Ukrayna ilə Rusiya arasında müqavilə imzalanacaq

İQTİSADİYYAT 22 dek 2019, 21:59

Ukraynanın "Naftoqaz" və Rusiyanın "Qazprom" şirkətləri Rusiya qazının Ukrayna ərazisi vasitəsilə Avropaya tranzitinə dair 5 illik müqavilə imzalayacaq. 


APA-nın "Ukrinform"a istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın Enerji və Ətraf Mühitin Mühafizəsi naziri Oleksey Orjel bu gün keçirdiyi brifinqində dekabrın 20-də Minskdə baş tutan danışıqların nəticələrini şərh edərkən deyib.


O bildirib ki beş illik tranzit üçün razılaşdırılan şərtlərlə gələcəkdə bu müqavilə 10 ilədək uzadıla bilər.


"Birinci beş illik tranzit üçün nəzərdə tutulan şərtlər əsasında tranzit müqaviləsinin 10 ilə qədər uzadılma ehtimalı var. Bu zaman ötürülən qazın həcmi yenidən nəzərdən keçiriləcək və artırılacaq. Tranzit həcmi ilk ildə 65 milyard kubmetrə çatacaq, növbəti dörd ildə isə hər il üzrə 40 milyard kubmetr olacaq", - deyə Orjel bildirib.


O, razılaşmaya görə, Ukraynanın “Qazprom”a qarşı iddialarından geri çəkiləcəyini və yeni iddia ilə çıxış etməyəcəyini deyib.


Ukraynalı nazir əlavə edib ki, müqavilənin 2020-ci il yanvarın 1-dək imzalanacağı gözlənilir.


Mövcud müqavilənin müddəti 31 dekabr 2019-cu ildə başa çatacaq.


Xatırladaq ki, dekabrın 20-də Minskdə keçirilən danışıqlarda Avropa Komissiyasının, Ukrayna və Rusiya Federasiyasının nümayəndələri Rusiya qazının Ukrayna ərazisindən Avropa istehlakçılarına tranziti və Ukrayna-Rusiya arasında qarşılıqlı iddiaların həlli ilə bağlı yekun razılığa gəliblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top