Alimlər AMEA-dan Mehriban Əliyevaya ŞİKAYƏT ETDİ

SOSİAL 29 noy 2019, 16:02

Azərbaycan Respublikasının  I-Vitse Prezidenti Mehriban xanım Əliyevaya


Bakı şəhəri, Şərifzadə küçəsi ev 12 ünvanında AMEA–nın Aspirantlar Yataqxanasında daimi qeydiyyatla faktiki yaşayan sakinlər tərəfindən


                                                                                             ƏRİZƏ


Hörmətli Mehriban xanım!


Məlumunuz olsun ki, AMEA-nın mərhum  prezidenti Mahmud Kərimovun cənab İlham Əliyevə ünvanladığı 22 fevral 2011-ci il tarixli 01-3149 saylı müraciətindən sonra Dövlət Başçısının göstərişilə Bakı şəhər İcra Hakimiyyətinin 19-12-2012-ci il 564 saylı sərəncamına əsasən, Abbas Mirzə Şərifzadə küçəsi 12 ünvanında  yerləşən AMEA-nın Aspirantlar yataqxanasının sakinlərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə Yataqxananın həyətyanı sahəsində Yataqxananın sökülüb yenidən tikilməsi şərti ilə yaşayış binalarının tikintisinə icazə verilmişdir.  


14 Noyabr 2012-ci ildə AMEA  və "EvroStroy- S” MMC arasında bağlanan podrat müqaviləsinə əsasən, AMEA-ya məxsus  Aspirantlar Yataqxanasının 0,66 ha torpaq sahəsində 1 (bir) ədəd 4( dörd) girişli 16 mərtəbəli bina tikilmişdir. Tikilən binanın birinci və ikinci blokları tikinti pasportunda göstərildiyi kimi Yataqxanada yaşayan sakinlər üçün layihələndirilmişdir. 


2015-ci ildə 4 bloklu binaların tikintisi başa çatdırıldıqdan sonra AMEA-nın keçmiş prezidenti Akif Əlizadə və Tikinti Şirkəti EvroStroy-S MMC( indiki Sipark inşaat) Yataqxana sakinlərinin mənzil almaq hüququnu pozaraq mənzillərin təhvil verilməsi müddətini uzatmışdırlar. Nə qədər absurd olsa da,  İbrahim Quliyevin və Fətəli Abdullayevin rəhbərliyi ilə işləyən Mənzil bölgü komissiyası sakinlərin yataqxanaya qanunsuz yollarla gəldiklərini iddia etmiş və təəssüflər olsun ki, AMEA-nın keçmiş rəhbərliyini buna inandırmışdırlar. Halbuki bu binaların tikilməsi üçün tikinti nümayəndəsi Bəxtiyar Təhməzovun və Yataqxana komendantı Azər Əliyevin iştirakı ilə iclas keçirilərək yataqxana sakinlərinin imzaları toplanmış və hər sakinə düşəcək mənzil sahəsinin 65 m2-dən  az olmaması müzakirə olunmuşdur. 


Baxmayaraq ki, bu gün AMEA-nın İşlər idarəsinin rəhbəri Fətəli Abdullayevvə onun köməkçisi Sərdar Əliyev həmin iclasın protokolunu əsassız sənəd kimi qəbul edirlər, ancaq AMEA-nın  keçmiş rəhbərliyi və tikinti şirkəti bütün işlərini  və ölçülərini bu rəqəmlərə əsasən hesablamışdırlar. AMEA-nın keçmiş prezidenti Akif Əlizadənin KİV-lərə verdiyi müsahibələrdə tez-tez işlətdiyi 7670 m2 sahə buradan ortaya çıxmışdır (65×118=7670). Sonradan tərəfimizdən xəbər tutulmuşdur ki,  AMEA-nın keçmiş rəhbərliyi və EvroStroy-S ( Sipark) tikinti şirkəti 2012-ci ildə bağlanmış müqalivəyə əlavə olaraq 08 iyul 2015 ci il tarixli ”Podrat müqaviləsinə Əlavələr protokolu” imzalamışdır. Beləliklə, V blokun tikintisinə başlanmış və A.M.Şərifzadə küçəsi 12 ünvanında yerləşən AMEA-ya məxsus 1,026ha sahədə 1( bir ) ədəd 5( beş  girişli) 16 mərtəbəli yaşayış binasının tikintisi başa çatdırılmışdır. Nəhayət, AMEA-da keçmiş rəhbərlik tərəfindən təkrar-təkrar yaradılan Mənzil bölgü komissiyası 13 may 2017-ci il tarixində püşkatma yolu ilə mənzil bölgüsü keçirərək 54 ailəyə V blokda mənzil verildiyini qeyd etmişdil7ər. Bir müddət sonra keçmiş AMEA rəhbərliyinin  göstərişi ilə püşkatma ləğv olunaraq müxtəlif tarixlərdə Yataqxanada yaşayan sakinlərin bir qisminə 5-ci blokda, bir qisminə isə Bakı şəhərinin müxtəlif qəsəbələrində (Masazır, Buzovna, Xırdalan şəhərində şirkətə aid olmayan  tikinti binalarında), bir neçəsinə isə yaşayış massivi olmayan mandsar qatında mənzil təqdim edilmişdir. 


