"Milli Məclisin indiki tərkibi yeni çağırışlara adekvat deyil" - Fəzail Ağamalı

GÜNDƏM 04 dek 2019, 13:27

Beşinci çağırış parlament Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Prezidentə müraciət ünvanladı. Bu müraciətin layihəsi Milli Məclisdə də oxundu. Gəlinən qənaət odur ki, hakim partiya parlamentin YAP-çı təmsilçiləri arasında islahatlar aparacaq. Bacarıqlı, dinamik, təcrübəli namizədlərlə yeni seçkilərə gedəcək.

 

Bu aralar tək YAP-da deyil, parlamentdə təmsil olunan Ana Vətən Partiyasında da islahatlara başlanılıb. Artıq partiya sədri özünə yeni müşavirlər, müavinlər təyin edib. Elə bu mövzularla bağlı millət vəkili, AVP sədri Fəzail Ağamalı ilə söhbətləşmişik. Fəzail müəllim dörd il ərzində parlamentin müxalif düşərgəsinin aksiya, piket keçiriməməsindən tutmuş, radikal müxalifətin “seçkiyə getmirik” təhdidlərinə qədər ünvanladığımız sualları cavablayıb.

 

Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin 5-ci çağırış deputatı Fəzail Ağamalının hafta.az-a müsahibəsini təqdim edirik:

 

-Fəzail müəllim, bəzi YAP-çı deputatlar Milli Məclisin özünü buraxmasını beşinci çağırış parlamentin özünü doğrultmaması ilə əlaqələndirir. Deyirlər ki, Milli Məclisin fəaliyyəti ölkədə aparılan siyasətlə ayaqlaşmır. Doğrudanmı belədir?

 

-Mən belə düşünürəm ki, bu dörd ildə parlament üzərinə düşən vəzifəni yerinə yetirdi. Həmin müddət ərzində min beş yüzdən yuxarı qanun layihəsi müzakirəyə çıxarıldı. Qəbul edildi. Parlament canlı orqanizm kimi öz üzərinə düşən vəzifənin öhdəsindən gəldi. Buna baxmayaraq, dövr, zaman dəyişib. Yanaşmalar fərqlidir. Yeni çağırışlar var. Təbii ki, Milli Məclisin indiki tərkibi bu çağırışlarla adekvat deyil. Ölkə prezidentinin yürütdüyü siyasəti, dövlətimizin və cəmiyyətimizin bütün sahələrini əhatə edən və artıq uzun müddətdir ki, ciddi xarakter daşıyan islahatlara start verilib. Bu islahatlar fundamental xarakter daşıyır. Bu islahatlar davamlıdır. Sistemlidir. Ölkənin idarə edilməsində hakimiyyətin üç qolunun ikisində bu islahatlar gedir. İcra strukturunda islahatlar aparılır. Eləcə də ölkə prezidentinin məhkəmə-hüquq sisteminin təkmilləşməsi ilə bağlı xüsusi fərmanı var. Bu fərmanın mahiyyəti də məhkəmə-hüquq sistemində islahatların aparılmasıdır. Deməli, buna uyğun olaraq parlamentdə də islahatlar aparılmalı idi.

 

-Belə çıxır ki, beşinci çağırış parlamentin üzvlərinin əksəriyyəti günün siyasi tələblərinə cavab vermirdi?

 

-Parlamentin özü də yeni zamanın tələblərinə uyğun olaraq öz işini daha yüksək səviyyədə qurmaq üçün vacib dünya görüşü, peşəkarlığı, dövlətçiliyimizə sədaqəti, vətənpərvərliyi və dövlətçilik məsələlərində prinsipiallıq nümayiş etdirən insanlarla zənginləşməlidir. Ona görə də Yeni Azərbaycan Partiyası bu amilləri nəzərə alaraq parlament seçkilərinin keçirilməsi ilə bağlı cənab prezidentə müraciət etdi. Dünən bu məsələ Milli Məclisdə oxundu. Üç nəfər istisna olmaqla 99 nəfər millət vəkili buna səs verdi. Milli Məclisin qəbul etmiş olduğu qərar cənab prezidentə ünvanlandı. Ölkəmizdə bir çox sahələrdə yeniləşmə getdiyi kimi bu yeniləşmə parlamenti də əhatə etməli idi. Məsələyə bu cür yanaşma daha doğru olardı.

 

-Yeni Azərbaycan Partiyası parlamentdəki deputatları ilə bağlı islahatlara başladı. Amma deyəsən rəhbəri olduğunuz Ana Vətən Partiyasında da bu cür islahatlara start verilib. Artıq yeni müşavirlər də təyin etmisiniz. Sizin partiyada da islahatlar növbədənkənar parlamentə hazırlıqla bağlıdır, yoxsa bu canlanmanın başqa səbəbləri var?

 

-Biz bu islahatlara parlament məsələsi gündəmdə olmamışdan başlamışıq. Biz də ölkədə, dünyada gedən prosesləri diqqətlə izləyirik. Buna uyğun olaraq adekvat addımlar atmağa çalışırıq. Son aylarda, xüsusən də 2017-ci ildən bu yana Azərbaycana qarşı təzyiqlər artmağa başladı. Bu təzyiqlərin miqyası getdikcə daha da genişləndi. Anti-Azərbaycan və onun içərisində yer alan avanturist, anarxist, anti-milli qüvvələrin fəaliyyəti aktivləşdikcə düşündük ki, elə etməliyik Azərbaycana qarşı təhdidlərin qarşısında daha ciddi şəkildə dayanaq. Dövlətçiliyimizə öz töhfələrimizi verək. Yeni simaların, daha aktiv insanların partiyaya dəvət olunması qənaətinə gəldik. Bununla bağlı hələ parlamentin buraxılması məsələsi gündəmə gəlməmişdən xeyli əvvəl danışıqlar aparırdıq. Müzakirələr gedirdi. İmzalanan sənədlər, atılan addımlar bir günün işi deyildi. Aparılan araşdırmalar, danışıqlar bu günlərdə konkret addımlarda öz əksini tapdı. Bəli, biz partiyanı yeniləyirik. Bu islahatlar partiyanın rayon təşkilatlarında da aparılacaq. Düşünürəm ki, 2020-ci ilin axırına qədər Ana Vətən Partiyasının siması yenilənəcək.

