"Mehriban Əliyevanın Moskva səfəri Rusiya-Azərbaycan əlaqələrində yeni səhifə açacaq"

GÜNDƏM 22 noy 2019, 19:13

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfəri həm Rusiya, həm də Azərbaycan ictimaiyyəti tərəfindən çox böyük önəm verilən səfər kimi dəyərləndirilir. Xüsusən də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiyanın Baş naziri Dmitri Medvedyev və Prezident Vladimir Putin tərəfindən qəbul edilməsi, iki ölkənin gələcək inkişaf perspektivləri ilə bağlı ciddi müzakirlərə aparması, Kremlin Mehriban xanım Əliyevaya olan ehtiramın göstəricisi kimi qiymətləndirilir.


Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya səfərinin əhəmiyyəti, iki ölkə arasındakı gələcək əlaqələrin inkişafına verəcəyi töhfələrlə bağlı “Ölkə.Az”a açıqlama verən millət vəkili Tahir Mirkişili deyib ki, son illərdə Rusiya ilə Azərbaycan arasındakı münasibətlər çoxtərəfli və çoxtəbəqəli formada inkişaf edir.


“Yəni Azərbaycan-Rusiya münasibətlərinin inkişaf  formatına nəzər salsaq, o zaman biz siyasi, iqtisadi-ticari, humanitar, hərbi-texniki,  regional təhlükəsizlik, beynəlxalq təşkilatlarda və platformalarda hər iki ölkənin maraqlarına xidmət edən məqamlarda çox zəngin əməkdaşlıq təcrübəsi olduğunu görərik.


İqtisadi tərəfdən baxsaq son dövrlərdə Azərbaycan-Rusiya əlaqələri çox sürətlə inkişaf edir. Rusiya Azərbaycan iqtisadiyyatına  4,9 milyard dollar həcmində, Azərbaycan isə Rusiya iqtisadiyyatına 1,2 milyard dollar həcmində investisiya yatırıb.

 


Azərbaycan qeyri-neft sektorunun ixracının 40 faizi Rusiya bazarının payına düşür.  Rusiya Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi  MDB-nin digər ölkələri ilə müqayisədə  ən  çox artım dinamikası müşahidə olunan ölkələr sırasındadır. 2019-cu ilin ötən 10 ayı ərzində Rusiyadan Azərbaycana xarici ticarət dövriyyəsinin həcmi ötən illə müqayisədə 20 faiz, Azərbaycandan Rusiyaya xarici ticarət dövriyyəsinin  həcmi isə 12 faiz artıb. Bu o deməkdir ki, Azərbaycan-Rusiya əlaqələri  qarşılıqlı şəkildə  sürətlə inkişaf edir və bu inkişaf  hər iki ölkənin maraqlarına cavab verir”, - deyə deputat qeyd edib.


T.Mirkişili onu da əlavə edib ki ,Rusiyanın Azərbaycanla əməkdaşlığı strateji əhəmiyyət daşıyır: “Bildiyiniz kimi Rusiyanın gələcək iqtisadi strateji inkişaf istiqaməti cənub və şərq ölkələridir. Azərbaycanın malik olduğu coğrafi mövqe, həm də  həyata keçirdiyi şimal, cənub, şərq, qərb istiqamətində həyata keçirdiyi  infrastruktur  layihələri Rusiyanın cənub və şərq ölkələri ilə  münasibətlər qurmasında mühüm rola malikdir. Odur ki, Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı milli  maraqlara əsaslanır”.


Deputat həmçinin Rusiyanın bir Qafqaz ölkəsi olduğunu, eyni zamanda  ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq Qarabağ münaqişəsinin həllində müstəsna rolu olan ölkə olduğunda, ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

 


“Çünki Rusiyanın Ermənistana  kifayət qədər təsir etmək imkanları mövcuddur.  Belə olan halda  iki ölkə arasındakı münasibətlərin dostluq və strateji xarakter daşıması, o cümlədən inkişafı  mühüm əhəmiyyət kəsb edir”, - deyə o bildirib.


Millət vəkili bildirib ki, Mehriban xanım Əliyevanın Rusiyaya səfəri ölkələrimiz arasındakı əlaqələrin  inkişafında yeni bir səhifə açacaq:


“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Moskvaya səfəri və onun ən yüksək səviyyələrdə qəbulu bir daha Rusiya hakimiyyətinin ona olan münasibətinin göstəricisidir. M. Əliyevanın Prezident Vladimir Putin və Baş nazir Dmitri Medvedyev tərəfindən qəbulu və bu görüşlərdə iki ölkə arasındakı gələcək inkişaf perspektivlərinin geniş müzakirəsi  bunu deməyə əsas  verir. Keçirilən görüşlər həmçinin onu da deməyə əsas verir ki,  Rusiya Azərbaycan münasibətlərində yeni bir səhifə açılmaqdadır. Mehriban xanım Əliyevanın səfəri əlaqələrin inkişafına yeni bir təkan verəcək. Çünki keçirilən görüşlərdə iki ölkə arasındakı mövcud əlaqələr müsbət qiymətləndirilsə də, münasibətlərin inkişaf etdirilməsində potensialdan tam istifadə edilmədiyi və bunun üçün böyük imkanların olduğu qeyd edildi. Bu baxımdan hesab edirəm ki, səfər gələcək əlaqələrin və əməkdaşlığın inkişafına böyük töhfə  vermiş olacaq”. 


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiya Prezidenti Vladimir Putin  tərəfindən qəbul edilməsinin və ciddi müzakirələr aparmasının  böyük əhəmiyyət kəsb etdiyini qeyd edən millət vəkili bildirib ki, bildiyiniz kimi Putin əsasən protokol qaydalarına uyğun olaraq  ölkələrin birinci şəxsini qəbul edir. 


“Ancaq Birinci vitse-prezident Mehriban xanım Əliyevanı qəbul etməsi və onun geniş müzakirələr aparması, Rusiya  kimi  böyük dövlətin Mehriban xanıma olan münasibətinin göstəricisidir, həm də onun bu ölkə ərazisində göstərdiyi fəaliyyətə verdiyi qiymətin nümayişidir. Bildiyiniz kimi  Mehriban xanım Əliyeva  Rusiyada böyük nufuza malikdir. O H.Əliyev Fondunun rəhəbəri kimi bu ölkədə çoxsaylı layihələr həyata keçirib. Bu ölkənin humanitar sahəsinin inkiaşfında Mehriban xanımın özünəməxsus rolu və yeri var. Onun bu fəaliyyəti də təbii ki, Rusiya hakimiyyəti və ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Bu baxımdan Rusiyada Birinci vitse-prezidentə çox böyük hötmət var. Xalq arasında yüksək reytinqə malikdir. 


Rusiya hakimiyyəti inanır ki, M.Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti olaraq Azərbaycan Rusiya əlaqələrinin daha da inkişafına böyük töhfə verə bilər. Ona görə də onunla görüşə ən ali səviyyədə belə böyük diqqət yetirilir. Hesab edirəm ki, Rusiyada Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya göstəriləmn bu böyük ehtiram iki ölkə arasındakı gələcək əlaqələrdə də özünü qısa zamanda büruzə verəcək.  Azərbaycan Rusiya münasibətləri daha yüksək səviyyəyə qədəm qoyacaq”- T.Mirkişili bildirib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top