Çingiz Mustafayevin adını daşıyan radionun tezliyi niyə satışa çıxarıldı? — Bilinməyənlər

SOSİAL 09 dek 2019, 15:51

Xəbər verdiyimiz kimi, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıyan radiostansiyanın 102 FM tezliyi müsabiqəyə çıxarılıb. Bu barədə fəaliyyətini dayandırmış ANS-in keçmiş prezidenti Vahid Mustafayev məlumat verib. O bildirib ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) yeni radio kanalının yaradılması ilə bağlı müsabiqə elan edib. V. Mustafayev tezliyi əldə etmək üçün onlarla birlikdə daha 2 qurum müraciət edib.  


Məsələ ilə bağlı Milli Televiziya və Radio Şurasının Hüquq və beynəlxalq əlaqələr şöbəsi ilə əlaqə saxladıq. Şöbədən “Yeni Sabah” verilən məlumata görə, müsabiqəyə görə daha 1 qurum da MTRŞ-ya müraciət edib:

 

“Hazırda müsabiqəyə qatılan media orqanlarının adlarını açıqlaya bilmərik. Dekabrın 12-i yəni  müsabiqə başa çatdıqdan sonra biz həmin şirkətlərin adlarını açıqlaya biləcəyik. Hazırda MTRŞ-ya rəsmi qaydada 4 şirkət müraciət edib”.

 

Qurumdan 102,0 MHz tezliyi üçün müsabiqə elan edilməsinin təsadüfi olmadığı bildirilib:

 

“Məsələ burasındadır ki, efirə yararlı tezliklər təqdim olunur. Bu tezliklər satışa çıxarılmır, müsabiqəyə çıxarılır.  Tezliklər heç kimin şəxsi mülkiyyəti deyil, tezlik dövlətə məxsusdur. Biz də onu müsabiqəyə çıxarırıq və iştirak edən iddiaçı, kim ki, müsabiqədə qalib olur, tezliyi onun istifadəsinə veririk. Hazırda 102 FM efirə yararlı tezlik olduğu üçün biz həmin tezliyi müsabiqəyə çıxardıq. “Bu tezlik satışa çıxarılıb” – deyə yanlış fikir var. Tezlik satışa çıxarılmır, o istənilən kanala istifadəyə verilir. Tezlik bizim şəxsi mülkiyyətimiz deyil”.

 

Qeyd edək ki, 102,0 MHz tezliyi üçün müsabiqə Bakı və Abşeron ərazisində noyabrın 12-dən dekabrın 12-dək keçiriləcək. 102,0 MHz də əvvəllər  ANS ÇM radiosunun tezliyi olub.

 

“Axı Azərbaycan Radio yayım diapazonunda hələ 30-40 boş tezlik var, niyə məhz Çingizin 102 FM-inə tender elan edilməli idi?! Çingiz Mustafayevin 60 illik yubileyi ərəfəsində, MTRŞ tərəfindən həyata keçirilən bu əməliyyatın məqsədlərini bilmirik. Amma biz də, Milli Qəhrəmanın adını daşıyan əfsanəvi radio tezliyi qorumaq üçün, çətinliklə də olsa, bəhanələrə baxmayaraq, bu tenderə qatıldıq. Artıq məlumdur ki, bizdən başqa tenderə 2 media qurum da müraciət edib”, - deyə V. Mustafayev bildirmişdi.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top