"Azərbaycan jurnalistləri gəlib bir şey yazmayıblar, amma ermənilər..." – Sabiq nazirlə MÜSAHİBƏ

MÜSAHİBƏ 28 noy 2019, 21:51

“AzPolitika.info” sabiq xarici işlər naziri, təcrübəli diplomat Tofiq Zülfüqarovla Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının danışıqlar prosesində iştirakı ehtimalı və digər məsələlər barəsində söhbətləşib. 

 

Demokrat.az həmin müsahibəni təqdim edir:

 

- Tofiq müəllim, son dövrlər danışıqlar prosesi olmasa da, müəyyən aktivlik müşahidə olunur. Buna misal kimi münaqişə tərəfi olan ölkələrin jurnalistlərinin qarşılıqlı səfərlərini, icmaların aktivliyini göstərmək olar. Hazırki situasiyanı necə şərh edərdiniz? 

 

- Danışıqları hər iki ölkənin xarici işlər nazirləri aparır. İcma məsələsi haradan ortaya çıxdı? Bəli, vaxtı ilə bu söhbətlər olub, amma erməni işğalçı ordusu Laçını, Kəlbəcəri, Zəngilanı və digər rayonları işğal etdikdən sonra ortada separatizm adında məsələ qalmayıb. Biz, birmənalı işğala məruz qalmışıq. 

 

İkincisi, indiki mərhələdə Ermənistan rəhbərliyi ikili mövqe nümayiş etdirir. Bir tərəfdən bəyan edirlər ki, Dağlıq Qarabağ Ermənistanındır, digər tərəfdən də bildirirlər ki, Dağlıq Qarabağ, onların təbrincə desək, “artsax” danışıqlarda iştirak etməlidir. Bu ideyanı təbliğ etmək üçün jurnalist səfərlərini təşkil edirlər. Siz gördünüz ki, erməni jurnalistlər Ermənistana çatmamış bildirirlər ki, səfərdə Dağlıq Qarabağın nümayəndəsi də iştirak edib. Hələ əlavə ediblər ki, bizim azərbaycanlı jurnalistlərin təhlükəsizliyini Dağlıq Qarabağın hüquq-mühafizə orqanları təmin edib və s. Yəni təbliğat üçün belə bir şərait yaradıblar. 

 

Üçüncüsü, bizim Xarici İşlər Nazirliyi bəyanat yayıb ki, guya danışıqlarda azərbaycanlı və erməni icmaları iştirak edəcək. Bu söhbətlər 1998-ci ildən əvvəl olub. 1998-ci ildən bu yana icma söhbətləri olmayıb. Heydər Əliyev-Köçəryan görüşündən sonra iki ölkə arasında birbaşa danışıqlar başlanıb. İndi köhnə söhbətlər nəyə lazımdır? Guya Dağlıq Qarabağ icmasının sədri Amerikaya səfərə gedir. Buna qədər niyə getmirdi, niyə indi gedir? Və ya Laçının, Kəlbəcərin, habelə Ağdamın icma sədri niyə ABŞ-a getmir? Dağlıq Qarabağ icmasının və digər icmaların hüquqlarını danışıqlar prosesində Azərbaycan dövləti təmsil və müdafiə edir. Bir tərəfdən icma deyəndə bu patriotizm kimi səslənir, amma əslinə qalsa, bu, bizim mövqeyimizi zəiflədir. Mənim iradım bundan ibarətdir və bunu da açıq şəkildə demək istəyirəm. 

 

Bir var iki ölkə arasında münaqişə, biri də var ölkə daxili separatizm xarakterini alan münaqişə. Bizdə daxili separatizm xarakterini alan münaqişə yoxdur. Ermənistan dövləti və ordusu bütün gücü ilə bizim ərazilərimizi işğal edib və hazırda da ərazilərimizdə dayanıb. Burada separatizm deyil, işğal faktı var. 

 

- Yəni düşünürsünüz ki, jurnalistlərin qarşılıqlı səfərlərinə ehtiyac yoxdur və bundan erməni tərəfi təbliğat kimi istifadə edir? 

