Papaqçı: “Allahşükür Paşazadənin papağını 300 manata tikmişəm”

SOSİAL 17 dek 2019, 19:36

“Deyirlər maraq yoxdur, amma o qədər sifariş alıram ki, əlavə heç nəyə vaxtım qalmır”.

 

Demokrat.az-ın xəbərinə görə, bunu “Peşəkarlar, sənətkarlar” layihəsinin növbəti qonağı papaqçı Sədi deyib. 21 ildir ki, papaqçılıqla məşğul olan Usta Sədi öz peşəsini çox sevdiyini, gəlirinin də yaxşı olduğunu bildirir.

 

“1963-cü ildə Balakən rayonunun Şamlı kəndində doğulmuşam. Ailədə bu sahədə məşğul olan yox idi, şəxsi marağımdan papaqçı oldum. 25 yaşımda Bakıya gələndən sonra papaqçılığa olan sevgim məni bu sahəni daha dərindən öyrənməyə vadar elədi. İndi də ara-sıra papaqçlığı öyrəmək üçün mənə müraciət edənlər olur. Hazırda 5 şagirdim var, hamısı da oğlan. Artq onları da şagird saymaq olmaz, çünki sənətin bütün sirlərinə qısa zaman ərzində yiyələniblər. Yaxşı papaqçı olmaq üçün diqqət və səbirin olması mütləqdir. Bir neçə il əvvəl bir xanım da papaqçılığı öyrənmək üçün yanma gəlirdi, artq mənimlə bərabər işləyir. Yəni bu sahənin kişisi, qadını yoxdur, əgər sevdinsə, bacaracaqsan. Amma daha xanımlar papaqçılıq öyrənmək istəmirlər, yəni ən azından mənə bu sahəni öyrənmək üçün son vaxtlar xanmlar müraciət etməyiblər. Oğlum da mənim yanımda, öz həvəsi ilə şagirdlik edir. İlk dəfə papaqçı olmaq istəyini mənə deyəndə etiraz etmədim, sevindim ki, davamçım olacaq. Yəqin ki, həvəsi də məndən aldığı üçün tez zamanda papaqçılığı dərindən öyrəndi. İndi mənə işlərimdə yaxından köməklik göstərir”.

 

“Ən keyfiyyətli papaqlar “Qaragül” adlanan qoyun cinsindən alınır. Əvvəllər bu heyvanları Şəkiyə gətirərək, orada xüsusi təsərrüfatlar yaratmışdılar. Lakin Şəkidə  yetişdirilən eyni cins heyvanların dərisi günəş işığında rəngini dəyişdi. Ona görə indi qaragül dərini Özbəkistandan gətirirəm. Qaragül quzu dəriləri özü də 4 növdən ibarətdir.  Bunlardan ən yaxşsı əntiq dəridir. Əntiq dəri həm daha keyfiyyətli, həm də gözoxşayan olur. İkinci yaxşı dəri isə boz rəngdə çal dəridir. Bu dəridən Dövlət Sərhəd Xidmətinin zabitləri üçün papaqlar tikirəm.

 

Sonra gəlir, qəhvəyi rəngli qaragül dəri. Bu dəridən həm mülki vətəndaşlar, həm də Müdafiə Nazirliyinin zabitləri üçün papaqlar tikirəm.

 

Qara rəngdə papaqdan mollalar yas yerində qoymaq üçün istifadə edirlər. Rusiyada yaşayan müştərilərim papaqları adətən fərqli formada, yəni qulaqlı tikdirirlər. Bu da Rusiyada havanın soyuq olması ilə əlaqdardır. Milli papağın gündə ikisini tikərəm, rus papağının isə bir günə maksimum bir dənəsini tikmək olur”.

 

“1000 manata olan papağı Rusiyada yaşayan imkanlı bir hacı var idi, o sifariş etmişdi. Eyni papaqdan 3-nü tikdirdi, həm gümüşü, həm qara, həm də qəhvəyi. Papağın dəyərini üzərindəki naxışlardan, işləmələrdən bilmək olardı. Əntiq dərisindən tikmişdim, təcili deyilmişdi deyə, 3-nü də bir gündə tikməli oldum. Həmin hacı məclisə gedirdi, axşama çatdırmalı idim. Papağı təhvil götürməyə gələndə gözünə inana bilməmişdi. Tam ona uyğun tikilmişdi, həm də çox yaxşı yaraşırdı. Bəzən bir dəfəyə 100 papaq sifarişini birdən almışam. Bir dəfə rəqs rupu üçün 100 papaq tikməyi öhdəmə götürdüm. Sağolsun şagirdlərim, onların köməyi ilə qısa zaman aralığında öhdəliyimizi tam yerinə yetirə bildik. Həmin papaqlar süni dəridən tikilmişdi deyə, çox da vaxtmızı almadı. Birinin qiyməti də 15 manat idi”.

