“Onların yenidən deputat olmaq istəmələri gülüncdür”

GÜNDƏM 11 yan 2020, 17:22

Türkiyədən Azərbaycana baxış: “Hələlik islahatın əlamətləri görünmür”

 

Fevralın 9-da ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Hazırda cəmiyyətdə maraqlı seçki fəallığı hiss olunur. AYNA əməkdaşı, parlamentin buraxılması, ölkədə baş verən siyasi proseslər ətrafında Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin professoru, politoloq Toğrul İsmayılla həmsöhbət olub.
 

Ekspert öncə onu deyib ki, Azərbaycanda baş verən siyasi proseslər Türkiyədə o qədər də maraq doğurmur: “Türkiyənin gündəmi o qədər qızğın və qarışıqdır ki, Azərbaycanda baş verən siyasi proseslər mütəxəssislərdən başqa heç kimi maraqlandırmır. Hazırda Azərbaycan parlamentinin buraxılması dünya gündəmində ən sonuncu yerlərdədir. Çünki bu, Azərbaycanın daxili məsələsidir deyə, dünya siyasi arenası və ictimaiyyəti üçün bir o qədər də ciddi müzakirə mövzusu deyil. Azərbaycan dünya siyasətində güclü dövlət kimi qərarlaşmadığı üçün, onun daxili gündəmi də əhəmiyyətli sayılmır”.


Milli Məclisin buraxılması və yeni seçkilərin təyin olunması məsələsini şərh edən T.İsmayılın fikrincə, ortada cavabsız sual var: “Parlamentin buraxılmasının rəsmi izahı verilsə də, düşünürəm ki, bu cavab heç də qaneedici deyildi. Necə oldu ki, parlament buraxılmamışdan bir neçə ay əvvəl yaxşı idi, amma qəfildən pisləşdi və iqtidar da bundan məmnuniyysətizlik duydu?! Əslində, YAP bu qərarı qəbul edəndən sonra, parlamentdə təmsil olunan bir-iki millət vəkili xaric, digərlərinin yenidən namizədliyini verməsini qadağan etmək lazım idi. Çünki məhz onların bacarıqsızlığı nəticəsində parlament buraxılmışdı. Ona görə də, onların namizədliklərini yenidən vermələri çox gülünc bir haldır. Lakin göründüyü kimi, həmin şəxslər parlamentdə təmsil olunmaq üçün namizədliklərini yenidən irəli sürüblər”.
 

“Bir mütəxəssis kimi, məni Azərbaycan hökumətinin islahatlara başlaması və bu islahatların hara qədər davam edəcəyi daha çox maraqlandırır. Təbii ki, islahatlara hər zaman ehtiyac var. Azərbaycanın da inkişaf etmiş dünya ölkələri ilə siyasi inteqrasiya məsələsini gündəmə gətirməsi lazımdır. Lakin Azərbaycan siyasi rəhbərliyinin çıxışlarında bunun əksinin şahidi oluruq. Azərbaycan cəmiyyətinin bu mənada böyük ümidləri var, lakin səbrli davranmaq lazımdır. Çünki parlamentin buraxılması, hələ islahat mənasına gəlmir. İslahatlara getmək üçün ilk növbədə dövlət strukturlarının dəyişdirilməsi, sadələşdirilməsi və modernləşdirilməsi lazımdır. Lakin bunları hələlik görmürük”, - politoloq bildirib.
 

İsmayıl əlavə edib ki, Azərbaycanda baş verən proseslər Türkiyədə və dünyada heç bir dəyişikliyə səbəb ola bilməz: “Azərbaycanda baş verən proseslərə mütəxəssislər də daxil olmaqla, Azərbaycanı yaxından izləyən insanların maraqları var. Türkiyədə Azərbaycan müttəfiq, dost və qardaş ölkə olaraq qəbul edilir. Amma bu prosesləri cəmiyyətin qəbul etməməsinin səbəbi, Azərbaycandakı seçkilərin Türkiyədə və dünyada hər hansı bir dəyişikliyə səbəb olmamasıdır”.
 

“Türkiyədə keçirilən seçkilər isə Azərbaycan cəmiyyətinə ona görə təsir edir ki, Türkiyə bölgənin güclü dövlətidir və dünyada baş verən hadisələrə birbaşa təsir göstərir. Amma Azərbaycanda keçirilən seçkilərin heç nəyə təsiri yoxdur. Əlbəttə ki, Azərbaycanın daxilində və xaricində baş verən ciddi hadisələr Türkiyədə dərhal ajiotaj yaradır, lakin seçki normal proses olduğu, bölgəyə və dünyaya təsir göstərmədiyi üçün, bir o qədər reaksiya yoxdur”, - müsahibimiz vurğulayıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top