Tanınmış jurnalistdən AzTV-yə ETİRAZ: "Qarabağ haqqında araşdırmalı o qədər mövzu var ki..."

HADİSƏ 27 noy 2019, 14:48

Tanınmış jurnalist, "Əsir düşərgəsi" kitabının müəllifi Vüsalə Məmmədova AzTV-də yayımlanan "Uçan xalçanın nağılı" adlı sənədli filmlə bağlı narazılıq ifadə edib.


Demokrat.az xəbər verir ki, o, sosial media hesabında yazıb: 


"AzTV son vaxtlar televiziya olmaq yolunda ciddi addımlar atır, tamaşaçı qarşısında günahını yumağa çalışır ki, bu çox yaxşıdır. Amma...


Dünən xəbər yayıblar ki, Qarabağda “əsir düşən” Azərbaycan xalçası ilə bağlı sənədli film çəkilib. “Uçan xalçanın nağılı” adlı sənədli film AzTV-nin “Bədii və sənədli filmlər” studiyasında hazırlanıb. Bu iki cümlə ilə iş samballı görünmür deyə əlavə edirlər: “Qarabağda “əsir düşən” “Baxçada güllər” xalçası ABŞ-ın Los-Anceles şəhərində hərraca çıxarılmasına baxmayaraq, yenidən Azərbaycana qaytarılıb”.

 

Image result for Vüsalə Məmmədova xalça


V.Məmmədova qeyd edib ki, sənədli film çox məsuliyyətli bir işdir və ciddi də araşdırma tələb edir: 


"Bu xalça ilə bağlı film çəkərkən onun varlığından ilk xəbər tutan Aygun Səmədzadə ilə aylarla xalçanın hekayəsini araşdıran, Bakıya adına göndərilən və elə həmin günü də xalçanı Azərbaycan Xalça Muzeyinə hədiyyə edən bəndənizdən heç nə soruşmamaq ən yaxşı halda qeyri-peşəkarlıqdır. Bu o deməkdir ki, özünü film müəllifi adlandıran şəxslər internetdə 15 dəqiqə “fırlanıb”, mənim aylarla araşdırdığım materialları götürüb film çəkiblər. Onları bilmirəm, mən bu “araşdırmanı” AzTV-nin adına yaraşdırmadım və sadəcə utandım. Hətta xəcalət çəkdim. Filminizin adını "Uçan xalça" qoya bilərsiniz, ancaq onu da bilməlisiniz ki, o xalça uçmayıb... Onu cibinin pulu ilə alan, elə bir o qədər də xərc çəkib Azərbaycana göndərən, burada aylarla xalçanın sahibini araşdıran, o tarixdə dünyaya gələn Sərvər adlı şəxsləri soraqlayan insanlar var..."


Jurnalist daha sonra bildirib ki, çəkilən filmin müəllifləri peşəkar olmaya bilər və əgər belədirsə, dövlət televiziyasında qeyri-peşəkarın nə işi var? 

 

Image result for Vüsalə Məmmədova xalça


V.Məmmədova sual edir ki, müəllif peşəkardırsa o zaman peşə etikasına niyə əməl etməyib: 


"Özünə televiziyaçı deyən heç bir kəs başqasının əməyini xəcalət çəkmədən mənimsəməz! Özünə vətəndaş deyən heç bir kəs Qarabağ adı olan işdə vicdanından kənara addım atmaz! Qarabağ haqqında görülməli, araşdırmalı o qədər mövzu var ki... 


Sadəcə insana bir müddətlik rahatlığından imtina edə bilmə şücaəti lazımdır. Üzünə bağlanan arxivlərin qapısını açmaq bacarığı lazımdır. Bu mövzuda ömrü boyu susmağa and içən insanı tapıb danışdırmaq məharəti lazımdır. İsti otaqdan, rahat kompüterin qarşısından qalxıb cəbhə boyu gəzmək cəsarəti lazımdır... Özünə peşəkar deyən vicdanlı insan həya edib hazıra nazir olma sevdasından əl çəkməlidir".


Qeyd edək ki, “Uçan xalçanın nağılı” adlı sənədli film AzTV-nin “Bədii və sənədli filmlər” studiyasında hazırlanıb. Minillik tariximizin rəngli yaddaşı olan xalçaların vətənə dönüşü haqqında çəkilən ekran əsərinin rejissoru Nurlana Bürhanzadə, ssenari müəllifi Şəfəq Sultan Əlixanlı, operatoru isə Elxan Rüstəmovdur.


Haqqında söhbət gedən xalça isə 2017-ci ildə V.Məmmədovanın, A.Səmədzadənin və digər vətənpərvər insanların təşkilatçılığı, təşəbbüsü ilə ABŞ-dan gətirilərək Xalça Muzeyinə təqdim edilib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top