Prezidentə mane olan parlament...

TƏHLİL 28 noy 2019, 22:34

Azərbaycanda təkcə hakimiyyətdəki sifətlər deyil, həm də onun anlayışı, mahiyyətinin təbiəti dəyişir. Son aylar ərzində İlham Əliyev faktiki olaraq Azərbaycan hakimiyyətinin struktur-funksionalist interpretasiyasını dəyişdi.

 

2003 və 2005-ci illərdə baş vermiş iki təhlükəli dövlət çevrilişi cəhdindən sonra başladılmış, prezidentin tələbə gəncliyin qarşısındakı son çıxışında barəsində ətraflı bəhs etdiyi siyasi stabilizasiya dövrü ilə İlham Əliyevin başlıca missiyası başa çatdı-Azərbaycanda dayanıqlı və sarsılmaz siyasi sistem formalaşdı.

Narıncı vəbanı ancaq güclü əl dayandıra bildi

 

Hərçənd 2000-ci illərin əvvəllərindəki açıq qiyamlardan sonra da müxalifətin milli-demokratiya qismində revanşist hissəsi dünya permanent geosiyasi inqilab nəzəriyyəsinin müəlliflərinin dəstəyi ilə dəfələrlə cəmiyyətdə qiyamçı əhval-ruhiyyəsini qızışdıraraq status-kvonu dəyişməyə cəhd ediblər. Və 2010-cu ildə, parlament seçkilərinin ərəfəsində, həm 2013-cü ildə “feysbuk inqilabı”nın qızğın vaxtında milli-demokratlar və yeni gizli müxalifətin nümayəndələri ictimai şüura sosial şəbəkə adlı yeni informasiya fenomeninin köməyi ilə təsir göstərib manipulyasiyalar edərək situasiyanı qarışdırmağa yönəlmiş israrlı cəhdlərini davam etdiriblər.

yeni siyasi sistem gizli müxalifəti də "feysbuk inqilabı" ərəfəsində vurub sıradan çıxardı

 

Bircinsli, yekdil Əliyev hakimiyyəti məhz dayanıqlı və sarsılmaz siyasi sistemin sayəsində, hakimiyyətin icraedici qolunun siyasi texnoloqlarının adı ilə bağlı olan sistemin hesabına Şərqi bürüyən dünya inqilab kabusunun Azərbaycana keçməsinin qarşısını aldı. Suveren demokratiya formatında mütləq və sarsılmaz siyasi sabitliyə nail olandan sonra İlham Əliyev möhkəm ictimai etimada əsaslanaraq yeni eranın-iqtisadi reformasiyanın başlandığını elan etdi. İqtisadiyyatın keyfiyyətcə yenilənməsi, onun diversifikasiyası və azad bazara,-bu sözün tam mənasında,-transformasiyası üçün dövlət başçısına idarəedici və icraedici bölgüyə malik yeni struktur-funksional hakimiyyət lazım gəldi. Demərkəzləşməyə doğru  ilk addım təcrübəli təsərrüfatçı və inzibatçı Əli Əsədov başda olmaqla yeni texnokrat Nazirlər Kabinetinin formalaşması oldu.

 

Əvvəllər Prezident Administrasiyasının icraedici vertikalına daxil edilmiş  sovetdənqalma Nazirlər Kabineti böyük ölçüdə notarial-təmsilçilik funksiyalarını yerinə yetirirdi. İqtisadiyyatın idarə edilməsi böyük ölçüdə Prezident Administrasiyası və əsas nazir-oliqarxlar tərəfindən həyata keçirilirdi. Əvvəlki kataklizmlər dövründə  icraedici hakimiyyət qolunun alternativsizliyini və əllə idarəetmənin vacibliyini müəyyən edən belə nisbi yanaşma siyasi stabilizasiyanın təmin edilməsində müəyyən rol oynadı. Hakimiyyətin demərkəzləşməsi və qollara bölünməsi gərgin daxili siyasi situasiyada fəlakətli təsir göstərə bilərdi. Hakimiyyət dəmir iradə nümayiş etdirməli idi. Mərkəzdənqaçma qüvvələrin artmasını dayandırmaq və “əbədi Qarabağ alovu” fonunda sistem sabitliyə nail olmaq ancaq güclü əlin köməyi ilə mümkün idi.

 

Əliyev hakimiyyəti vertikalı bu tarixi vəzifənin də öhdəsindən gəldi, Azərbaycanı ən pis icrada və özünü ən pis tərəfdən göstərən  ukrayna-gürcü, daha sonra isə ərəb ssenarisindən qorudu. Lakin yuxarıda qeyd olunduğu kimi, iqtisadi transformasiya mərhələsi gəlib çatdı. Sistemli siyasi sabitliyin əsasını təşkil edən iqtisadi inkişaf və cəmiyyətdə rifah olmadan ölkə üçün siyasi-sosial inkişafın yeni mərhələlərini əvvəlcədən müəyyənləşdirmək mümkün deyil.