 

“Məşhur şəxslərdən, vəzifəli adamlardan çoxuna papaq tikmişəm. Dövlət Sərhəd Xidməti, Müdafiə Nazirliyi əməkdaşlarının çoxuna papağı mən tikirəm.

 

Ələlxüsus sənət adamları daha kaprizli olur, amma mən işi elə görürəm ki, onlar narazılıq etmir. Aşıq papağını 250 manata tikirəm, zabit papağını isə 300 manata. Allahşükür Paşazadənin papağını isə 300 manata tikmişdim, kabinetinə gedib sifarişi də orada götürdüm.

 

Papağı bəyənən iş adamları olub ki, pulunu artıqlaması ilə veriblər. Mən artıq olan pulu götürmək istəməmişəm, amma məcbur ediblər ki, götür halal haqqındır”.

 

“Dərinin nisbətən parlaq hissəsini papağın qarşı tərəfi üçün istifadə edirəm. Papağın ölçüsü 52 sm-dən başlıyır 64-sm-ə qədər artır. Elə müştəri olub ki, öz ölçüsünü tapa bilməyib, mən bir günə ona uyğun papaq tikib təhvil vermişəm. Normalda ən böyük ölçü 64 sm-dir, lakin bu yaxınlarda baş ölçüsü 66 sm olan bir kişi də mənə müraciət etmişdi.

 

Kişilərdən ən kiçik baş ölçsü olan 51 sm, xanımlarda ən böyük ölçü isə 61 sm olub. Sizə deyim ki, mənə papaq tikdirmək üçün xanımlar mütəmadi müraciət edirlər. Onların tikdiyim papaqdan narazı qaldığını görməmişəm. Əksinə, kişilər daha kaprizli olur, ən xırda detallara belə fikir verirlər. Xanımlarla işləmək buna görə mən daha asan gəlir, nəninki kişilərlə”.

 

“Məsələn, şamaxılılar papağı nisbətən daha hündür formada tikdirirlər. Maştağada, Bakının kəndlərində isə qulaqlı, yuxarı hissəsi dar olan papaq qoyurlar. Buxara papaq deyilən növ var ki, bunu da əvvəldən imkanlı, bəy nəslindən olan adamlar tikdirirdilər.

 

Motal papağı isə kasıb təbəqə tikdirirdi. Amma indi o qədər də tələbat yoxdur deyə, növlərə bir o qədər də ayırmırlar. Adətən axundlar ya da ağsaqqallar papaq sifariş edir. Yay fəslində sifrişlər çox az hallarda olur, kütləvi sifarişi qışda götürürəm. İsti aylarda rəqsdə istifadə etmək üçün və “kepka” tipli papaqlar tikirəm. Yayda mütləq bir ay işdən uzaqlaşıram. Çünki istirahət etməsəm, yaxşı iş ortaya qoya bilmərəm. Mən işdə olmayanda sifarişləri şagirdlərim, oğlum götürür. Əsəbi ya da gərgin olanda çalışıram ki, işdən uzaq olum, yoxsa papaq yaxşı alınmaz”.

 

“Turistlər adətən bizim milli papağı sifariş edirlər. Elə olur ki, Türkiyədən mənim hesabıma pul köçürürlər, mən buradan tikib, ora yollayıram. Xaricilərə bizim papaqlar daha çox maraqldır, nəinki öz papaqları. Mən həm də ABAD üzvüyəm, tədbir olanda iştirak edirəm. Papaq tikmək üçün dərini normalda Özbəkistandan gətirsəm də, bölgələrdən də dəri alıram. Məsələn, rəqs üçün tikdiyim çoban papaqlarına istifadə etdiyim qoyun dərisini elə bizim bölgələrdən gətirirəm. Yeri gəlmişkən, tikdiyim papaqları bölgələrdə satmaq üçün də alıb aparanlar var”. (Modern.az)

    

 

 

Demokrat.az                                            

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top