 

- Bu tədbirləri hazırlayarkən Azərbaycan tərəfindən peşəkar şəkildə iş görülməli idi. O mənada ki, ermənilərə imkan verilməməli idi ki, onlar bu səfəri istədikləri fomada yozsunlar, təhlil etsinlər. Azərbaycan jurnalistləri gəlib bir şey yazmayıblar, amma ermənilər səhərdən axşama qədər deyirlər ki, bəs onları “artsax” dəvət edib. Belə şey olar? Digər tərəfdən, bizim ictimaiyyətdə təəssürat necə olmalıdır? Bizə ağlaşma lazımdır, yoxsa müharibə və işğalçını qovmaq ab-havası? Mən hesab edirəm ki, sonuncu lazımdır. 

 

- Əslində jurnalistlərin qarşılıqlı səfəri sanki bir müddət qapalı saxlanıldı və sonra açıqlandı. Hətta bizim XİN-in mətbuat katibi noyabrın 18-də bildirmişdi ki, erməni jurnalistlərinin Bakı səfəri haqqında məlumatsızdır... 

 

- Mən bir söz deyə bilmərəm. Çünki az qala indi küçədən geçən də XİN-i tənqid edir. Hamı başa düşür ki, Lavrov birbaşa nə deyirsə, bu da baş verir. Məsələn, Lavrov Yerevanda elə-belə deməyib ki, “Dağlıq Qarabağ xalqı” bununla razılaşmalıdır. Bunun da üzərindən səfəri təşkil ediblər. Səfərdən də yeganə təəssürat odur ki, bu prosesdə “artsax”ın nümayəndəsi də olub. Vəssalam. Biz indi kimə şikayət edək? Lavrova, “artsax”ın nümayəndəsinə, yoxsa bizim XİN-ə? Başa düşmək olmur ki, XİN kimi müdafiə edir. Mən bunu açıq deyirəm. 

 

- Sizcə, jurnalistlərin qarşılıqlı səfərinin təşkili ideyası hardan gəlib? 

 

- ATƏT və guya əsas rol oynayan onun icraçı sədrinin şəxsi nümayəndəsindən. Yəni Anje Kaspşikin ofisi. Amma onun mandatında belə məsələ yoxdur. Onun mandatı qəbul olunanda Azərbaycan tərəfi təkid edib ki, Kaspşikin ofisləri Ermənistan və Azərbaycanda olacaq. Ortaya sual çıxanda ki, bəs Dağlıq Qarabağda necə? Biz bildirdik ki, ora Ermənistanın nəzarəti altındadır, çünki həmin ərazilərdə Ermənistanın işğalçı ordusu dayanır. Bununla da məsələ bitdi. Onların da qeydiyyatı Tbilisi şəhərindədir. Yəni bu birinci hal deyil ki, ermənilər ruslarla birlikdə edib. Amma biz vaxtında buna layiqli cavab verirdik. İndi isə bilmirik ki, nə baş verir. Siz cavab hiss etdinizmi? Şəxsən mən hiss etmədim. 

 

- Yəni bilib-bilmədən prosesə qoşulmuşuq?... 

 

- Şəxsən mən qoşulmamışam və hesab edirəm ki, xalqımız da qoşulmayıb. 

 

  - Əlbəttə ki, söhbət sizdən-bizdən deyil, diplomatiyamızdan gedir... 

 

- Mən bildiyimə görə nazir heç kimə imkan vermir ki, bu məsələyə müdaxilə etsin. Nə nazir müavinlərinin xəbərləri var, nə də digərlərinin. Açıq danışaq, hamı başa düşür ki, bu təkcə nazirin fəaliyyətidir. Ancaq bu vəziyyətin nə vaxta qədər davam edəcəyini bilmirəm. 

 

- Həqiqətənmi, nazir, hətta öz müavinlərinin belə Dağlıq Qarabağ məsələsi ilə məşğul olmasına imkan vermir? 

 

- Bəli. Görüşlərdən sonra da hesabat vermir, kollegiya olmur və s. 

 

- Amma Azərbaycan XİN-də kifayət qədər sanballı diplomatlar , mütəxəssislər var. Bir vaxtlar nazir müavini Araz Əzimov Qarabağ mövzusunda çox fəal idi...

