Ekspertdən manatın məzənnəsi ilə bağlı PROQNOZ

İQTİSADİYYAT 08 yan 2020, 22:59

Neft Fondu dekabr ayında satdığı xarici valyutanın həcmini açıqlayıb. Məlumatdan aydın olur ki, Fond ötən ilin son ayında 886,35 milyon məbləğində dollar satıb. Bu, son 4 ildə ən yüksək göstəricidir.


Demokrat.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev bildirib.


Onun sözlərinə görə, dekabr aydında satılan dolların həcmi 2018-ci ilin müvafiq ayı ilə müqayisədə 31% çoxdur: “Ümumilikdə isə yola saldığımız ildə Fond tərəfindən daxili bazarda 6,59 milyard dollar satılıb. Məlumat üçün bildirim ki, 2018-ci ildə illik valyuta satışının həcmi 6,46 milyard dollar, 2017-ci ildə 3,6 milyard dollar, 2016-cı ildə 4,59 milyard dollar olub”.

 

S. Əliyev qeyd edib ki, diqqəti çəkən məqam dekabrda valyuta satışının həcminin kəskin artmasıdır: “Fikrimcə, kəskin artım yüksək tələbatla yox, Neft Fondunun dövlət büdcəsi qarşısındakı öhdəliyi ilə bağlıdır. Belə ki, "2019-ci ilin dövlət büdcəsi haqqında" Qanuna əsasən, Fond tərəfindən dövlət büdcəsinə transfertlərin həcmi ümumilikdə 11,4 milyard manat olmalı idi. Bunun üçün büdcədə nəzərdə tutulan həcmdə dollar satışı (Mərkəzi Bankın rəsmi məzənnəsi ilə 6,69 milyard USD) həyata keçirməli idi. Ancaq ötən ilin 11 ayı ərzində Fond ümumilikdə 5,7 milyard USD satdığından öhdəliyin tam icrası üçün dekabr ayında 1 milyard dollara yaxın vəsait satmalı idi. Göründüyü kimi satılan valyutanın həcmi 886,35 milyon dollardır”.

 

Ekspertin fikrincə, ötən il Mərkəzi Bank öz valyuta ehtiyatlarını 11% artıraraq 6,3 milyard dollara çatdırıb: “Bankın ehtiyatlarının il ərzində 632,3 milyon dollar artmasında valyuta alışı müdaxiləsi də rol oynayıb. Məhz bu müdaxilə ilə Mərkəzi Bank manatın bahalaşmasına imkan verməyib. Daxili valyuta bazarında tәklifin tәlәbi üstәlәməsi səbəbindən manat bahalaşma təzyiqi altında olub. Bu isə onu deməyə əsas verir ki, ötən il manatın üzən məzənnə rejiminə keçidi onun bahalaşması ilə nəticələnə bilərdi. Bu rəyi Mərkəzi Bank 2020-ci il üzrə pul vә maliyyә sabitliyi siyasәtinin әsas istiqamәtlәri ilə bağlı Bəyanatında da təsdiq edir. İdxalın təxminən 20%-ə qədər artımı da valyuta tələbatına ciddi təsir göstərə bilməyib. Neftin yüksək qiyməti tədbiyyə balansında müsbət saldonu təmin etməyə imkan verib”.

 

S.Əliyev bildirib ki, bu il manatın məzənnəsinə ciddi dəyişiklik gözlənilmir: “Yalnız 2 hal - neftin kəskin ucuzlaşması və siyasi qeyri-sabitlik istisnadır. Hökumət ən azı ilin birinci yarısında manatı indiki səviyyədə saxlayacaq. Hətta mümkün olsa qərarını ilin sonuna kimi uzadacaq. Ancaq baş verə biləcək xarici və daxili amillər əsasında qərarını dəyişə bilər”.

 

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top