Oqtay Gülalıyev sabah yenidən əməliyyat olunacaq

HADİSƏ 09 yan 2020, 19:33

Hazırda Türkiyədə müalicəsi davam edən hüquq müdafiəçisi Oqtay Gülalıyev sabah yenidən əməliyyat olunacaq.

 

Demokrat.az-ın məlumatına görə, bunu hüquq müdafiəçisinin oğlu Alı Gülalıyev məlumat yayıb.

 

O, atasının durumunda müsbət dəyişikliklər olmasına baxmayaraq, əməliyyata ehtiyac yarandığını qeyd edib:

 

“Həkiminin etdiyi ağrıoyadıcıya atam hərəki cavab çox zəif verdiyindən, 1 gün əvvəl MRT etdilər. Nəticəsinə görə beynində akut hidrosefali (kəskin sürətdə su artması) yaranıb.

 

Bu səbəbdən sabah tezdən atam növbəti dəfə əməliyyat ediləcək”.

 

“Beynində olan artıq suyun təmizlənməsi üçün başına şunt qoyulacaq. İnşAllah əməliyyat uğurlu keçər. Xoş xəbərlər vermək ümidi ilə”,-deyə A.Gülalıyev bildirib.

 

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Gülalıyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub.

 

Beyin əzilməsi diaqnozu qoyulan Oqtay Gülalıyev noyabrın 1-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb.

 

Bir gün sonra Türkiyəyə aparılıb. Onun bütün müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top