"Vahid Mustafayevin 20 Noyabr vertolyot faciəsi haqda verdiyi məlumat yanlışdır" – Polkovnik Məmmədov

GÜNDƏM 21 noy 2019, 21:04

Xəbər verdiyimiz kimi, tanınmış telejurnalist, “ANS” Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev öz “Facebook” səhifəsində 20 Noyabr vertolyot  teraktı ilə bağlı status yazıb. Onun sözlərinə görə, hadisə yerinə hamıdan əvvəl onunla bərabər bir neçə jurnalist çatıb.  “Ora səhər saat 4 radələrində gəlib çatmışdıq. Biz, jurnalistlər ən birinci idik, hətta milislərdən əvvəl hadisə yerinə çatmışdıq...”- V. Mustafayev belə deyib. 

 

1988-1989-cu illərdə Şuşa rayon polis idarəsinin rəisi, 1990-1991-ci illərdə isə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini kimi çalışmış, istefada olan polkovnik Sadir Məmmədov Moderator.az-a açıqlamasında tanınmış telejurnalistin 20 Noyabr faciəsi barədə verdiyi bəzi  məlumatların yanlış olduğunu bildirib. 

 

Sadir Məmmədov: “Vahid Mustafayevi  mən nə faciə yerində, nə də Ağdamda görmüşəm...”

 

“Vahid Mustafayev 20 Noyabr vertolyot qəzasında sonra hadisə yerinə, vurulmuş vertolyotun yanına səhər saat 4-də heç cür gedə bilməzdi. Moderator.az-a öncələr verdiyim geniş müsahibələrdə də qeyd etdiyim kimi, noyabrın 20-də gündüz saat  4-5 radələrində faciə barədə məlumat alandan az sonra mən xidməti maşınımla oraya yollandım. Biz Mərzili postina çatanda artıq qaranlıq idi.  Qarakəndə tərəf gedən yolu “BTR” kəsmişdi. Rus hərbçilərindən  məni komendantın müavini Kuşnariklə calaşdırmalarını tələb edərək onunla danışdım. O, bildirdi ki, güclü alovdan yaxın durmaq olmur vertolyot düşən yerə. “Vertolyot tamam parçalanıb və yanır, sağ qalan yoxdur”. Özüm də gördüm ki, aralıdakı dağın döşündən bir neçə yerdə parça-parça alov qalxır. Buna rəğmən təkid etdim ki, mütləq hadisə yerinə baxmalıyam. İki hərbçi bizim avtomobilə əyləşdi və alova doğru getməyə başladıq. Bizi qarşılayan Kuşnarik “onsuz da vertolyota yaxın düşmək mümkün deyil və bir nəfərin də sağ qalmaq ehtimalı yoxdur. Mən ərazini yoxlamışam və dairəvi post qoymuşam...”,- deyərək bizə geri dönməyi məsləhət gördü. Gerçəkdən də  hiss etdik ki, vertolyotdan qalxan alovun hərarəti bir neçə yüz metrlikdən adamı yandırır. Mən Kuşnariklə razılaşdım ki, o, səhərədək posta nəzarət etsin, mən isə Ağdama qayıdım... Yəni həmin gecə ruslar vertolyotun yanına heç kəsi buraxmayıb. Yalnız mən Ağdama qayıtdıqdan sonra Bakıdan gəlmiş istintaq qrupu və bir neçə jurnalist  bizim müşayiətimizlə səhər saatlarında hadisə yerinə gəlib. Və mən nə vertolyotun yanında, nə də Ağdamda Vahid Mustafayevi  görmüşəm. Amma rəhmətlik Çingiz Mustafayev, Allahverdi Əsədov, bir də Qarayev soyadlı bir jurnalistin gəlməyi yadımdadır... Deməli, belə oldu.  Biz hadisə yerindən geri dönüb Ağdama çatanda  artıq Bakıdan istintaq qrupunun yola düşdüyü bilindi. Bir azdan ratsiya ilə xəbər verdilər ki, o vaxtkı prezident Ayaz Mütəllibov Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsinin keçmiş sədri Viktor Polyaniçkonu göndərib,  gəlir, onu qarşılamaq lazımdır... Heç kəs getmədi və mən sürücümlə gedib onu Ağdamın 3 kilometrliyindəki “Uzundərə” deyilən yerdə qarşıladım. Onu gətirdim milis şöbəsi rəisinin otağına. Gəldik ki, Tamerlan Qarayev də, “OMON”un rota komandiri Rövşən Cavadov da oradadır. Mən hadisə yerinə gedəcək şəxslərin siyahısını tutmağa başladım. 1-ci Polyaniçkonun, ikinci öz adımı yazdım... Az sonra Adil Ağayevin rəhbərliyi ilə Bakıdan istintaq qrupu da gəlib çıxdı. Səhər tezdən rəhmətlik telejurnalist Çingiz Mustafayev,  AzTV-nin xüsusi müxbiri  Allahverdi Əsədov və digərlərinə də maşın təşkil etdim. Qabaqda mən və Kuşnarik, ardımızca isə Polyaniçko və digərləri yola düşdük. Artıq 7:30-da biz hadisə yerinə çatdıq.  Çox dəhşətli mənzərə idi...”

 

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin sabiq rəis müavini  Vahid Mustafayevin Tamerlan Qarayev haqda da qeyri-dəqiq, şübhəli məlumat verdiyini əlavə edib. 

 

Xatırladaq ki, “ANS” rəhbəri son statusunda belə deyib: 

 

“Bir çoxlarına məlumdur ki, həmin vertolyota o günlər Qarabağda olan bütün hökumət nümayəndələri əyləşmişdi, bircə Tamerlan Qarayevdən başqa... və Çingiz Mustafayevə verdiyi müsahibəsində Qarayev niyəsə vertalyota minməməsinin səbəbini açıqlamadı, elə bu helikopterdə həlak olan Tofiq İsmayılovun tapşırığı ilə yerdə qalmasını vurğuladı və müəmmalı şəkildə konkret sualdan qaçmağa çalışdı...”

 

Polkovnik Sadir Məmmədov isə Tamerlan Qarayevin, eləcə də o vaxtkı Müdafiə naziri general Valeh Bərşadlının da Ağdamda məhz dövlət katibi Tofiq İsmayılovun tapşırığıyla qaldığını vurğulayıb: 

 

“Yadımdadır ki, Ağdamda  Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri mərhum Xuraman Abbasovanın xidməti otağında keçirilən müşavirədə Tofiq İsmayılov əlini masaya çırpıb “Getdik” dediyi vaxt Tamerlan müəllim nəsə yazırdı. Hamı ayağa qalxanda o da durub çıxmaq istədi. Ancaq Tofiq müəllim ona dedi ki, sən bizimlə gəlmə, qal, verilmiş tapşırığı tamamla. Tamerlana verilmiş tapşırığın konkret nədən ibarət olduğunu bilmədim. Amma onu xatırlayıram ki, Tamerlan Qarayev də, Valeh Bərşadlı da binadan bayıra çıxmadılar. Səhv etmirəmsə, general Bərşadlıya da nəsə tapşırıq verilmişdi...”

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top