Novruz Məmmədov: “Bu günün tələbləri ilə dünənin tələbləri arasında fərq çoxdur”

MÜSAHİBƏ 26 dek 2019, 12:54

Demokrat.az Azərbaycan Respublikasının 9-cu baş naziri (2018-2019), Azərbaycan Xarici Dillər Universitetinin prorektoru Novruz Məmmədovun Lent.az -a müsahibəsini təqdim edir.

 

- Novruz müəllim, Baş nazir postundan istefa verdikdən sonra çox keçmədi, prorektor təyin olundunuz. Bu təyinatda əsas nə rol oynadı? Bu sahədə olan təcrübəniz əsas götürüldümü?

 

- Mənim təyinatımda, təcrübədən əlavə, bu universitetdə təhsil almağım, daha sonralar burada çalışmağım əsas faktor kimi rol oynadı. Çünki mən əmək fəaliyyətimə elə bu universitetdə başlamışam. Ona görə də buranı seçmək mənim üçün asan oldu. Bu universitet mənim üçün doğma yerdir. Eyni zamanda, buranın kollektivini yaxşı tanıyıram. Burada işlədiyim dövrlərdə universitet də, kollektiv də gənc idi. Bir yerdə işlədikcə doğmalaşırsan. Bu təyinatla mən doğma ocağa qayıtdım. Bu təyinatda uzun illər diplomat kimi təcrübəmin olması, həm də universitetin kollektivini yaxından tanımağım rol oynadı.

 

- Artıq təhsil sahəsindəsiniz. Ümumiyyətlə, təhsilimizin inkişafı üçün nələr həmən dəyişilməlidir? Hansı islahatlara ehtiyac var?

 

- Artıq XXI əsrin ikinci onilliyini bitiririk. İndiki dövrdə universitetlərin qarşısında duran vəzifə, missiya olduqca əhəmiyyətlidir. Bu gün dünyada təhsil sahəsində də rəqabət güclüdür. Universitet gərək elə şəxsiyyətlər, kadrlar yetişdirsin ki, onlar cəmiyyətin qarşısında duran çağırışlara cavab verə bilsinlər. Cəmiyyətin inkişafı burada fəaliyyət göstərən kadrlardan asılıdır. Bu gün Azərbaycan Xarici Dillər Universitetinin qarşısında bu baxımdan çox böyük vəzifələr dayanır. Əvvəlki dövrlə indiki dövr arasında fərqlər çox böyükdür. Bu günün tələbləri ilə dünənin tələbləri arasında fərqlər çoxdur. Bu universitetdə səhər saat 9-dan axşam saat 6-ya qədər intensiv işlər gedir. Bu işlərin əsas məzmunu, məqsədi tələbələrin daha yaxşı təhsil prosesindən keçməsi, daha yaxşı kadr kimi formalaşması, gələcəyə uğurlu kadr kimi yetişdirilməsidir. Bu istiqamətdə universitetdə çoxlu tədbirlər keçirilir. Dərslərdən, dərs proqramından əlavə keçirilən bu tədbirlər tələbələrin formalaşmasında əhəmiyyətli rol oynayır. Son 1 ay ərzində elə gün olmur ki, universitetdə 4-5 tədbir keçirilməsin. Akademik Məmmədağa Şirəliyevlə bağlı universitetdə 4-5 tədbir keçirilib. Eyni zamanda, ümummilli liderin anım günü ilə bağlı universitet səviyyəsində çoxsaylı tədbirlər keçirildi. Bu tədbirlərin hamısı gənclərin bir şəxsiyyət kimi formalaşmasında, yetişməsində rol oynayır. İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı keçirilən tədbirdə müşahidə etdiyim bir anı sizinlə bölüşmək istəyirəm. Universitetin Amerika mərkəzində Nəsimi ilə bağlı keçirilən tədbirdə ABŞ-la telefon əlaqəsi quruldu. Tədbirdə Nəsiminin “Sığmazam” qəzəlinə bəstələnən mahnı ABŞ-dan səsləndirilirdi, tədbir iştirakçıları isə ona qulaq asırdılar. Nəsimi ilə bağlı keçirilən tədbirdə tələbələrin onun Azərbaycan şairi olması ilə fəxr etməsinin şahidi oldum.

 

- Dediyiniz “cəmiyyətin qarşısında duran çağırışlara cavab verən kadrlar”ın yetişdirilməsi üçün universitetdə konkret hansı işlər görülür?

 

