Məhkəmə jurnalisti cərimələdi

HADİSƏ 25 noy 2019, 14:40

Bakı Apellyasiya Məhkəməsi jurnalist Sevinc Vaqifqizını 1000 manat cərimələyib.

 

Demokrat.az-ın xəbərinə görə, bu barədə Xalid Ağəli məlumat yayıb.
 

Vəkil bildirib ki, məhkəmə həmçinin jurnalistin 251 nömrəli məktəbin direktor müavini barəsində şərəf və ləyaqəti aşağılayan bilgilər yaydığına qərar verib.
 

Bu məhkəmə işinin predmeti 2018-ci il aprelin 11-də keçirilən prezident seçkiləri zamanı çəkilib-yayılmış video görüntülərdir. Həmin vaxt jurnalist səsvermə prosesindən reportaj hazırlamışdı. 


Jurnalist 251 nömrəli məktəbin direktor müavini Elmira Alandarovanı lentə almışdı, həmin görüntülərdə E.Alandarova 25 saylı Nizami II seçki dairəsinin hər iki məntəqəsində görünür, səsverməyə nəzarət edirdi. Meydan TV həmin görüntüləri “Karuselə nəzarət edən direktor müavini” başlığı ilə təqdim etmişdi.
 

Narazı direktor müavininin mülki iddiasına əvvəlcə Binəqədi Məhkəməsi baxmışdı. İddia qismən təmin olunmuşdu. Məhkəmə hesab etmişdi ki, şərəf və ləyaqətin aşağılanması iddiası əsaslı deyil, təzminat və üzr istəmək tələbi rədd edilməlidir. Məhkəmə yalnız “Karuselə nəzarət edən director müavini” sərlövhəsini həqiqətə uyğun olmayan saymışdı.


Bakı Apellyasiya Məhkəməsi isə bu qərarı dəyişib, iddianı təmin edib. Hesab edib ki, jurnalistin hazırladığı material ləkələyicidir və buna görə 1000 manat təzminat ödənilməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top