"Parlament seçkisiyilə bağlı mənim fərqli yanaşmam vardı" - Deputat

SOSİAL 03 dek 2019, 14:50

"Görürəm burada parlamentin növbədənkənar seçkiylə bağlı dünənki qərarı və ümumiyyətlə, hakimiyyətin bu qolu haqda müxtəlif fikirlər var. İzninizlə iki çağırış deputat seçilmiş bir soydaşınız kimi mən də öz düşüncələrimi sizinlə bölüşüm".

 

Bu sözləri Milli Məclisin deputatı Sahib Alıyev özünün feysbuk hesabında yazıb.

 


Deputat hesab edir ki, 1995-ci ildən üzü bəri Azərbaycan parlamentarizmini bizim kimi yeni müstəqillik əldə edən ölkələrin çoxundan müsbət anlamada fərqləndirən cəhət odur ki, burada indiyə qədər başqa dövlətlərin və yaxud da lobbi qruplarının təsiri altında bir dənə də qanun qəbul edilməyib:

 

"Bir sözlə, bu illər ərzində Milli Məclis həmişə adındakı milliliyi doğruldub. Fikrimcə, ölkəmizdəki sabitlik həm də bundan və hakimiyyətin müxtəlif qolları arasında ziddiyyət yox, səlahiyyətlərin dəqiq bölgüsü və sərhəddi çərçivəsində səmərəli əməkdaşlığın, harmoniyanın olmasından qaynaqlanır.


Sirr deyil ki, bəlli çevrələr ayrı-ayrı dövlətləri özlərindən tam asılı vəziyyətə salmaq üçün bəzən həmən dövlətlərdə hakimiyyətin qolları arasında ziddiyyət yaratmaq metoduna da əl atırlar. Nəticədə onu görürük ki, hətta Azərbaycandan dəfələrlə böyük insan və iqtisadi potensialı olan bəzi dövlətləri belə bir sıra hallarda xalqın seçdikləri deyil, başqa ölkələrin səfirləri yönəldirlər".

 

Növbədənkənar parlament seçkisinə gəldikdə isə S.Alıyev qeyd edib ki, bu secki nə hər hansı siyasi böhran, nə də bəzi ölkələrdə olduğu kimi çevirilişlə hakimiyyətə yiyələnlərin baş vermiş prorsesin nəticəsini kapitallaşdımaq cəhdiylə bağlıdır:

 

"Belə təşəbbüslə hakimiyyət partiyası özü çıxış edib. Və oxşar təcrübələr də az deyil. Sadəcə onu deyim ki, hakimiyyətin və hakimiyyətdəki Nur Vətən Partiyasının təşəbbüsüylə qonşu Qazaxıstanda indiyə kimi 5 növbədənkənar parlament seçkisi keçirilib və təşəbbüsçülər hamısında öz məqsədlərinə çatıblar.


Düzdür, Azərbaycandakı parlament seçkisiyilə bağlı mənim fərqli yanaşmam vardı, sadəcə səsləndirməyə növbə çatmadı və artıq qərar qəbul edildiyindən üzərinə qayıtmıram. Amma orasını deyim ki, əgər Yeni Azərbaycan Partiyası belə bir təşəbbüslə çıxış edibsə, bu, oradakıların ilk növbədə öz liderlərinə və partiyalarının potensialına əminliklərindən qaynaqlanlır. Fikrimcə, YAP belə bir addımı həm də ona görə atdı ki, sədrləri cənab İlham Əliyevin xalq arasında reytinqinin fövqalədə yüksəkliyini görür və digər partiyaların rəqiblik potensialının özlərininkindən dəfələrlə aşağı olduğunu yaxşı bilirlər".


S.Alıyevin sözlərinə görə, əgər hər hansı bir partiya nə vaxt keçirilməsindən asılı olmayaraq seçkiyə hazır deyilsə, bunun suçunu özlərində, öz liderlərində axtarmalıdırlar.

 

"Biz bunu hazırda seçikni baykot etmək istəyənlərin timsalında da görürük. Onların başında duran (lider demirəm, çünki dəfələrlə, elə noyabrın ikisində qanunsuz mitinqə cəhd zamanı qorxaqlığından irəli gələn isterik davranışıyla da o bu ada haqq etmədiyini göstərib) deyir ki, guya hakimiyyət nəticələr saxtlaşdırıldığı halda xalqın soyuğa görə küçələrə çıxmaq istəməyəcəyini bildiyi üçün seçkini qışda keçirir. Bilirsiniz, bu, hətta primitivlik də deyil. Olsa-olsa sistemdənkənar müxalifət adlandırılanların, həm də xalqdankənar olmalarının növbəti təsdiqidir. Onlar bununla Azərbaycan xalqına komfortist və öz haqqını tələb etməyən toplum kimi yanaşdıqlarını ortya qoyurlar. Xalq da bunu görür və bilir. Ona görə də onlar bu gün harda olmalıdırlarsa, elə ordadırlar və orada da qalacaqlar", - deyə deputat bildirib. (modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top