Əsassız pensiya və əlillik təyinatlarının ləğvi nəticəsində 320 milyon manat büdcəyə qaytarılıb

SOSİAL 14 yan 2020, 09:21

“Pensiya təyinatının avtomatlaşdırılması nəticəsində 2019-cu ildə pensiya təyinatı alan insanların 80 faizi, təqribən 15 min şəxs üçün məhz proaktiv elektron qaydada - hər hansı bir ünvana getmədən pensiya təyinatı aparılıb. Sosial müavinətlər və təqaüdlərlə bağlı islahatlara gəldikdə, burada çox böyük bir proqram tətbiq etdiniz və 1,3 milyon insanı əhatə edən geniş bir paket icra olundu. Bu paketin böyük bir hissəsi məhz əlilliyi olan şəxslərə aid idi”. 

 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş müşavirədə məlumat verib.

 

Onun sözlərinə görə, müvafiq olaraq elektronlaşma tədbirləri görülüb və artıq 2019-cu ilin sonuna 19 növ sosial müavinət və təqaüd elektron qaydada proaktiv şəkildə vətəndaşın hər hansı bir müraciəti olmadan təyin edilməyə başlanıb:

 

“Ötən il artıq 20 min təyinat bu şəkildə edildi. Bu avtomatlaşma tədbirləri son nəticədə 2020-ci ildə 200 min pensiya, müavinət və təqaüd təyinatının elektron qaydada proaktiv şəkildə aparılmasına imkan verəcək ki, əlbəttə, bu da vətəndaşlarımıza xidmət baxımından çox önəmli bir göstərici olacaqdır.

 

Ümumilikdə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri proqnozdan 5,4 faiz artıq icra olunaraq 150 milyon əlavə gəlir əldə edildi. Elektronlaşma əsassız pensiya və əlillik təyinatlarının ləğvi nəticəsində xərclər proqnozdan 180 milyon manat aşağı oldu. Bunların nəticəsində 2 dəfə olmaqla ilin ortasında 150 milyon, ilin sonunda isə 170 milyon manat, cəmi 320 milyon manat vəsait dövlət büdcəsinə geri qaytarıldı. Dövlət öhdəliklərinin ödənilməsi üçün nəzərdə tutulan vəsait məbləği bu qədər azaldıldı və Dövlət Sosial Müdafiə Fondunda builki islahatların icrasına yönəldilməsi üçün əlavə olaraq 190 milyon manat ehtiyat yaradılıb”. (“Report”)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top