu baş beyinə zoğ atır, bədən formalaşır. Beyini də idarə edir. Qida borusundan ürək, böyrəklər və digər orqanlar yaranır. Bununla ləzzət də vermək, zülm də etmək olar. Bir az bərk yemək qəbul edəndə qəbz olursan. Əsəb və qıcıq yaranır, özünü yaxşı hiss etmirsən. Bütün bunların kahinləri aşpazlardır. Biz insanların kefini də aça və korlaya bilərdik. Rəssamlar 7 rənglə, musiqiçilər 7 notla, parfumerlər 7 ətirlə əhvalınızı dəyişirlər. Biz isə 7 rəng, 7 dad, 7 ətir, 7 təmas və 7 səslə təsir göstəririk, şüuru idarə edə bilərik. Əsl hipnozu biz yaradırıq. Amma bu işin mütəxəssisi olmaq lazımdır.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top