Dünyanın ən az ziyarətçisi olan yerlərinə səfərləri ilə daim öz oxucularını təəccübləndirən bestseller kitablar müəllifi Rövşən Abdullaoğlu bu dəfə yaşayış olmayan buzlar ölkəsinə – Antarktidaya yola düşüb. Fiziki hazırlıqla bərabər böyük maddi vəsait də tələb edən bu səfərin EGE hospitalın sponsorluğu ilə reallaşdığını açıqlayan Rövşən Abdullaoğlu gələcəkdə hospitalla birlikdə başqa maraqlı layihələr həyata keçirəcklərini də bildirib.
Noyabrın 21-də yola çıxmış yazıçı öz rəsmi sosial hesabında paylaşdığı məlumata görə, artıq Antarktidadadır.
Səfər müddətində Argentinanın paytaxtı Buenos Ayresdə və bir çox başqa şəhərlərində olmuş yazıçı bir çox tarixi abidələri, muzeyləri, dinozavrların qədim məskənlərindən olan İsçiqualasto və Talampaya Milli parklarını da ziyarət edib.
Ümumi ərazisi 2800 kv.km olan, bir zamanlar tamamilə yaşıllıqlarla, çaylar və sıx meşəliklərlə örtülmüş Talampaya vadisi müxtəlif dinozavrların məskəni olub, hazırda isə bu vadi hündürlüyü 145 metrə qədər olan qayalıqlardan, daşlıqlardan ibarət susuz, quraq bir səhradır. Milli parkın nəzdində olan muzeylərdə yaşı 300 milyon il əvvələ gedib çıxan çox qiymətli arxeoloji və paleontolji qazıntılar, milyonlarla il əvvəl yaşamış dinozavr qalıqları saxlanılır.
Xatırladaq ki, hər iki milli park YUNESKO-nun Dünya İrsinə daxil edilib.
Argentina ilə Braziliyanın sərhədində yerləşən, ümumi eni üç kilometr, hündürlüyü səksən metrə çatan yüzlərlə ayrı-ayrı şəlalənin birləşməsindən yaranmış möcüzəvi İquasu şəlaləsindən də maraqlı paylaşımlar edən yazar daha sonra Argentinanın və ümumiyyətlə yarımkürənin ən cənub şəhərinə - “dünyanın sonu” adı ilə məşhur olan Uşuayaya yola düşüb.
Odlu Torpaq arxipelaqında yerləşən və bir zamanlar hindu tayfalarının məskəni olan bu kiçik şəhər hazırda səyyahlar üçün Antarktidaya açılan qapı rolunu oynayır. Buradan səyyahlar, araşdırmaçılar gəmi yolu ilə Dreyk boğazından keçib pinqvinlərin vətəni olan Antarktidaya yola düşürlər.
Xatırladaq ki, Antarktida barədə qəbul edilmiş beynəlxalq sazişə görə, materik heç bir dövlətin ərazisi sayılmır və orada yalnız bir neçə ölkənin elmi-araşdırma stansiyaları fəaliyyət göstərir.
Yer kürəsində öz ibtidai təbiətini qoruyub saxlamış yeganə böyük ərazi olan Antarktidada təbii mühitin qorunması son dərəcə önəmli olduğundan gəmini kənarda saxlayıb buzlu torpağa xüsusi ekspedisiya qayıqlarında gedirlər.
Hətta motorlu qayıqlara yanacaq belə yalnız gəminin özündə doldurulur ki, suya bir damcı da olsun yanacaq tökülməsin. Antarktik stansiyalara getmək, onların elmi fəaliyyəti ilə yaxından tanış olmaq da yazıçının səfər planına daxildir.
Deyirlər, Antarktidaya səfər edənlərin bir şüarı olur: ˝Antarktidadan özünüzlə şəkildən, xoş təəssüratlardan, şirin xatirələrdən və gözəl əhval-ruhiyyədən başqa heç nə götürməyin”. Biz də yazıçımıza bu maraqlı və təhlükəli səfərdə uğurlar diləyir, gözəl təəssürat və maraqlı məlumatlarla vətənə geri dönməsini arzu edirik.