20 yanvarın şahidi: "Dinc sakinlərə atəş açır, kiminsə yaralanmasına yaxud ölməsinə fikir vermirdilər"

GÜNDƏM 20 yan 2020, 10:16

1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

 

Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.

 

20 yanvar hadisələrinin canlı şahidi Mənsur Qocayev o müdhiş faciə ilə bağlı yaşantılarını bölüşüb.

 

Mənsur Qocayev deyir ki, dinc insanlara atəş açılacağını heç kim gözləmirdi:

 

"1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıda silahsız olduğumuz halda bizi gülləbaran etdi. Sovet əsgərləri həmin gecə tankları əliyalın əhalinin üstünə sürürdü. O anları xatırlamaq dəhşətdir. Yanvarın 17-dən küçələrə çıxırdıq, etiraz edirdik. Yolları bağlamışdıq, xalq etiraz edirdi. Yanvarın 19-da gecə saat 12-də Biləcəri istiqamətindən tanklar şəhərə daxil olmağa başladılar. Bir də baxdıq ki, dəbilqəli əsgərlər "Şamaxı yolu" istiqamətindən üstümüzə gəlirlər. İnanmırdıq ki, bizə güllə atarlar. Təxminən 50 metr məsafə qalmış başladılar insanlara atəş açmağa. Əsgərlər avtomatla bizi güllə yağışına tutdular. Yanımızdakı 16 mərtəbədən kimsə aşağı nəsə atdı. Bunu görən əsgərlər binanın həmin mənzilini pulemyotlardan atəşə tutdu. Demək olar ki həmin mənzil tam dağıdıldı".

 

M. Qocayev deyir ki, əsgərlər dayanmadan dinc sakinlərə atəş açır, kiminsə yaralanmasına yaxud ölməsinə fikir vermirdilər:

 

"Bir də gördüm, ayağım istiləndi. Baxdım ki, ayaqqabım da cırılıb və ayağımdan qan axır. Əsgərlər isə yaralıları çıxarmağa da imkan vermirdilər. Təcili yardım avtomobilləri bizə yaxınlaşa bilmirdi. Əsgərlər yaralıları götürmək istəyən təcili tibbi yardım avtomobillərini atəşə tuturdular ki, geri qayıtsınlar. Məni zorla güllənin altından çıxarıb Respublika Klinik Xəstəxanasına gətirdilər. Xəstəxana dəhşət idi. Yaralılar və şəhid olanlar xəstəxananın koridorunda düzülmüşdü, yerimək mümkün deyildi. Onları görəndə öz yaram yadımdan çıxdı və xəstəxanada qalmadım. İlkin tibbi yardım göstəriləndən sonra qonşularımın köməyi ilə evə gəldim. Bir gün sonra xəstəxanada əməliyyat olundum və güllə ayağımdan çıxarıldı".

 

Hazırda əlil olan M. Qocayev deyir ki, həmin gün Azərbaycanın qeyrətli oğulları ölkə üçün şanlı tarix yazdı:

 

"Həmin gecə xalqımızın mərdliyinin və qorxmazlığının şahidi oldum. İnsanlar tanklardan, silahlı dəstədən, atəşdən qorxmadan küçələrə çıxdı, azadlıq tələb etdi. Mən həmin etiraz aksiyasında iştirak etdiyim və Azərbaycanın şərəfli övladlarını tanıdığım üçün fəxr edirəm. Bu gün də dostlar, tanışlar məni 20 yanvar hadisələrinin şahidi kimi tanıyır və hörmət edirlər. 3-cü qrup əliləm, hazırda "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində işləyirəm".

 

20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. (Trend)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top