Bakıda 1 milyon saxta rublu satan şəxsin məhkəməsi başlayır

KRİMİNAL 21 noy 2019, 23:51

Bakıda 1 milyon rubl saxta pulu dövriyyə buraxmaqda təqsirləndirilən Həsən Ələkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.

 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları külli miqdarda saxta xarici valyutanı dövriyyəyə buraxmaqla ölkənin maliyyə sisteminə təhlükə yaratmağa çalışan şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçiriblər. Həsən adlı şəxsin paytaxt ərazisində külli miqdarda saxta rus rublunu satmaq istəməsi barədə Baş İdarəyə məlumat daxil olub. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxslər - Bakı şəhər sakini Həsən Ələkbərov bir milyon saxta rus rublunu 8 min manata satmaq istəyən zaman saxlanılıb. Həmin şəxsin yaşadığı ünvanlara baxış keçirilən zaman əlavə olaraq digər maddi sübutlar aşkarlanaraq götürülüb.

 

Ekspertizaya təqdim olunan 500 rublluq banknotlardan ibarət ümumilikdə bir milyon saxta rubl yoxlanılan zaman müəyyənləşib ki, həmin pulların həqiqi əsginaslardan fərqlənməməsi üçün müdafiə nişanları və eskizləri xüsusi üsulla hazırlanıb. Bu səbəbdən ilk baxışdan həmin pulların saxta olmasını müəyyən etmək mümkün deyil.

 

Faktla bağlı Baş İdarənin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top