Yataqxananın süpürgə otağına qeydiyyatda olan və yataqxanada  yaşamayan 17 ailəyə isə müqavilənin 2.1.3-cü bəndində nəzərdə tutulan öhdəliyini pozaraq müəyyən qarşılıq əsasında yataqxanın həqiqi sakinləri üçün ayrılan mənzil sahəsi  təqdim edilmişdir.  Qalan sakinlər isə (55 ailə) müxtəlif bəhanələrlə mənzil bölgüsündən kənarda saxlanmışdır. AMEA-nın keçmiş rəhbərliyi və "EvroStroy-S”( Sipark) şirkətində rəhbər vəzifə tutan şəxslər öz vəzifələrindən sui-istifadə edərək, Yataqxana sakinlərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikilən birinci və ikinci bloku satışa çıxarmışdır. Bu gün  bizə məlumdur ki, birinci və ikinci bloklarda 128 mənzil var. Onlardan 56  mənzil AMEA–nın keçmiş rəhbərliyinin və tikinti şirkətinin əli ilə satılmış, 76 mənzilin isə aqibəti bilinməməkdədir. AMEA-nın keçmiş prezidenti A. Əlizadə, Vitse-prezident İ. Quliyev, İşlər müdiri F. Abdullayev 07.10.2013 cü il tarixində bizə ayrılan 800 m2 ərazini mənimsəyərək bizi mənzil əldə etmək hüququndan məhrum etmşdirlər. 


Deməli belə çıxır ki, Bakının, eləcə də ölkəmizin gözəl guşələrində sonsuz sayda evləri, villaları olan bu məmurlar "N”-ci evi ala bilərlər, ancaq biz həyatımızda sahib ola biləcəyimiz, yeganə ümidimiz olan 65 m2  sahəyə sahib ola bilmərik. Bunu tələb etdikdə isə AMEA-nın keçmiş rəhbərliyi və əlaltıları cəmiyyətdəki nüfuzlarına güvənərək bu qanunsuz əməllərinə davam etmiş, habelə ona qanuni don geyindirməkdən və bizi isə sui-istifadəçi adlandırmaqdan çəkinməmişdirlər.  27.11. 2019 tarixdə bizi qəbul edən  İşlər idarəsinin  müavini Sərdar Əliyevin də, Akif Əlizadənin rəhbərliyi ilə  AMEA da yüksək vəzifə tutan məmurların  qanunsuz əməllərini ört-basdır edərək Bakı şəhər İcra hakimiyyətini, FHN-i, Yasamal  rayon polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət idarəsini saxtakarlıqda günahlandıraraq  tikintiyə aid əlimizdə olan bütün sənədlərin saxta olduğunu və bizim 30 ildən artıq bu yataqxanada  qeyri-qanunui yaşamağımızı iddia etməsi AMEA-nın keçmiş rəhbərliyinin və əlaltılarının bizim mənzil almaq hüququmuzu   pozaraq və bizə düşən mənzilləri  qanunsuz olaraq necə mənimsədiklərini sübut edir. 


