Medianın “qoruyucu mələyindən” hələ də xəbər yoxdur

SİYASƏT 07 dek 2019, 10:37

Mətbuat Şurası söz azadlığını müdafiə edə bilmir, Media Ombudsmanı təsisatı formalaşdırılmalıdır

 

Azərbaycanda Media Ombudsmanına ehtiyac var. Bu istək illərdir, ən çox səslənən tələblərdən biridir. Yeni ombudsmanın təyinatı isə bu məsələni yenidən gündəmə gətirib.

 

Media Ombudsmanı təsisatının yaradılması üçün illər əvvəl sərəncam verilib, amma kağız üzərində qalıb. Bəs bu qurum nə vaxt formalaşdırılacaq? Və bu qurumla Mətbuat Şurasının fəaliyyət bölgüsü nədən ibarət olmalıdır?

 

Müstəqil araşdırmaçı-jurnalist Seymur Kazımov AYNA-ya deyib ki, Media Ombudsmanı (MO) ilə hazırda mövcud olan Mətbuat Şurası (MŞ) fərqli qurumlardır: “Bizdə də media ombudsmanı olmalıdır, amma bizdə bu işi umumi ombudsmana tapşırıblar. Bəzən MŞ ilə MO-nun fəaliyyətini eyniləşdirirlər, amma MŞ media, cəmiyyət və hökumət arasında tənzimləyici rol oynayır”.

“Media ombudsmanı isə KİV-in hüquq və azadlıqlarının təminatçısıdır, hökumət və dövlət qurumlarına nəzarət edir ki, KİV-in fəaliyyətinə müdaxilə etməsinlər. Eyni zamanda, KİV-lə dövlət qurumları arasında münaqişələr yaranarsa, mübahisələrin həll olunmasında iştirak edir”, - deyə Kazımov bildirib.

 

Onun sözlərinə görə, MO həm də jurnalistlərin qanunvericiliyə necə əməl etdiklərinə nəzarət edir: “Eləcə də, bəzi hüquqi, fiziki şəxslərlə, hətta hökumətlə KİV arasında olan müəyyən məsələlərin məhkəməyə qədər araşdırılması və həll olunmasına da nəzarət edə bilər”.

 

“Mətbuat Şurası isə ictimai qurumdur, ictimai nəzarət işini görür. Beynəlxalq standartlara görə, Mətbuat Şurasının iki funksiyası var: Biri şikayətləri araşdırmaq, digəri isə söz azadlığını müdafiə etmək. Hazırda bizim MŞ birinci işini edir, ikincisini isə etmir. Bir də bizimkilər, dünya mediasında olmayan “reket qəzet” adlı nəsə yeni bir şey çıxarıblar, bu da yolverilməzdir. Mətbuat Şurası, əsasən etik kodekslərə əməl olunmasına məsuldur. Azərbaycanda isə media qurumlarının etik kodeksləri yoxdur. Bir sözlə, MŞ jurnalistin fəaliyyətini etik kodeks kontekstindən tənzimləyir, MO isə bunu hüquqi yollarla edir”, - S.Kazımov vurğulayıb.

 

Media eksperti, dosent Aynur Kərimova AYNA ilə söhbətində deyib ki, dünyada medianı müdafiə edən iki qurum var: Mətbuat Şurası (Press Council) və Mətbuat Ombudsmanı (Press Ombudsman). Press ombudsmanlar daha çox Avropa ölkələrindədir və KİV-in hüquqlarının qorunması üçün işləyirlər”.

“Media özünütənzimləyən orqan olsa da, onun da hüquqlarının müdafiəsinə ehtiyac duyulur. Bizdə Mətbuat Şurası olsa da, o, jurnalistlərlə bağlı bütün məsələləri əhatə edə bilmir. Medianın imkanları böyükdür, öz fikirlərini, ideyalarını çatdırmaq gücü var, amma onun hüquqlarının müxtəlif formada pozulması halları da baş verir, yaxud hansısa jurnalistin hüquqları pozula bilir”, - deyə ekspert bildirib.

 

Kərimovanın sözlərinə görə, bizdə ayrıca Media Ombudsmanı strukturu olsa, bu, ancaq medianın inkişafına yönəlik bir addım olar: “Hazırda mediamızın zamanla ayaqlaşmağa, müasir tələblərə cavab verməyə ehtiyacı var. Medianın bir missiyası da dünyadakı trendləri çatdırmaqdır, yaxud trendlərə uymaqdır. Əgər bu strukturun yaradılmasına başlanılsa, mən də müzakirələrdə iştirak etməyə hazıram”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top