"Cəzasız ölkədə rüşvətin və korrupsiyanın qarşısını almaq mümkün deyil" — Vahid Əhmədov

MÜSAHİBƏ 20 dek 2019, 17:25

Dekabrın 18-də iş otağında həbs edilən Ağstafa rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarovla bağlı yeni məlumatlar yayılmaqdadır. Rüşvət alarkən yaxalanan icra başçısının Goranboydakı mənzili xüsusi nəzarətə götürülüb, onun bu rayonda işlədiyi dövrdə fəaliyyəti araşdırılır. Quliyev yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb etməkdə ittiham olunur. 

 

Yevlaxın həbs olunmuş digər sabiq icra başçısı Qoca Səmədovun da cinayət əməllərinin araşdırılması üzrə istintaq davam etdirilir. O, işsiz vətəndaşların ictimai işlərə cəlb olunub qazanc əldə edə bilmələri üçün dövlət büdcəsindən ayrılan vəsaitləri ələ keçirməkdə, təmir-tikinti işlərinə cəlb edilən 133 nəfərin adına açılmış əməkhaqqı kartlarını və bu kartlardakı 236.000 manat dövlət vəsaitini mənimsəməkdə günahlandırılır. 

 

Bir gün ərzində iki icra başçısının həbsi cəmiyyətdə əks-səda doğurub. Baş verənlər fonunda bir neçə rayonun yerli icra hakimiyyəti orqanlarında maliyyə yoxlamalarının aparıldığı, dövlət vəsaitlərinin mənimsənilməsinə dair yeni faktların üzə çıxdığı bildirilir.

 

Əslində, yerlərdə məmur özbaşınalığı, artan sosial narazılıqlar barədə məlumatlar çoxdan dolaşırdı. Nə baş verdi ki, iki rayonun icra başcısı və müavinləri birdən- birə bu şəkildə cəzalandırıldılar?

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovla bu mövzuda söhbət etdik. 

 

– Siz həm qanunvericilik, həm idarəçilik sahəsində böyük təcrübəsi olan və xalqın etimadını qorumuş şəxslərdən birisiniz. Gözəl bilirsiniz ki, uzun müddət idarəçilik orqanlarında, icra hakimiyyətlərində rüşvətsiz məsələ həll etmək çox çətin olub. Hətta özünə ev tikmək istəyənə də “havayı” icazə verməyiblər, pul almasalar, gəlib evini uçurublar. Heç icra hakiminin rüşvətə görə tutulmasını xatırlayırsınızmı? 

 

– Sovet dövründə belə hallar çox olub. Amma müstəqillik dövründə icra hakimiyyəti başçısının rüşvət üstündə tutulduğunu xatırlamıram. Lakin belə əməllərin mütləq bir cəzası olmalıdır. Cəzasız ölkədə rüşvətin və korrupsiyanın qarşısını almaq mümkün deyil. Korrupsioner məmur cəzalandırılmayanda, daha da harınlaşır. Əlbəttə, belə halların qarşısı çox ciddi şəkildə alınmalıdır. İndi ölkədə idarəçilik sistemi dəyişdirilir, faktiki olaraq, yeni sistem qurulur, şəffaflıq artır. Mən demirəm ki, şəffaflıq bütün sahələri əhatə edir, amma bütün sahələrdə tələblər dəyişir. Əgər dövlət başçısı daha yüksək tələblər qoyubsa, həmin tələbləri də lazımı səviyyədə qarşılamaq lazımdır. Yoxsa elə köhnə qaydada davam edəcəyiksə, nə vaxt Azərbaycanda bir demokratik, acıq cəmiyyət qurulacaq? Yəni, prinsipial məsələlərlə bağlı prinsipial qərarlar qəbul olunmalıdır. 

 

– Onda bu son hadisəni, necə deyərlər, bu “ilk”i necə şərh edirsiniz? O, nədən xəbər verir? 

 

– Bəli, müstəqillik dövründə belə bir hal xatırlamıram. Mən 2 ilə yaxın baş nazirin müavini vəzifəsində çalışmışam, onda da belə hal olmayıb. Düzdür, o vaxt da rüşvətxorluq var idi və biz buna görə bir neçə məmuru işdən azad etmişdik. 

 

Dövlət büdcəsindən işləməyən insanlara müəyyən yardımlar edilir. Bu yardımları mənimsəmək, o pulu kasıbların əlindən almaq insanlığa yaraşmayan hərəkətdir. Bu insanlar dövlətin yardımına möhtacdırlar, dövlət də kart verib ki, bir parça çörək alıb ailəsini dolandırsınlar. Amma icra başcısı ona da göz dikir. Hara sığar?! 