 

İlham Əliyev “Sinqapur iqtisadi möcüzəsinin” müəllifinin ən yaxşı ənənələrinə uyğun olaraq özündə güc və cəsarət tapıb Azərbaycanın siyasi-iqtisadi quruluşuna tənqidi yanaşmağı bacardı. Hakimiyyət partiyasının lideri üçün ağlasığmaz dərəcədə cəsarətli hərəkət idi. Bütün uğurlara və nailiyyətlə baxmayaraq prezident özü üçün bu quruluşun bir çox nöqsanlarını və çatışmamazlıqlarını aşkarladı. Doğrudan da Azərbaycana daha müxalifət nə gərəkdir, bir halda ki, bu rolu prezident üzərinə götürüb və məmur sinfinin, mühafizəkar sistemin kritik səhvlərini, qeyri-mükəmməlliyini sərt, amansız tənqidə məruz qoyur. İlham Əliyev siyasi və iqtisadi islahatların sürətləndirilməsi kursu götürüb. Prezident yuxarıdan inqilabın başladığını hamıya elan edib.

İlham Əliyev ölkənin başlıca müxalifətçisi qismində

 

Dövlət başçısı icraedici hakimiyyətin , özünün administrasiyasının və Nazirlər Kabinetinin yenidən formalaşdırılması ilə başladı. Sonra hökumətdə strukturu yenilədi və prezident yeni nəsil nazir-texnokratlara kart-blanş verdi.

 

Bu ilin yayında məhkəmə-hüquq islahatları da elan edildi. İ.Əliyev məhkəmə orqanlarında korrupsiyadan və qeyri-prosessual münasibətlərdən narazı idi, bu da  prezidentin tarixi yaz fərmanında öz əksini tapdı. Və ən yaxın zamanlarda İlham Əliyev şübhəsiz ki, başladığı islahatları sona çatdıracaq və milli məhkəmə sistemində birdəfəlik qayda-qanun yaradacaq-bu da qarşıdakı iqtisadi islahatların hüquqi qarantıdır.

 

Təbii ki, dövlət hakimiyyətinin qollara ayrılması özünün sonrakı məntiqi davamını da tapmalıydı. Azərbaycana yeni, məsuliyyətli və sanballı parlament lazımdır. İslahatların və yenilənmənin ruhuna uyğun. Açıq etiraf edək-prezident Milli Məclisin indiki tərkibindən narazı idi. Son illərdə komprador parlamenti daha çox “boyar dumasına” bənzəyirdi, icraedici hakimiyyətin əlavəsi rolu ilə məhdudlaşırdı və özünün başlıca, taleyüklü missiyasından-qanun yaradıcılığından uzaqlaşmışdı. Parlament həm prezidentin etimadını, həm seçicilərin dəstəyini itirmişdi. Hərçənd ədalət naminə qeyd etməliyik ki, parlamentin divarları arasında layiqli xalq elçiləri də var. Və bütün görünən odur ki, seçicilər öz səslərini yenidən həmin deputatlara verəcəklər.

bu "boyar duması" ilə hara getmək olar?

 

İslahatların bu epoxal kulminasiya məqamında Milli Məclis sadəcə olaraq siyasi qəlibdən çıxmışdı. Təəsüf ki, bütövlükdə bu parlament  prezidentin özünün yeni komandasının bütün nümayəndələri üçün elan etdiyi yüksək mənəvi və intellektual tələbələrə cavab vermirdi.

 

Şübhəsiz ki, parlamenti xalq seçir. Və istərdik ki bu dəfə, növbədənkənar parlament seçkilərində seçicilər prezidentlə və onun yeni dövrü ilə ayaqlaşaraq tamamilə fərqli qanunvericilər-peşəkar siyasətçilər, hüquqşünaslar, iqtisadçılar seçsin...

Xalqın səsi-Allahın səsidir

Əlbətdə ki, sual yarana bilər-doğrudanmı növbəti payıza, növbəti parlament seçkilərinə qədər gözləmək olmazdı, axı parlament seçkilərinin vaxtına elə də çox qalmır. Cəmi bir an-axı indiki parlamentin cəmi bir baharlıq ömrü qalırdı və sonra yay tətilinə yollanacaqdı. Bəli, hakim YAP şübhəsiz ki, növbəti payıza qədər də gözləyə bilərdi. Lakin prezidentin başlatdığı iqtisadi islahatlar gözləyə bilməz, islahatların sürətləndrilməsi ləngiyə və yolda ilişib qala bilər. Ortada mühüm və təxirəsalınmaz qanunvericilik və normativ-hüquqi aktların qəbul edilməsinin taleyi dayanır. İndiki parlament isə gücsüzdür, iş qabiliyyətli deyil və iflic olub, prezident isə belə parlamentlə yola davam edə bilməz.

 

Hökumət ölkənin bank, maliyyə və məhkəmə sisteminin yenidən  formalaşmasının yekun mərhələsinə yaxınlaşır. Məhz buna görə də siyasi məqsədəuyğunluğu yuxarı küncə qoyan YAP-parlament çoxluğu partiyası asan olmayan, ümumən daxili siyasi fəallaşma və mərkəzdənqaçma qüvvələrinin artımı baxımından riskli, amma islahatların sürətləndirilməsi rakursunda qanunauyğun addım ataraq Milli Məclisin özünü buraxmasının zəruriliyi haqda qərar verdi. Şübhəsiz ki, bu yüksək siyasi məsuliyyət hakim patiyanın nüfuzunu möhkəmləndirəcək. Öz əli ilə öz parlament hakimiyyətindən imtina etmək, öz qələbəsini gələcək dəyişikliklər naminə ləğv etmək  yüksək siyasi mədəniyyət nümunəsidir. Və prezidentin tarixi əhəmiyyətli islahatlarının sürətləndirilməsi strategiyasının dərkidir.

 

Müəllif: Eynulla Fətullayev

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top