"20 Yanvar faciəsinin müasir Rusiya ilə əlaqəsi yoxdur" — Polad Bülbüloğlu

SİYASƏT 20 yan 2020, 22:48

Azərbaycanın Rusiyadakı səfirliyində 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım mərasimi keçirilib.

 

Tədbirdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu 20 yanvar faciəsinin tarixi haqqında məlumat verib.

 

Bildirib ki, 30 il bundan öncə ölkə üzərində siyasi nəzarətini itirən Sovetlər İttifaqı rəhbərliyi Azərbaycan paytaxtında dinc əhali üzərində misli görünməmiş qisas əməliyyatı həyata keçirib: ”20 yanvar gecəsi Sovet ordusunun bəlli olmayan bölmələri Bakıya yeridildi. Hərbi kontingent beynəlxalq konvesniya ilə qadağan olunmuş gülələrdən istifadə etdi. İnsanları tankla və digər ağır texnika ilə əzərək üstündən keçdilər. Hətta təcili tibbi yardım maşını tankın altında qalmışdı, həkimlər həlak olmuşdular".

 

Səfir 20 yanvar gecəsini qorxulu Varfolomey gecəsi adlandıraraq dinc insanlara odlu silahdan atəş açıldığını xatırladıb: “Bəzən deyirlər ki, sovet hakimiyyətinə qarşı müəyyən axın vardı, lakin nə bir siyasətçi, nə də bir fəal həmin gecə xəsarət almamışdı. Müxtəlif millətlərdən olan sadə insanlar, qadınlar, uşaqlar, qocalar xəsarət almışdılar. Həmin qorxulu gecədə azərbaycanın dinc sakinləri müasir Azərbaycan dövlətinin müstəqilliyi və azadlığı üçün canlarından keçdilər”.

 

Diplomat 1990-cı il yanvarın 21-də Azərbaycanın dahi siyasətçisi Heydər Əliyevin öz həyatını təhlükəyə ataraq Moskvadakı daimi nümayəndəliyə gələrək Sovetlər İttifaqı rəhbərliyini qınadığını xatırladıb: “Heydər Əliyev baş verənlərə ilk siyasi qiyməti vermişdi və faciənin günahkarlaırnın cəzalandırılmasını tələb etmişdi”.

 

P.Bülbüloğlu çıxışında anım tədbirində iştirak edən səfirlərə, Dövlət Dumasının deputatlarına, Rusiyanın tanınmış adamlarına təşəkkürünü bildirib: “Azərbaycan heç bir halda bu cinayəti müasir demokratik Rusiya ilə əlaqələndirmir. Bu, Sovetlər İttifaqında baş verib, bu qərar Sovetlər İttifaqının rəhbərliyi, Qorbaçov tərəfindən qəbul olunub. Bu cinayət heç vaxt unudulmayacaq”.(APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top