“Kəlbəcər” adlı tanker gəmisi istifadəyə veriləcək

SOSİAL 16 dek 2019, 13:39

“Gələn ilin mayında “Azərbaycan” adlı “Ro-Pax” tipli gəmi-bərə istifadəyə veriləcək”.

 

Demokrat.az-ın məlumatına görə, bu barədə "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev jurnalistlərə açıqlamasında məlumat verib. O qeyd edib ki, “Azərbaycan” gəmi-bərəsinin istifadəsi vaqon, yük, və 100 nəfərə qədər sərnişinin daşınmasına imkan verəcək:

 

"Suya daxil edilən "Ro-Pax" tipli “Azərbaycan” gəmi-bərəsinin gövdə hissəsinin inşası tamamilə bitib. Geriyə qalan tikinti və quraşdırma işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək. Ona görə, gəmi-bərə zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlarla suya salınıb.

 

Onu da qeyd edək ki, unikallığı ilə seçilən "Ro-Pax" tipli gəmi-bərənin uzunluğu 154,50, eni isə 17,7 metrdir. Bu gəmi-bərənin sürəti 14 uzelə bərabərdir”.

 

M. Mehdiyevin sözlərinə görə, “Azərbaycan” gəmi-bərəsi həm də 56 vaqon-çən, 50 yük maşını və 100 sərnişin daşımaq imkanına malikdir:

 

“Heyət sayı 30 nəfərdən ibarət olacaq gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb. Gəmi-bərə, eləcə də hazırda inşası davam edən daha bir ədəd eyni tipli gəmi-bərə Şərq-Qərb nəqliyyat dəhlizi üzrə Xəzər üzərindən keçən və artmaqda olan tranzit yüklərin daşınmasına mühüm töhfə verəcək".

 

ASCO sözcüsü onu da bildirib ki, zavodda növbəti tankerin tamamlanma işləri aparılır:

 

 ““Kəlbəcər” adlı tankerin də gələn il istifadəyə verilməsi gözlənilir. Bu tankerin texniki xüsusiyyətləri maksimum yüklə Volqa-Don kanalı ilə dünya sularında, həm də Xəzər dənizində hərəkət etmək imkanı verir. Hazırda Xəzər Dəniz Gəmiçiliyinin dünya sularında Azərbaycan bayrağı altında üzən 14 gəmisi var. Onlardan 12-si quru yük gəmisi, ikisi isə tankerdir”.

 

Qeyd edək ki, “Kəlbəcər” adlı tankerin hazırlanması ilə Azərbaycanın bütün işğal olunmuş rayonlarının tankerlərə verilən adları tamamlanır.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top