Məcburi köçkün gənclərə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edildi

SOSİAL 29 noy 2019, 16:21

Azərbaycan Hökumətinin və Dünya Bankının birgə maliyyələşdirməsi üzrə həyata keçirilən Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsinin (Əlavə maliyyələşdirmə) alt komponenti olan Məcburi Köçkün Gənclərin Dəstəklənməsi proqramının ilk mərhələsinə yekun vurulub.  

 

Bu münasibətlə noyabrın 29-da Gəncə şəhərində  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Dünya Bankının, digər aidiyyəti orqanların və  media nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

 

Tədbir iştirakçılarına məlumat verilib ki, məcburi köçkünlərin sosial problemlərinin həlli Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, maddi rifahının yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə məcburi köçkünlərə dövlət qayğısının artırılması, həmçinin özəl sektorun bu sahədəki problemlərin həllini dəstəkləməsi istiqamətində işlər aparılır.   

 

Qeyd olunub ki, ilk mərhələsi başa çatan proqram üzrə ölkədə 2500 məcburi köçkün gəncin peşə təlimlərinə cəlb olunması, seçdikləri sahələr üzrə biliyə yiyələnməsi, təcrübə əldə etməsi, təlimlərin sonunda sertifikat və avadanlıqlar alması nəzərdə tutulub. 

 

Layihənin şərtlərinə uyğun olaraq, proqram 3 mərhələdə həyata keçirilir. Birinci mərhələdə köçkün gənclərdən 833 nəfəri  6 ay  peşə və 3 ay kompüter bacarıqları üzrə təlimlər keçib. Təlimləri uğurla başa çatdıran gənclər əlavə olaraq, 15 günlük  "Biznesin idarə olunması” təlimlərinə cəlb edilib.
Layihə çərçivəsində məcburi köçkün gənclər  40-dan çox istiqamət – mühasib, dərzi, çilingər, dülgər, bərbər, plastik qapı-pəncərə ustası, dizayner, mebel ustası, xalçaçı, videooperator, fotoqraf, şirniyyatçı, rəngsaz, qaynaqçı, qaz operatoru, kompüter operatoru və s.  peşələr üzrə təlimlərdə iştirak ediblər. 

 

Peşə təlimlərini və biznes təlimi üzrə imtahanları qənaətbəxş səviyyədə başa çatdıran, biznes planları layihənin İcraçı Komitəsi tərəfindən təsdiq edilən gənclərə, öz bizneslərini formalaşdırmaq üçün, bu il noyabr ayının 19-dan etibarən alət və avadanlıqların verilməsinə başlanılıb. 

 

Gəncədə keçirilən tədbirdə də bir qrup gəncə seçdikləri peşələrə uyğun alət və avadanlıqlar verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top