 

- Təbii ki, mütəxəssislər var, amma onlara da imkan verilmir ki, söz desin. Bir daha deyirəm, bu icma məsələsi göz qabağındadır. XİN-in bəyanatlarına diqqət edin. Yenə də başlayırlar köhnə sözləri istifadə etməyə ki, guya 1992-ci ildə mandat qəbul edilib və s. Amma mandat qəbul edildikdən sonra Ermənistanla sərhəddə yerləşən rayonlarımız, habelə Dağlıq Qarabağla Ermənistanı ayıran rayonlar işğal altına düşüb. Və demək olar ki, Dağlıq Qarabağın “ordusu” ilə Ermənistan ordusu birləşib. Ermənistanın iki prezidenti Dağlıq Qarabağdan çıxıb, maliyyə sistemi eynidir. Hətta baş nazir Şuşada bəyan edir ki, “Dağlıq Qarabağ Ermənistandır, nöqtə”. Ondan sonra nəyə görə bunlar edilir, biz özümüzü aldadırıq? Ermənistan bizi aldadır, çünki maraqları var. Onlar istəyirlər ki, Ermənistanı zərbənin altından götürsünlər və danışıqlarda tərəf kimi beynəlxalq ictimaiyyətə qondarma qurumu təqdim etsinlər. Danışıqlarda da çalışırlar ki, Azərbaycan iki tərəflə müzakirələr aparsın. Həm Ermənistanla, həm də qondarma qurumla. Belə oyun ola bilər? Biz nəyə görə belə oyunlara getməliyik? Sadaladığım bu məsələlərdə Azərbaycanın maraqlarına uyğun faktor var? Varsa, deyin. 

 

- Qısası, ermənilər və ruslar bizi aldatmağa çalışır və biz də başlamışıq özümüzü aldatmağa?... 

 

- Yox, bizimkilərdən kimsə bizi aldatmaq istəyir. Amma mən sizi əmin edirəm ki, hamı söhbətin nədən getdiyini başa düşür. Biz bəyəm bilmirik ki, icma nədir? 

 

- Ümumiyyətlə, sizcə, bu danışıqların bir nəticəsi olacaqmı? 

 

- Mən çoxdandan bunu demişəm. Bəyəm Azərbaycanda buna inanan adam var? Ermənistan baş nazirinin bəyanatından sonra danışıqlara inanmaq üçün əsas qalıb? Baş nazir deyib ki, torpaqların azad edilməsi istiqamətində danışıqlar aparmırıq və aparmaq niyyətində də deyilik. Əgər torpaqların azad edilməsi müzakirə edilmirsə, onda nə müzakirə edilir? Əgər baş nazir “Dağlıq Qarabağ Ermənistandır, nöqtə” bəyanatını verirsə, bundan sonra danışıqlar üçün yer qalırmı? Yox! İndi Lavrov özündən köhnə sxemləri ortaya atırsa, biz bunu görə-görə nə üçün bu oyunlarda iştirak edirik, bu kimə lazımdır?

 

- Demək ipin ucu yenə gedib çıxır Lavrova... 

 

- Yeganə onu deyə bilərəm ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə iki fərqlənən baxışı var. Biri Lavrovun mövqeyidir. Baxın, Lavrovu məcbur edirlər ki, Yerevanda verdiyi bəyanat təkzib edilsin. Bunu da təkzib edən Rusiya XİN-in mətbuat katibi Zaxarova oldu. Yəni Zaxarovanın vasitəsilə bu təkzib edilir. Zaxarova qeyd etdi ki, məsələ mürəkkəb olduğu üçün mütəxəssislər bizim mövqeyimizin əsas elementlərini bilirlər və bu mövqeyi mən sizə çatdırıram. Bundan sonra Azərbaycan XİN-in səhvlər buraxmağa heç bir ixtiyarı yoxdur. Zaxarovanın 21 noyabrda keçirdiyi mətbuat konfransının 00:43 dəqiqəsindən sonra görün nə deyir. Buna rəğmən bizim XİN hələ də bu söhbətləri davam etdirir. 

 

- Bəs ikinci baxış nədən ibarətdir? 

 

- İkinci baxış odur ki, Lavrov Yerevanda bəyanat verməsindən sonra onun mətbuat katibini məcbur ediblər ki, bunu təkzib etsin. 

 

- İkinci baxış kimə məxsusdur? 

 

- Mətbuat katibinə bunu təkzib etməsi üçün təlimatın kim tərəfindən verilməsi bəllidir. Hesab edirəm ki, Prezident Aparatı bunu edə bilərdi. 

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top