Mehriban Əliyevanın Rusiyaya səfəri – Hansı nəticələr gözlənilir?

SİYASƏT 23 noy 2019, 20:22

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində bir sıra vacib görüşlər keçirib, habelə Rusiya prezidenti Vladimir Putinlə bir araya gəlib. Səfər çərçivəsində hər iki ölkə arasında iqtisadi-ticari və humanitar sahələrdə əməkdaşlığın bundan sonra da yüksək səviyyədə inkişaf etdirilməsinə dair danışıqlar aparılıb. Putin xanım Əliyevanı Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif edib.  Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfəri həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük marağa səbəb olub.

 

Ramil Məmmədli: “Mehriban Əliyevanın Rusiyaya səfəri Azərbaycan-Rusiya dostluq və tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə öz töhfəsini verəcək”

Related image

Mehriban Əliyevanın Rusiyaya səfərini Konkret.az-a şərh edən siyasi icmalçı Ramil Məmmədli bildirib ki, tarixi əlaqələri geniş olan Azərbaycan və Rusiya arasında münasibətlərin daha da möhkəmlənməsinə yönələn bütün addımlar təqdir edilməlidir: “Hər iki tərəfdən bu istiqamətdə atılan addımlar yalnız və yalnız ölkələrin , cəmiyyətlərin yaxınlaşmasına səbəb olur. Mehriban xanım Əliyevanın Rusiyaya səfəri də bu qəbildəndir və Azərbaycan-Rusiya dostluq – tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə öz töhfəsini verəcək”.

 

Ramil Məmmədli əlavə edib ki, Azərbaycan Rusiya ilə tarixi əlaqələrə malik olan yeganə ölkədir ki, bu münasibətləri dünyada gedən siyasi proseslərə uyğunlaşdırmır və qonşuluq əlaqələrinə görə müəyyən edir: “1991-ci ildə müstəqilliyini qazandığı ilk illərdən Azərbaycan Rusiyanın siyasi  hakimiyyəti ilə əməkdaşlığını yaradıb. Əlbəttə müstəqilliyin ilk illərində (SSRİ  dağılandan sonra) iki ölkə arasında müəyyən problemlər yaşandı, separatçılar Kremlin müəyyən dairələri tərəfindən dəstəkləndilər və torpaqlarımız işğal olundu.  Lakin Vladimir Putin hakimiyyətə gəldikdən sonra münasibətlərdə ciddi şəkildə dəyişikliklər baş verdi. 2000-ci ilin ortalarından başlayaraq Azərbaycan və Rusiya arasında əlaqələr qonşuluq münasibətindən strateji müstəviyə qədəm qoyub. Bu, iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsinə səbəb olub. Mehriban Əliyevanın səfəri bu əməkdaşlığı daha da genişləndirəcək. Xanım Əliyeva bu səfəri ilə bir daha sübut etdi ki, Azərbaycan Rusiya ilə münasibətlərin daha da inkişafına tərəfdardır. Putinin Birinci vitse-prezidenti “Dostluq” ordeni ilə təltif etməsi isə Rusiyanın  Azərbaycana və onun siyasi hakimiyyətinə verilən dəyəridir”.

 

Ramil Məmmədli əlavə edib ki, Mehriban Əliyevanın səfərindən sonra iki ölkə arasında münasibətlər daha da möhkəmlənəcək və Rusiya tərəfindən bir sıra vacib addımlar atılacaq.

 

Elxan Şahinoğlu: “Mehriban Əliyevanın Rusiyaya  səfəri müsbət dəyərləndirilməlidir”

Image result for elxan şahinoğlu

Mövzu ilə bağlı fikirlərini konkret.az-a açıqlayan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri,  politoloq Elxan Şahinoğlu qeyd edib ki, Mehriban xanım Əliyevanın Rusiyaya  səfəri müsbət dəyərləndirilməlidir: “Mehriban Əliyeva Birinci vitse-prezidentdir və iqtisadiyyatın bir sıra sahələrinə cavabdehdir. Bu sahələr barədə də Moskvada danışıqlar apardı. Əlbəttə ki, bizim üçün əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin sürətli həllidir. Bu məsələdə Rusiya önəmli rol oynayır. Amma təəssüflər olsun ki, bəzən Rusiya rəsmiləri ziddiyyətli açıqlamaları ilə gündəmə gəlirlər. Buna misal olaraq Rusiya XİN rəhbəri Sergey Lavrovun Ermənistanda verdiyi açıqlamanı xatırlatmaq yerinə düşər. Bu açıqlama Azərbaycanın mövqeyinə birbaşa zidd idi. Əlbəttə ki, Mehriban Əliyeva səfər zamanı bu məsələlərə də diqqət çəkib. O, bu mövzu ətrafında da fikir mübadiləsi aparıb”.

 

Elxan Şahinoğlu bildirib ki, Rusiya-Azərbaycan münasibətləri inkişaf etməlidir: “Hər iki ölkə arasında ticarət mübadiləsi artırılmalıdır. İkitərəfli əməkdaşlığın inkişafı üçün hər iki ölkə səy göstərməlidir. Sadəcə bizim Rusiyadan istəyimiz odur ki, Putin hökuməti işğalçı ölkəyə təsir etsin. Bu təsir imkanları Rusiyanın əlindədir. Təəssüflər olsun ki, bu istiqamətdə hələki addımlar atılmır”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top