101 yaşlı Penitensiar Xidmət

SOSİAL 19 noy 2019, 13:47

Müasir Azərbaycan dövlətçiliyinin banisi, ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü artıq 19 ildir ki, ədliyyə və məhkəmə orqanlarında böyük ruh yüksəkliyi ilə geniş qeyd olunur. 1 əsrdən çox zəngin və şərəfli tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından 101 il ötür.  

 

Dövlətçilik tariximizdə özünəməxsus yeri olan Azərbaycan ədliyyəsi 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə öz tarixinin mühüm mərhələsinə qədəm qoymuşdur. Ötən dövrə nəzər salanda Ədliyyə Nazirliyinin ölkəmizin hüquq sisteminin inkişafında əvəzsiz rolunun bir daha şahidi oluruq. 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bəyan edərək ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqilliyimizi bərqərar etmiş, ölkəmizdə demokratik hüquqi dövlət qurulmuş, ictimai-siyasi həyatın bütün sahələrində mütərəqqi islahatlar aparılmaqla davamlı inkişafa nail olunmuşdur. Ədliyyə sisteminin inkişafının əsaslı dönüş mərhələsi də məhz Ulu Öndərin adı ilə bağlı olmuş, Ədliyyə Nazirliyi müasir dövrün tələblərinə uyğun islahatlar aparılmaqla təkmil bir struktura çevrilmişdir.

 

İnkişaf və islahatlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətində də özünü göstərir. 

 

Təsadüfi deyil ki, Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı dövlət başçısının tapşırıqlarına uyğun olaraq, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, sosial reabilitasiyası, məşğulluğu, asudə vaxtının təşkili, onlara yüksək keyfiyyətli tibbi yardımın göstərilməsi ilə bağlı əlavə tədbirlər görülmüşdür. Buna görə də Penitensiar və tibb xidmətlərində mənəvi cəhətdən saf və hazırlıqlı gənc kadrların qulluğa qəbulu ilə bağlı mütəmadi açıq müsabiqələr keçirilir, namizədlər müsabiqələrdə geniş iştiraka təşviq olunur.  Digər tərəfdən Cəzaçəkmə müəssisələrində vərəmlə mübarizədə müsbət təcrübə müxtəlif dövlətlərin nümayəndələri tərəfindən öyrənilmiş, nazirliyin İxtisaslaşdırılmış müalicə müəssisəsinin nəzdində fəaliyyət göstərən Beynəlxalq təlim mərkəzi tərəfindən onlar üçün beynəlxalq seminarlar təşkil edilmişdir.

 

Penitensiar xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məhkumların və həbs edilmiş şəxslərin etibarlı müşaiyəti, əməkdaşların xidmət yerlərinə daşınmasının təmin edilməsi üçün nəqliyyat parkının yenilənməsi məqsədilə cari ildə 39 müxtəlif təyinatlı yeni avtomobil alınmışdır. 

 

Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlara mənəvi dəstək verilməsi və onların cəmiyyətə inteqrasiyasına yardım göstərilməsi məqsədilə mütəmadi olaraq xeyriyyə tədbirləri həyata keçirilir.

 

Eyni zamanda cəzaçəkmə müəssisələrində səhiyyə xidmətinin təşkili, cəzaçəkmə müəssisələrinin idarə olunması və keçmiş məhkumların cəmiyyətə inteqrasiyasını qabaqcıl Avropa standartlarına və təcrübəsinə uyğunlaşdıraraq Azərbaycanda məhkumların müdafiəsinin gücləndirilməsi məqsədi daşıyan layihələr həyata keçirilir. 

 

Qeyd olunmalıdır ki, məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi institutunun tətbiqi ilə bağlı Xüsusi Komissiya yaradılaraq, bu sahədə şəffaflığın artırılması, qanunçuluğun tələblərinə ciddi riayət edilməsi istiqamətində lazımi tədbirlər görülür.

 

Həmçinin, Azərbaycanda Avropa Penitensiar Qaydalarına əməl edilir.

 

 

Yəni, azadlıqdan məhrum edilmiş bütün şəxslərlə davranış zamanı onların hüquqlarına hörmət edilir, azadlıqdan məhrum edilmiş şəxslər məhkum olunduqları və həbsdə saxlandıqları qanuna və məhkəmənin qərarına əsasən məhrum olunmadıqları bütün hüquqları saxlayırlar. Həmin şəxslərə tətbiq olunan məhduduyyətlər onun tətbiqinin əsas məqsədinə uyğun və minimal olmalıdır. Azadlıqdan məhrum etmə yerlərində həyat, imkan daxilində cəmiyyətdəki həyatın müsbət cəhətlərinə yaxındır. 

 

Azərbaycan Respublikasının Prezidentinin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 10 fevral 2017-ci il tarixli Sərəncamı və "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 3 aprel 2019-cu il tarixli Fərmanı penitensiar sistemdə aparılan islahatların daha da geniş vüsət almasına güclü təkan vermişdir.

 

Bütün bunların nəticəsidir ki, son illər ərzində Azərbaycanda məhbusların saxlanma şəraiti yaxşılaşıb. Ölkədə məhbuslara göstərilən tibbi yardımın səviyyəsi yüksəlib, ərzaq məhsullarının keyfiyyəti yüksəlib, bir sıra yeni cəzaçəkmə müəssisələri tikilib, köhnə müəssisələr təmir olunub. Eyni zamanda penitensiar müəssisələrdə təşkil olunan dil və kompüter kursları, cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının ən müasir kompüter avadanlıqları ilə təchiz olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkumların dini etiqad azadlığı tam təmin edilir, məscidlər fəaliyyət göstərir.

 

Sonda Penitensiar Xidmətdəki məhkumların islah olunması üçün yaradılan şəraiti əks etdirən fotoları oxucularımıza təqdim edirik.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top