 

İcra hakimiyyəti başçısının həbs edilməsi ondan xəbər verir ki, dövlət rəhbəri yerlərdə məmurlar qarşısında qoyduğu tələblərin yerinə yetirilməsinə görə ciddi haqq-hesab soruşacaq. Hansısa məmur yenə də özbaşınalıqlarını, qanunsuz hərəkətlərini davam etdirəcəksə, əməllərinin üstü açılanda “tapşırıq yadımdan çıxdı” deyəcəksə, cəzasını alacaq. Prezident deyir ki, şəffaflığı təmin etmək, insanların qayğısına qalmaq, əhali ilə təmasda olmaq, vətəndaşlarla görüşüb onların dərdlərini öyrənmək lazımdır. Məmurların, icra başçılarının qarşısına şərt qoyulur ki, camaatın problemlərinə can yandırsınlar. Mənim tanıdığım məmurlar var ki, öz işlərini bu səviyyədə qurublar. Demirəm ki, qüsursuzdurlar, amma insanlarla işləməyi bacarırlar. Yerlərdə rayon icra hakimiyyəti başçılarından çox şey asılıdır. Həm də rüşvət və korrupsiya olan dövlətlər inkişafa meylli olmur. Dövlət rəhbəri icra başçılarına xəbərdarlıq edərək ded ki, sizin fəaliyyətinizə bölgəyə cəlb etdiyiniz investisiyalara, yeni iş yerlərinə uyğun olaraq qiymət verəcəyəm. Əgər ölkənin birinci şəxsi bunu açıq şəkildə deyirsə, elə-belə söz deyil ki… 

 

-İcra başçıları ilə bağlı dünənki hadisə həm də cəmiyyət üçün bir siqnal deyilmi? Belə proseslərdə vətəndaş fəallığı böyük rol oynayır. Söhbət, müəyyən mənada, prezidentin çıxışlarında tez-tez səsləndirdiyi ictimai nəzarətin mühüm məqsəd və formalarından birindən gedir: idarəçilik orqanlarında, məhkəmələrdə rüşvətin kökünün kəsilməsindən. Belə hallarla üzləşən insanlara nə tövsiyyə edirsiniz?

 

– Əlbəttə, bu, cəmiyyət üçün böyük bir siqnaldır. Mən lap açıq deyə bilərəm: xüsusilə icra başçıları üçün siqnaldır. Çünki onlardan şikayətlər həddindən çoxdur. Bizə də bu cür çirkin işlərlə məşğul olanlardan şikayətlər gəlir. Camaat hər şeyi görür. Ona görə də prezident çıxışlarında tez-tez ictimai nəzarətlə bağlı fikirlər səsləndirir. İctimai nəzarət indiki halda çox aktual məsələdir. Mən bu məsələni bir neçə dəfə Milli Məclisdə qaldırmışam və demişəm ki, gəlin, dövlət büdcəsi kimi əhəmiyyətli məsələlərin müzakirəsinə ictimai təşkilatları da dəvət edək. Hətta bizi tənqid edənləri bu müzakirələrə dəvət edək, qoy, burada polemika aparsınlar, görək onların mövqeyi haqlıdır, yoxsa Milli Məclisin? Lakin ictimai nəzarət mexanizmi Azərbaycanda çox zəifdir. Hər şeydən əvvəl ictimai təşkilatlar üçün şərait yaratmaq lazımdır ki, onlar işləyə bilsinlər. Əgər belə təşkilatlar ictimai müzakirələrdə fəallıq göstərsələr, çətinlikləri olan ayrı-ayrı insanlar da onlar vasitəsilə öz problemlərini, yerlərdəki haqsızlıqları ictimaiyyətə, dövlətə çatdıra biləcəklər. Əvəllər ictimai təşkilatların fəaliyyətində müəyyən bir canlanma vardı, qrantlar alıb işlərini qururdular. Sonradan qanunlar sərtləşdirildi. Bir səbəbi də o idi ki, ictimai təşkilatların fəaliyyətində ciddi qüsurlar ortaya çıxdı. Ona görə də qaydaları məhdudlaşdırdılar və bunların hamsını nəzarətə götürdülər. Buna baxmayaraq, əlbəttə, dövlət nəzarəti ilə yanaşı ən ciddi məsələ ictimai nəzarətin təmin olunmasıdır. Bu, indiki dövr üçün xüsusilə vacibdir. (Pressclub.az)

 

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top