Bakıda 8 prokurorluq əməkdaşı cəzalandırıldı

SOSİAL 22 yan 2020, 20:27

2018-ci ildə şəhər ərazisində prokurorluq və polis orqanları üzrə 11813 hadisə qeydə alındığı halda, 2019-cu ildə 637 hadisə, yəni 5,4%  azalaraq 11176 hadisə olmuş, onların açılma faizi 0,4 % azalaraq 79,8 %, ağır və ya xüsusilə ağır cinayətlərin sayı 30 hadisə və ya 2,3 % azalaraq 1278 olub.

 

Demokrat.az xəbər verir ki, bunu Bakı şəhər prokuroru İlqar Abbasov bu gün keçirdiyi əməliyyat müşavirəsində bildirib.

 

Müşavirədə cinayət hadisələrinin sayının azalması müsbət göstərici kimi qiymətləndirilsə də, cinayətlərin açılma faizinin azalması ciddi nöqsan kimi vurğulanaraq bağlı qalan cinayətlərin açılması üçün zəruri olan istintaq-əməliyyat və axtarış tədbirlərinin həyata keçirilməsi tələb edilib.

 

Bildirilib ki, 2019-cu ildə qeydə alınmış 66 qəsdən adam öldürmə cinayətinin (2018-ci ildə 66 hadisə) 1-i istisna olmaqla, habelə 26 qəsdən adam öldürməyə cəhd cinayətinin (2018-ci ildə 32 hadisə) hamısının açılması təmin edilib.

 

2018-ci illə müqayisədə hesabat dövründə quldurluq hadisəsi 3 hadisə az, yəni 73 hadisə qeydə alınmış, onlardan 8-i bağlı qalıb.

 

Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 2018-ci illə müqayisədə 6 fakt azalaraq 206 olub, onlardan 2-i bağlı qalıb.

 

2019-cu ildə şəhərin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilmiş işlərin təhlili göstərir ki, prokurorluqda icraatda olan 1027 işdən 534-ü, daxili işlər orqanlarının istintaq qurumlarının icraatında olan 12163 cinayət işindən 4207-nin istintaqı tamamlanıb.

 

Əməliyyat müşavirəsində prokurorluq orqanlarında ziyanın ödənilməsi vəziyyəti qənaətbəxş hesab olunsa da, ibtidai araşdırma zamanı dəymiş ziyanın ödənilməsi göstəricisinin artırılması üçün zəruri tədbirlərin vaxtında görülməsi, cinayət yolu ilə əldə edilmiş əmlakın axtarılıb tapılması üçün intensiv istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi tapşırılıb.

  

Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı nöqsanlar da diqqətə çatdırılıb. Bununla yanaşı, qəsdən adam öldürmə, quldurluq və yol nəqliyyat hadisələrindən bağlı qalan  cinayət faktlarının, eləcə də bağlı oğurluq hadisələrinin tezliklə açılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi, habelə axtarışda olan, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi zamanı yol verilmiş nöqsanların aradan qaldırılmasının zəruriliyi vurğulanıb. Eyni zamanda, istintaq və təhqiqat fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları, süründürməçilik halları ətraflı təhlil edilməklə gələcəkdə təkrarlanmaması ilə bağlı konkret tapşırıqlar verilib.

 

Əməliyyat müşavirəsində qeyd olunub ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb.

 

Hesabat dövründə Baş prokurorun müvafiq əmrləri ilə şəhər prokurorluq orqanlarının 8 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, onlardan 3 nəfərə şiddətli töhmət, 5 nəfərə isə töhmət elan olunub.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top