Dəhşətli olan budur ki, Akif Əlizadə AMEA-da rəhbərlik etdiyi  dövrdə əlaltıları ilə birlikdə  həyata keçirdikləri bütün qeyri- qanuni əməlləri  başqalarının səhvi kimi göstərib can qurtarmağa çalışırlar. Halbu ki bununla öz saxtakarlıqlarını ehtiraf etmiş olduqlarını gözdən qaçırırlar. Bu günlərdə Dövlət Başçısının Bakı şəhər İcra Hakimi  Eldar Əzizovla  görüşü zamanı "Şəhərsalma qaydalarının pozulması və mövcud binaların  düz önündə yeni hündürmərtəbəli  binaların tikilməsi dırnaqarası sahibkarların köhnə binalarda yaşayan vətəndaşların  Günəş işığından məhrum edilməsi” probleminə toxunmasna   7 ildir Yataqxana sakinlərinin məşəqqətli həyatını bariz nümünə kimi göstərmək olar.  


A.M.Şərifzadə 12 ünvanında ucalan  5 bloklu 16 mərtəbəli binaların  ortasında qalan yataqxana və goydələnlərin ucalması üçün icazə verən bütün səlahiyyətli orqanlar bu yataqxanada  yaşayan və mənzil almaq hüquqları AMEA ilə EvroStroy-S MMC( indiki Sipark inşaat)  tərəfindən pozulan vətəndaşların yaşamaq üçün mövcud olan bütün hüquqlarını pozmuşdurlar. Bu illər ərzində Yataqxananın qapısını açmayan və burada yaşayan sakinlərin həyat tərzi ilə tanış olmayan  AMEA-nın keçmiş rəhbəri və Mənzil Bölgü Komissiyası  bu insanların taleyini bizə düşən mənzilləri mənimsəməklə həll edə bilərdilər.


AMEA-nın keçmiş prezidenti Akif Əlizadə  və AMEA-da yüksək  vəzifə tutan şəxslər tərəfindən mənimsənilən:


Əlizadə Akif  Ağamehdi oğlu adına( Müqavilə:72;73)Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 5 girişli  16 mərtəbəli yaşayış evinin giriş 4 mərtəbə 5 də 241saylı 4 otaqlı (178,3m2) və 242 saylı 2 otaqlı (63,4m2) mənzillər;


 – Gəlini  Əlizadə Tamilla Aşum qızı adına (Müqavilə:74;75)Yasamal rayonu A.M. Şərifzadə 12 ünvanında inşa olunan 5 girişli 16 mərtəbəli yaşayış evinin giriş4 mərtəbə 6 da  247 saylı 4 otaqlı (178,3m2) və 248 saylı 2 otaqlı(63,4m2) mənzillər;  
       

  -Vitse-prezident Quliyev İbrahim Səid oğlu adına( Müqavilə: 76) Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 5 girişli  16 mərtəbəli yaşayış evinin giriş 4 mərtəbə 7də  253 saylı 4 otaqlı (178,3m2) mənzillər;


  -İşlər müdiri Fətəli Abdullayevin sürücüsünün yoldaşıBayramova Ülviyyə Rafiq qızının adına(Müqavilə:77) Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 5 girişli  16 mərtəbəli yaşayış evinin giriş 4 mərtəbə 8 də 259 saylı 4 otaqlı(178,3m2) mənzillər;


Hörmətli Mehriban xanım, mənzilləri ələ keçirməsi, öz adlarına və qohumlarının adlarına rəsmiləşdirməsində birbaşa "Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə”  cinayətinin tərkib əlamətləri mövcuddur. Bu isə Cinayət Məcəlləsinin 308-ci Maddəsi ilə cəza təhdidi altında qadağan olunmuş əməl hesab edilir. 


Ona görə də xahiş edirik ki, bu faktın araşdırılmasını və həmin şəxslərin əməllərinə hüquqi qiymət verilməsi məsələsi ilə bağlı müvafiq addımlar atılması üçün lazımi struktur vahidlərinə göstəriş verəsiniz.


Hörmətli  Vitse-Prezident, artıq AMEA-nın keçmiş rəhbərliyi və əlaltıları  sayəsində normal  bir ziyalı kimi, insan kimi yaşamaq üçün lazım olan iş yerimiz və evimiz yoxdur. Sizdən AMEA-nın yeni rəhbərliyinə, eləcə də müvafiq orqanlara bizim pozulan "mənzillə təmin olunmaq” hüququmuzun bərpasının gündəmə gətirilməsini  və  mənzillərimizin qaytarılması üçün göstəriş verməyinizi xahiş edirik.  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top