Prezidentin köməkçisi Dilqəm və Şahbazla bağlı Ermənistanın təklifinə münasibət bildirdi

SİYASƏT 27 dek 2019, 20:34

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə baxsaq, burada humanitar, insani komponentlər çox vacib elementlərdən biridir. Burada xüsusilə, əsir və girovlar, itkin düşmüş şəxslər kimi məqamlar çox vacib xarakter daşıyır. Bu, insan amilinə dayanır".

 

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan tərəfinin Azərbaycanın işğal altında olan ərazilərində girov saxladığı azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevi ailə üzvlərinin ziyarət etməsi ilə bağlı verdiyi açıqlamasına münasibət bildirərkən deyib.

 

H.Hacıyev xatırladıb ki, əsir və girovların "hamının hamıya" prinsipi əsasında dəyişdirilməsi təklifi Azərbaycanın yüksək humanizminin bilavasitə göstəricisi və konstruktiv movqeyinin təcəssümü olaraq Prezident İlham Əliyev tərəfindən MDB dövlət başçılarının 2018-ci ilin dekabrında Sankt-Peterburqda keçirilmiş qeyri-formal zirvə toplantısında səsləndirilib: "O zaman Ermənistanın baş naziri Nikol Paşinyanla belə bir söhbət olmuşdu və söhbət əsnasında dövlətimizin başçısı tərəfindən Azərbaycanın "hamının hamıya" prinsipi əsasında bu məsələnin həll olunmasının tərəfdarı olduğu bildirilmişdi. Həmin sammitdən sonra da ictimaiyyətə verilən açıqlamalarda bu məqam öz əksini tapıb. Amma buna qarşı kim çıxış etdi? Məhz Ermənistan Respublikası. Onlar humanizm xarakteri daşıyan bu məsələdə də yenə qeyri-konstruktiv yanaşmalarını nümayiş etdirdilər və "hamının hamıya" prinsipindən kənar çıxış etdilər. İl ərzində bu mövzu davamlı şəkildə qaldırılırdı ki, bu, təmin olunmalıdır. Bunun təmin olunmasının əksinə çıxış edərək Ermənistan tərəfi yalnız ailə üzvlərinin səfəri kimi absurd məsələni ortaya atıb. Düşünürük ki, bu da müəyyən siyasi möhtəkirlik elementidir".

 

"Burada bir təhlükəsizlik, həssaslıq elementi var. Yəni məsələyə insani nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Biz soydaşlarımız olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvlərinin çətinliklərini, iztirablarını tam şəkildə başa düşürük", - deyə Prezidentin köməkçisi əlavə edib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top