Dövləti xərçəng xəstəliyinə yoluxdurmaq olmaz! – ELDAR SABİROĞLU YAZIR

Gizlətməklə iş düzəlməz. Etiraf edin ki, anlaşılması çətin olan bir məmləkətdə ömür sürürük. Qanunları ucuzlaşdıra-ucuzlaşdıra son mənzilə yaxınlaşdırırıq. Niyə belə olur? Axı, qanun dövlətin qan damarıdı. Bu qana çirkab qatıb dövləti xərçəng xəstəliyinə yoluxdurmaq olmaz! Yıxılar, sonra müalicəsinə dərman tapılmaz. Yolun yarısından çoxunu getsəniz də geri dönməyə hələ ki vaxt tam tükənməyib.


Sözlərim anoloqu olmayan, həm də "siyasi uzaqgörənlikləri" sirkə küpəsi tək qıcqıran "idioloqlarımıza" xoş görünməyəcək.


Ən azından ermənipərəst damğası hazırdır. Bundan qurtarsaq, şükür edərdik. Xalq ücün də, dövlətin, Prezidentin özü üçün də onlar bir bəladırlar. İşləri, peşələri yalnız danosçuluqdan, ev yıxmaqdan, baş kəsməkdən və digər yaramaz hərəkətlərdən ibarət olan bu adamların sədaqəti(!) də saxtadır. Birinci satan elə onlar olacaqlar. Çünki şəxsi maraq belələri üçün hər şeyin fövqündə durur.


Dini-imanı yalnız pula dayananın etibarı olmaz. Portretləri baş üstünə asıb, talançılıqla məşğul olanlar ən böyük xəyanətkarlardı.


Mingəçevir İES-lə bağlı keçirilən müşavirə bizim təsəvvür edə bilmədiklərimizi də açıb göstərdi. Prezidentə yalan danışan nazirin cəzası oradaca verilməli idi. Lakin boş buraxıldı. Ona görə də arxayındılar... Başqa nümunələr də var.


Keçmiş Rabitə Nazirliyində baş verən cinayətləri yəqin ki, unutmamısınız. Buradakı ağlasığmaz talanları dilə gətirməyə adam sadəcə utanır. Bəs MTN-dəki rüşvətxorluğu, şantaj yolu ilə insanların var-dövlətini əlindən alıb, yüzlərlə ailəni gözüyaşlı qoyan "qəhrəman çekist"lərimizin qaralmış vicdanları üzərindəki ləkələri necə təmizləyək?! Buna baxmayaraq, hər iki qurumun rəhbəri azadlıqdadır.


Təsəvvür edin, RN-də yulsək vəzifəli şəxslər 30-50 min civarında paketli maaş alırmışlar. Burnunuzdan zədən-zədən gəlsin. Hardan idi bu pullar? Göydənmi yağırdı? Yox. Sovrulan dövlətin vəsaiti idi.
Bir boynuyoğun yüzlərlə müəllimin ilboyu aldığı maaşdan aylıq daha çox maaş "alırmiş". Nazir müavinləri də eyni məbləğdə aylıq maaşla təmin olunurmuşlar. Beləliklə, uzun-uzadı istintaq getdi, məhkəmə quruldu. Həbsə atılanlar oldu, hətta bir neçəsinin cəzasını yüngülləşdırdilər, bəzilərinə isə heç gözün üstə qaşın var deyən olmadı. Sonra da açıb buraxdılar. Təbriklər! Çox əla! Ölkədəki ədalətin, qanunun üstünlüyünü anladığınız tərzdə bu cür də qorumaqda davam edin. Xeyir Allahdan!..


Məmləkətdə birisi milyonlarla oynayır, dəyib dolaşan yoxdur. Birisini isə 3-4 min manata görə (halbuki bu da olmayıb) xirtdəyini üzüb nəfəsini kəsirlər. Oğlum olduğuna görə demirəm. Şərlənərək 9 il azadlıqdan məhrum edilən müstəntiq Rüfət Səfərov hansı günahın sahibi idi ki, onunla bu cür qəddarcasına davrandılar. İqtidarın yaralı yerinə toxunmuşdu, ona görəmi? Bəli, müstəntiq günaha "batmışdı".


Ölkədəki qanunsuzluqlara, rüşvətxorluğa, korrupsiyaya etirazın cavabın nə ilə qurtaracağını öncədən gözardı etməliydi. Rəhmətliyin nəvəsi, sənin nəyinə qalmışdı ki, günün günorta çağı bu hökumətin qüsurlarını deyib də, özünü bəlaya salasan. Başını aşağı salıb, sən də bir yandan xımır-xımır işini görəydin...

 

Eldar Sabiroğlu,
Demokrat.Az

25 İyul 2018, 15:42   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß