"Vətəndaş hadisə olan kimi dövlət qurumlarını özünü yandırmaqla hədələyir" — Ekspert "Eurohome" hadisəsini ŞƏRH ETDİ

GÜNDƏM 11 dek 2019, 19:48

Dekabrın 10-da “EuroHome” inşaat bazarında yanğının baş verməsi bir daha sığorta məsələsinin aktuallığını gündəmə gətirdi. Sahibkarlar ona dəyən ziyana görə kimin və hansı formada kompensasiya verəcəyini düşünür. Əgər dövlət yenə də dəyən ziyana görə sahibkara kompensasiya ödəsə belə, bu tam ziyanı ödəməyəcək. Bəs necə etmək lazımdır ki, belə problemlər yaşananda vətəndaş onun əmlakına dəyən ziyana normal və qanu çərçivəsində kompensasiya ala bilsin.


Məsələ ilə bağlı “Ölkə.Az”a açıqlama verən sığorta üzrə ekspert Xəyal Məmmədxanlı deyib ki, sahibkarların və ya vətəndaşlaırn əmlakının sığortalanması ilə bağlı qanunvericilik bazası var, sadəcə, qanunvericiliyin  tətbiqinə nəzarət mexanizmi gücləndirilməlidir. “Bununla bağlı məsələ Fövqəladə Hallar Naziriliyinə (FHN) tapşırılıb və bu qurumda üzərinə düşən vəzifəni icra edərək,  vətəndaşın, sahibkarın əmlakının sığortalanmasına ciddi nəzarəti həyata keçirsin. Nəzarət etmək lazımdır ki, əmlakın sığortalanması zamanı əmlak real qiymətə uyğun şəkildə sığortaya cəlb olunsun”- deyə, ekspert bildirib.

 

Ekspertin  sözlərinə görə, əgər biz istəyiriksə ki, hansısa hadisə zamanı dəyən ziyan tam ödənilsin, o zaman şəffaflıq və malların rəsmi uçotu həyata keçirilməlidir: “Problemin yeganə yolu budur, başqa yolu yoxdur. Yəni, sahibkara, vətəndaş sığortalayacağı əmlak barədə düzgün məlumat verməlidir. Malların rəsmi uçotunu aparmalıdır”.

 

Ekspert  bildirib ki, sahibkarlar şəffaflığa riayət etmədiyindən sığortaçı onun əmlakını və ya malını sığortalamaq istəsə belə, bunu edə bilmir: “Çünki sabah hər hansı sığorta hadisəsi  baş verəndə, sahibkarın real nə qədər malı olması barədə sığortaçıda dəqiq məlumat olmur”.

 

Bununla belə X.Məmmədxanlı deyib ki, bu məsələdə  sahibkarları da anlayır “Sahibkarlar mallarını ona görə tam rəsmləşdirə bilmirlər ki, vergi onları incidir və  nəticədə əlavə xərcləri yaranır. Ona görə də hökumətə belə bir təklif verirəm ki,  sahibkarlara vergi amnistiyası versin. Məsələn sahibkarlara deyilsin ki, 2020-ci ildə anbarlarınızda olan nə qədər mal varsa, satın. Ancaq 2021-ci ildən etibarən bir manatlıq mal belə  qeyri-rəsmi almayacaqsınız və satmayacaqsınız. Belə olarsa, problem çözülə bilər”- ekspert qeyd edib.

 

Ekspert onun da təəssüflə qeyd edib ki, bu gün vətəndaşlarımız sığorta məsələsinə tam biganədirlər: “Vətəndaşlarımız və sahibkarlarımız özlərini bu ölkədə turist kimi aparırlar. Sığorta sahəsində qanunlar mövcud olsa da,  vətəndaşlarımız məsələyə laqeyd baxırlar. Onlar əsasən “əşi görək başımıza nə gəlir” , “Allaha təvəkkül” prinsipi ilə yaşayırlar”.


Ekspert onu da deyib ki, ticarət mərkəzlərində sığorta hadisəsi yarananda dükan sahibi gedib tutsun ticarət mərkəzinin rəhbərinin yaxasından, desin, ayda məndən bu qədər pul alırdın, indi ver kompensasiyamı. “Amma bu da çıxış yolu deyil. Odur ki, ən optimal variant vətəndaş əmlakını, malını sığortalamaqda maraqlı olmalıdır”- o qeyd edib.

 

Ekspert deyib ki, bu sahədə maarifləndirmə işləri də  daha geniş formada həyata keçirilməlidir. “Digər tərəfdən qanunvericilikdə bu sahədə cəzaların sərtləşdiirlməsinə də baxmaq olar.

 

Sizə bir misal çəkim. Bir sahibkar 20 milyon manatlıq obyektini sığortalamalıdır. İmzalanmış müqaviləyə  görə isə sahibkar ildə 40 min manat ödəməlidir. Ancaq sahibkar bu qədər pul vermək istəmir. Bu zaman sahibkarla sığortaçı və FHN əməkdaşı arasında bazarlıq olur. Sahibkar deyir ki, mənim bu qədər pul verməyə imkanım yoxdur. Gəl, 4 min manatlıq sığorta müqaviləsi imzalayaq. Bu da edir 2 milyon manatlıq əmlakın sığortası. Sığorta hadisəsi baş verəndə də həmin pul onun işinə yaramır. Odur ki, FHN də bu məsələlərə çox ciddi nəzarət etməlidir”.

 

 Ekpsert bildirib ki, bu problem vətəndaşların mənzillərinin sığortalanmasında da yaşanır: “İldə 20-30-50 manat sığorta ödəməkdən boyun qaçırır, ancaq hadisə baş verən kimi tez qaçır müvafiq dövlət qurumlarının  qapısının qarşısında özünü yandırmaqla,  hökumətdən yardım istəyir. Deyir ki, ay batdım, uşaqlarım küçədə qaldı. Bunun da səbəbi tənbəllikdir.  Düşünürlər ki, nə olsa, dövlət bizə kömək edəcək. Bu vərdişdən imtina etmək lazımdır. Vətəndaş zəhmət çəkib əmlakını, malını sığortalatdırmalıdır”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top