“Azərbaycanlı məşqçilərə it dəyib ki, gedib əcnəbi gətirirlər?” - Aqil Abbas

İDMAN 21 noy 2019, 16:25

Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində uğursuz çıxış etməsi və qrupda sonuncu yeri tutması futbol ictimaiyyətinin haqlı narazılığına səbəb olub. Hamı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) xərcələyi böyük pulların batmağına etiraz edir...
Milli komandamızın Avropada hamı üçün “qapazaltı” olması AFFA rəhbərliyinə yönəlmiş tənqidlərin dozasını artırıb.

Milli Məclisin deputatı Aqil Abbas da futbolumuzdakı biabırçı vəziyyətə etiraz edənlərdəndir.

 

“Azərbaycan futbolunun inkişafı üçün AFFA mütləq islahat aparılmalı, proqram hazırlamalıdır”, 

Bunu Modern.az-a açıqlasında Aqil Abbas deyib.


Deputat qeyd edib ki, bunun üçün ilk növbədə bölgə futbolu inkişaf etdirilməlidir:


“Bölgə futbolu olmadan Azərbaycanda futbol inkişaf etdirilə bilməz. 2005-2015-ci illərdə futbolun inkişaf etdirilməsilə bağlı Prezidentin sərəncamı oldu. Həmin vaxt bölgə futbolu inkişaf etdi. O zaman Yevlaxın “Karvan”, “İmişli”nin “MKT Araz”ı vardı, “Xəzər-Lənkəran”, Tovuzun “Turan”ı, “Gəncə”, “Bakı” komandaları vardı. Hamısının da yaxşı bazası formalaşmışdı. Amma yavaş-yavaş ömürlərini başa vurdular. Beləcə ölkədə futbol asta-asta öldü”.

 

“Olimpiya komplekslərində axşamlar varlılar üzür”

 


Deputatın sözlərinə görə, bölgələrdə yaradılan Olimpiya kompleksləri təyinatı üzrə çalışmır:

“Region yarışları keçirilir. Amma o qədər zəifdir ki, nəticə ortaya qoya bilmirlər. Azərbaycanda uşaq futbolu inkişaf etdirilməlidir. Bunun başqa bir yolu yoxdur. Necə, hansı şəkildə, bu, mütəxəssislərin işidir. Bölgələrdə çox möhtəşəm Olimpiya kompleksləri tikilib. Niyə bu gün Ağdamda futbol yoxdur? Mən Ağdamın yeni icra başçısı Vaqif müəllimlə müzakirələr aparmışam bu barədə. “Qarabağ” komandası öz yerində, bu, simvolik komandadır. Ağdam özü futbolçu vermir. Rayonlarda futbol ölüb. İcra başçılarının qarşısında vəzifə qoyulmalıdır. Taxıl verirlər sağ olsunlar, pambıq verirlər, lap çox sağ olsunlar. Bəs idman? Dövlət 10 milyon manat ayırıb, bölgələrdə Olimpiya kompleksləri tikiblər. Hansı rayon bir güləşçi, ağırlıq qaldıran, karateçi, üzgüçü verib? Hamısını Bakı verib, ya da qıraqdan tutub gətiriblər. Bəs Olimpiya mərkəzlərini  niyə tikiblər. İmkanlı adamların axşamlar orada üzməyi ya qaçmağı üçün?”.

 

“Gənclər və İdman Nazirliyi hara baxır?!”

 

Aqil Abbas deyib ki, futboldakı vəziyyətə görə təkcə AFFA günahkar deyil:

“Hər şeyi təkcə AFFA-nın üzərinə yıxmaq olmaz. O boyda Gənclər və İdman Nazirliyimiz var. Onlar niyə maraqlanmırlar ki, Olimpiya komplekslərində nə iş görülür, neynirlər? Nazirlik uşaq futbolunun inkişafına nəzarət etməlidir”.

 

“Sən özünü Messi, Ronaldo sanırsan?”


A.Abbas Azərbaycan futbolçularının dünya futbolçuları ilə müqayisədə məvaciblərinin az olması ilə bağlı narazılıqlarına da cavab verib:

“Futbol da bir istedad, qabiliyyətdir. Pul yaxşı şeydir, amma futbol pul deyil. Mənə gətirib 100 milyon pul versinlər ki, “Qarabağ”da futbol oyna. Axı mən futbol oynaya bilmirəm. Futbol oynaya bilmirəmsə, niyə mənə çox pul verməlidirlər? Ay azərbaycanlı futbolçu, sən özünü Messi, yaxud Ronaldo sanırsan? Rəşad Sadıqovun yaxşı bir sözü var. Bir dəfə hansısa oyunla bağlı ona dedilər ki, “filankəsin qarşısını niyə kəsmədin?”. Rəşad cavab verdi ki, “o futbolçunun qarşısını kəsə bilsəydim, gedib “Barselono”da oynayaram, burada nə işim var?”.
Sovet dövründə məktəblər, kəndlər, kolxozlar arasında turnirlər, yarışlar keçirilirdi. Nəticədə hər gün haradasa futbol oynanılırdı. İndi bütün bunlar yoxdur. Prezident idmana bu qədər diqqət göstərir, bəs rayon rəhbərləri özü niyə maraqlı deyil bu işdə?

Ümumiyyətlə, komanda uduzanda baş məşqçi ağlamırsa, məşqçi komandadan getməlidir. Azərbaycanlı məşqçilərə it dəyib ki, gedib haranınsa zibilxanasından əcnəbi məşqçi tapıb gətirirlər? Ümid edək ki, nə vaxtsa düzələcək”. (Moderator.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top