 

-Fəzail müəllim, dekabrın 23-də ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək. Yəqin ki, bundan bir qədər sonra növbədənkənar parlament seçkiləri baş tutacaq. Bir çox siyasətçilər hesab edir ki, ölkə başçısı radikal müxalifətə bu seçkilərdə iştirak edib nəyə qadir olduqlarını nümayiş etdirmək üçün şans yaratdı. Yəni, bu o deməkdir ki, elektoratınız, sosial bazanız varsa, seçkilərə qatılın. Amma radikal müxalifət adlandırılan düşərgə hər iki seçkiyə qatılmamaqla bağlı çağırışlar, təhdidlər səsləndirir. Məsələyə sizin münasibətiniz necədir?

 

-Düşünürəm ki, bu onların zəifliyinin əlamətidir. Qarşıdan gələn bələdiyyə və parlament seçkilərində onlar məğlubiyyətlərini göz önünə gətirərək özlərini sığortalamaq üçün bu tip əsası olmayan bəyanatlarla çıxış edirlər. İllərdir ki, radikal müxalifət bu baykot anlayışından istifadə etməklə məşğuldur. Ancaq onların baykot qərarlarının keçirilən seçkilərə zərrə qədər təsiri olmayıb. Bundan sonra da olmayacaq. Hələ ulu öndərimizin zamanından radikal müxalifət boykot anlayışından istifadə edir. Göründüyü kimi onların bu qərarlarının heç bir nəticəsi yoxdur. Xalq birmənalı şəkildə onlara dəstək verməyib. İndi radikal müxalifət çox zəifdir. Bunların sosial dayaqları demək olar ki, yox dərəcəsindədir. Ofis partiyasına çevriliblər. Son vaxtlar həmin qüvvələrin mühacir alveri ilə məşğul olmaları ilə bağlı ciddi faktlar ortaya çıxdı. Həm Müsavat Partiyası, həm də Azərbaycan Xalq Cəbhəsi Partiyası alverlə məşğuldur. İnsan alveri ilə, mühacir alveri ilə... Siyasətlə məşğul deyillər. Bütün bu siyasi dəllallıqları ilə gündəmdə qalmaq istəyirlər. Ona görə də onların seçkidə iştirak edib-etməməsi qarşıdan gələn bələdiyyə və parlament seçkilərinin gedişinə heç bir təsir göstərməyəcək. Bunu tam məsuliyyətlə deyirəm. Onlar artıq ölkədə gedən ciddi dəyişikliklərin, yenilənmələrin içərisində əriyib yox olmaqdadırlar.

 

-Bir çoxları beşinci çağırış parlamentdə təmsil olunan 10-dan çox partiyanın fəaliyyətindən narazıdır. Deyirlər ki, arxada qalan 4 il ərzində onların fəaliyyəti sönük olub. Dövlətçiliyə qarşı yönəldilən hadisələrlə, eləcə də bir çox sosial məsələlərlə, sosial və ictimai çağırışlarla bağlı susqun mövqe tutublar. Yəni, parlamentdə təmsil olunan partiyalar bu 4 il ərzində hər hansı piket, mitinq, aksiya keçirməyiblər. Siz də həmin parlamentdə alternativ qüvvəni təmsil edirdiniz. Razılaşırsınızmı bu ittihamlarla?

 

-Təssüf ki, bu həqiqətdir. Mən buna təssüf edirəm. Hər halda hər bir siyasi partiya öz proqramına uyğun olaraq fəaliyyətini qurmalıdır. Milli Məclisdə təmsil olunan partiyalar da əlavə imkanlar, səlahiyyətlər qazanırlar. Tribuna əldə edirlər. Dəfələrlə söyləmişəm, bir daha təkrar edirəm, ölkə iqtidarının yüksək məsuliyyəti var və bu məsuliyyət Azərbaycan dövlətinin, xalqımızın təhlükəsizliyini təmin etmək, bütövlükdə Azərbaycan Konstitusiyasının qarşıya qoyduğu vəzifələri reallaşdırmaqdır. Dövlət bunun üçün mümkün olan və olmayanların hamısını edir. Azərbaycan artıq ölkə prezidentinin rəhbərliyi altında bugünkü səviyyəyə qalxıb. Bu gün iqtidar öz məsuliyyətini yüksək səviyyədə dərk edərək xalqımıza və dövlətimizə ləyaqətlə xidmət etməkdədir. Bununla bərabər, iqtidardan kənarda olan və parlamentdə təmsil olunan, olunmayan müxalifət qüvvələrinin də öz məsuliyyəti var. Əgər bunlar siyasi partiya olaraq siyasi prosesdə iştirak etməyi özlərinə məqbul hesab edirlərsə, onlar ancaq öz maraqlarına uyğun olan addımlar atmaqla kifayətlənməli deyillər. Eyni zamanda, onlar dövlətçiliyin mövqeyini müdafiə etməlidirlər. Dövlətçiliyə gələn təhdidlərlə bağlı öz iradələrini nümayiş etdirməlidirlər. Bir çox hallarda biz bunu müşahidə etmirik. Bu da təssüf doğurur.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top