"Mənə rəqib ola bilməz" — YAP-ın professor namizədindən AÇIQLAMA

SİYASƏT 27 dek 2019, 21:15

“Yeni Azərbaycan Partiyası hakimiyyət partiyasıdır. Mən uzun illərdir ki, bu partiyanın üzvüyəm. Partiya məsləhət bilibsə, mənim də borcum partiyanın qərarını yerinə yetirməkdir”.

 

Bunu Modern.az-a açıqlamasında tarix elmləri doktoru, professor Anar İsgəndərli deyib. O, Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 71 saylı Masallı kənd seçki dairəsindən namizəd kimi irəli sürülməsinə münasibət bildirib:

 

“Bir ziyalı kimi özümü buna hazır bilirəm. Bu günə qədər də bütün həyatım, fəaliyyətim Azərbaycan xalqına, Azərbaycan dövlətinə xidmət olub. Belə başa düşürəm ki, bundan sonra da bütün gücümlə mən öz xalqıma, öz dövlətimə qulluq etməyə borcluyam. Bu borcu yerinə yetirmək üçün əlimdən gələni edəcəyəm.

Mənə rəqib ola bilməz. Mən Azərbaycanın ziyalısıyam. Hamının haqqıdır ki, sənəd versin. Mən həm də müəlliməm. Müəllim öz tələbələrinə, müəllim yoldaşlarına, öz xalqına qarşı münasibətdə necə olur? Bu düşüncə ilə iştirak edən kimlər varsa, onlara da uğurlar arzu edirəm. Xarakterim də budur ki, dairədən iştirak edənlərin heç birini rəqib bilməyəcəyəm”.

 

Anar İsgəndərli Masallıdan olduğunu xatırladıb:

 

“Mən o torpağın oğluyam, orada böyümüşəm. Amma bir Azərbaycan tarixçisi olaraq, Azərbaycanın hər yeri mənə doğmadır. Ən əsas isə seçici kimə səs verəcəksə, o yer də onundur. Bizim isə borcumuz odur ki, əlimizdən nə gəlirsə, xalqımız, dövlətimiz, vətənimiz üçün edək. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı mümkün nə varsa, onu etməliyik. Millətimizin istəkli bayrağı hər yerdə dalğalansın”.

 

Qeyd edək ki, Anar İsgəndərli Masallı rayonunun böyük Kolatan kəndində anadan olub. 1984-cü ildən Bakı Dövlət Universitetinin «Mənbəşünaslıq, tarixşünaslıq və metodika» kafedrasında çalışır. 1999-cu ildən Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiridir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top