"Xəzərlə Qara dənizin birləşdirilməsi Azərbaycana nə vəd edir?" – Natiq Cəfərli

İQTİSADİYYAT 17 yan 2020, 20:15

Avrasiya" kanalı layihəsi reallaşdırılsa, bunun Azərbaycan üçün böyük üstünlükləri olacaq".

 
 
Bunu iqtisadçı ekspert Natiq Cəfərli Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin Xəzər Dənizi ilə Qara Dənizin kanal vasitəsilə birləşdirilməsi təklifinə münasibət bildirərkən deyib. Qaynarinfo-ya açıqlama verən ekspert layihənin cəlbedici göründüyünü, lakin bir o qədər də ambisioz və problemli olduğunu diqqətə çatıdırıb:
 
 
"İlk növbədə bu kanalın ümumilikdə maya dəyərinin hesablanması və hansı müddətdə həyata keçirilə biləcəyi maraqlıdır. Bunun bir iqtisadi pasportu çıxarılmalıdır ki, maliyyə mənbələrinin tapılıb-tapılmayacağı ilə bağlı müzakirə açmaq mümkün olsun. Bildiyim qədərilə, çox çətin layihədir və böyük maliyyə resursu tələb edir. Hətta bir neçə il əvvəl hesablamalar var idi ki, təxminən 60-80 milyard dollar həcmində vəsait lazımdır. Həmçinin kanalın ən optimal marşrutu üzrə də çox sayda təbii maneələr var. Ona görə də maliyyə vəsaitinin hansı ölkələr tərəfindən və necə qarşılanması ciddi məsələdir. Amma bu reallaşdırılsa, Azərbaycan üçün də böyük üstünlükləri olacaq. Çünki Azərbaycanın dənizə birbaşa çıxışı yoxdur. Bu mənada Gürcüstandan kifayət qədər asılı vəziyyətdəyik. İdxal olunan məhsulların böyük əksəriyyəti öncə Gürcüstan portuna, ordan da dəmir yolu və ya avtomobil yolu ilə ölkəmizə gətirilir. Azərbaycanın dənizə birbaşa çıxışının olması bu baxımdan böyük üstünlük vəd edir və kifayət qədər cəlbedici görünür. Amma dediyim kimi bu, həddən artıq ambisioz layihədir və sponsorların tapılması, açığı, çox problematik görünür".
 
 
Ekspert həmçinin vurğulayıb ki, kanalın rentabelli olması üçün ciddi elmi, texniki və maliyyə əsaslandırması olmalıdır:
 
 
"Layihə Azərbaycanın sahil zonalarına, Xəzərin ekosisteminə ciddi mənfi göstərəcəksə, bununla bağlı öncədən elmi və texniki əsaslandırma olmalıdır. Bu, kor-koranə atılacaq addım deyil. Mənə elə gəlir ki, son zamanlarda kanal məsələsi dünyada populyarlaşıb deyə, məsələn, Türkiyədə "Kanal İstanbul", Hörmüz boğazından yan keçməklə alternativ bir kanalın yaradılması və s. Nursultan Nazarbayev də belə bir ambisioz təkliflə çıxış edərək, diqqəti bu məsələyə yönəldib. Elmi, ekoloji cəhətdən əsaslandırılsa, doğurdan da çəkilməsi üçün vəsait tapılsa, Xəzəryanı ölkələr üçün qazanclı və uğurlu layihə ola bilər. Elə bir maliyyə əsaslandırılması olmalıdır ki, kanalın rentabelliyi təmin edilsin".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top