- Azərbaycan Dillər Universiteti ildə bir dəfə dekabr ayının 13-də “Bir günlük xəlifə” adlı layihə həyata keçirir. Bu tədbirin çox böyük əhəmiyyəti var. Universitetdə, rektor postu daxil olmaqla, 37 vəzifəyə bir günlük tələbələr təyin olunur. Bu seçimi tələbələr öz aralarında demokratik şəraitdə edirlər. Həmin gün ərzində bu tələbələrə bütün idarəçilik hüquqları verilir. Bir günlük xəlifə olan tələbə bütün sənədlərə qol çəkə, sərəncamlar verə bilər. Hətta bu tələbələr hansı vəzifəni icra edirsə, həmin vəzifədə çalışan şəxsin maaşının 1 günlük hissəsini də alır. Həmin gün onlar üçün tarixi xarakter daşıyır. Çünki onlar rəhbərlik səviyyəsində hansı işlərin görüldüyünü, məsuliyyəti dərk edirlər. Daha sonra universitet rəhbərliyi xəlifələrlə görüş keçirir. Eyni zamanda, xəlifələrin həmin günlə bağlı təklifləri olur. Biz bu təklifləri götürürük və öz qərarlarımızda nəzərə alırıq. Məsələn, mənim yerimdə oturan xəlifənin təklifləri stolumun üstündədir. Mən bu təklifləri Elmi Şuranın iclasında, rektorla görüşlərdə məsələ kimi qaldırıram. Düzdür, bəzən tələbələrin elə təklifləri olur ki, onları həyata keçirmək mümkün olmur. Amma bu layihə bütün universitet tələbələri üçün əhəmiyyətlidir. Yeri gəlmişkən, bu gün, dekabrın 24-də rektor başda olmaqla bizim həmin xəlifələrlə görüşümüz oldu. Bu layihə müasir kadrların yetişməsində, formalaşmasında çox böyük rol oynayır. Biz, eyni zamanda, tələbələrin xarici ölkələrlə əlaqəsinə də imkan yaradırıq. Əvvəlki dövrlə indini müqayisə edəndə təəssüflənirəm ki, əvvəlki dövrlərdə tələbələrə bu cür fürsətlər yaradılmırdı.

 

- Novruz müəllim, siz uzun illər yüksək dövlət vəzifələrində çalışmısınız. Bu universitetdə əmək fəaliyyətinə başladığınız illərdə gələcəkdə belə yüksək postlar tutacağınız ağlınıza gələrdimi?

 

- Yox. Sadəcə, çalışmışam ki, mənə göstərilən etimadı doğruldum. Öz qarşısında duran vəzifəni layiqincə, vicdanla yerinə yetirən şəxs kim olmasından asılı olmayaraq, əvvəl-axır uğur qazanacaq, öz layiq olduğu yerdə olacaq. Azərbaycan cəmiyyətində bu özünü doğruldur. Mən heç bir faktor olmadan yüksək postlara təyin olunmuşam.

 

Universiteti fərqlənmə ilə bitirdiyim üçün nazirliyin qərarı ilə universitetdə qaldım. Fransız dilini yaxşı bildiyim üçün məni xaricə göndərdilər və bir müddət orada çalışdım. Bundan sonra iki dəfə xaricdə baş hərbi tərcüməçi kimi çalışmışam. Ölkəyə qayıdandan sonra dekan müavini, kafedra müdiri, dekan vəzifələrində çalışdım. Bundan sonra ulu öndər məni Administrasiyada işləməyə dəvət etdi. Mən öz üzərimə düşən vəzifəni vicdanla yerinə yetirdiyim üçün vəzifədən vəzifəyə yüksəlmişəm. Bu bizim ölkə və cəmiyyət üçün göstəricidir.

 

Təkcə bu ilin özündə nə qədər dəyişikliklər oldu. İslahatlar nəticəsində vəzifəyə gətirilən gənclərin fəaliyyəti göz önündədir. Onların nailiyyətlərini biz müşahidə edirik. İndiki reallıqda belə də davam etməliyik. Dövr rəqabət, mübarizə dövrüdür. Ölkəmizin indiki vəziyyəti nəzərə alınmalıdır. Əhalisinin sayına və ərazisinə görə kiçik ölkə olmağımıza baxmayaraq, ölkəmiz dəfələrlə ən güclü ölkələr siyahısında yer alır. Güclü olmaq əhalinin sayından yaxud ərazinin ölçüsündən asılı olan faktor deyil. Güclü olmaq beynəlxalq aləmdə ölkənin rəhbəri ilə xalqın arasında olan birliklə ölçülür. Ölkədə olan vəziyyət-sabitlik, təhlükəsizlik burada xüsusi rol oynayır. Artıq ölkədə elə bir sahə yoxdur ki, orada islahatlar keçirilməsin. Bu uğurlu proseslərin davam etməsi Azərbaycanda gələcək nəsillər üçün də xeyli imkanlar açacaq.

 

- Heydər Əliyevin sizi Prezident Administrasiyasına dəvət etdiyini qeyd etdiniz. Onunla tanışlığınız maraqlıdır…

 

- Xarici Dillər Universitetində işlədiyim müddətdə ulu öndərin fransız dili üzrə tərcüməçisi olmuşam. H. Əliyevlə tanışlığımız isə tərcüməçilik etdiyim görüşlərdə olub.

 

- Novruz müəllim, işinizdən çox danışdıq, şəxsi həyatınız barədə də sualımız var. Novruz Məmmədov üçün baba olmaq nə deməkdir?

 

- Ata olmaqla baba olmağın fərqi çoxdur. Baba olmaq daha şirindir. Bütün dünyada bu belədir. Babalar və nənələr nəvələrini daha çox istəyirlər, nəinki övladlarını… daxilən nəvələrə bağlı olurlar. Mənim gözəl nəvələrim var və elə onlar üçün həyatda hər şeyə razı olaram. Telefonumun ekranında da nəvəmin şəklidir. Onu hamıdan çox sevirəm. Qızım nəvəmə Zərifə xanımın adını qoyub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top