Marketlərdə ağrıkəsicilər satılır — “Xəstələr bundan sui-stifadə etməməlidir”

SOSİAL 13 yan 2020, 19:13

Gündəlik həyatımızda hiss etdiyimiz ən adi ağrılarda belə, ağrıkəsici dərmanlardan istifadə edirik. Demək olar ki, hər kəsin çantasında və evində bu dərmanlar yer tutur. Bəzi hallarda isə uyğun ağrıkəsici seçmək üçün apteklərdə əczaçılara müraciət etməli oluruq.

 

Lakin araşdırmalar göstərir ki, ən asan, əlçatan, reseptsiz satılan bu dərmanlar düzgün istifadə edilmədikdə bir sıra fəsadlara gətirib çıxara bilər.

 

Bəs bu dərmanlardan necə istifadə etmək olar? Ziyanlı tərəfləri nələrdir?

 

Bununla bağlı Modern.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, ağrıkəsicilərin həkim məsləhəti olmadan qəbulu düzgün deyil:

 

“Ağrıkəsicilər həkim tərəfindən təyin edilməlidir, qeyri-steroid dərmanlar mədə qanamasına səbəb ola bilər. Yalnız həkim xəstəyə uyğun ağrıkəsicini məsləhət edə bilər. Həkim dedikdə burada, yaranan ağrıdan dolayı ixtisalaşmış həkimə müraciəti nəzərdə tuturam. Daimi olaraq ağrıkəsicidən istifadə isə heç bir halda düzgün deyil. Çünki insanda mütəmadi olaraq ağrılar varsa, bu hansısa xəstəlikdən xəbər verir. Ara-sıra baş qaldıran ağrılardan ötrü isə ağrıkəsici qəbuluna ehtiyac yoxdur. Belə ağrılar zamanı miqren üçün olan dərmanların qəbulu məsləhətlidir. Düzdür, indi artıq marketlərdə də müxtəlif tipli ağrıkəsicilərin satıldığının şahidi oluruq. Bu dünya təcrübəsində də belədir, istifadə qaçınılmazdır. Lakin xəstələr bundan suistifadə etməməlidir. Düzgün istifadə edilməyən ağrıkəsicinin qəbulu insanda müxtəlif problemlərin yaranmasına gətirib çıxara bilər”.

 

Qeyd edək ki, həkim nəzarəti olmadan qəbul edilən ağrıkəsici dərmanlar uzun müddət istifadə edildikdə mədə və onikibarmaq bağırsaqda xora, qastrit, qanama və mədə deşiyinədək bir çox problemlərə səbəb ola bilər. Ağrıkəsici dərmanlar mədə və bağırsaqdan başqa qalın və incə bağırsaqda qanama, qaraciyərdə toksik təsirlər yarada və böyrəklərə ziyan vura bilər. Buna görə də ağrıkəsicilərin istifadəsində diqqətli olmaq lazımdır. Çünki baş verən narahatlıqlar sizin səhhətinizə ciddi təsir edə bilər.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top