Nazirlik “Çıraq-Qala” İstirahət Mərkəzinin fəaliyyətini dayandıra bilmədi

SOSİAL 18 noy 2019, 14:13

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Nabranda yerləşən “Çıraq-Qala” İstirahət Mərkəzinin fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət edib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Xaçmaz rayonu Nabran Bələdiyyəsi ərazisindəki İstisu qəsəbəsində yerləşən “Çıraq-Qala” İstirahət Mərkəzinin fəaliyyətinin dayandırılması barədə iddia cavabdeh Orucov Fariz Arif oğluna qarşı qaldırılıb.
 

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi Zaur Pirverdiyev isə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərar qəbul edib. Belə ki, qanunvericiliyə görə, iqtisadi mübahisələr üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İddiaçı bu tələbə eməl etmədiyi və iddia ərizəsinin cavabdeh tərəfindən alınmasına dair sübut təqdim etmədiyinə görə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılıb.
 

Qeyd edək ki, ötən il ETSN-in Ətraf Mühitin Mühafizəsi Departamentinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının atılması, qalaqlanması, çirkab suların dənizə axıdılması hallarının qarşısının alınması məqsədilə birgə reyd keçirilib.
 

Reyd zamanı  Xaçmaz rayonu Müqtədir-Nabran zonasında fəaliyyət göstərən istirahət mərkəzlərində, ictimai-iaşə obyektlərində formalaşan məişət tullantılarının və çirkab suların qanunvericiliyə uyğun qaydada idarə olunmadığı müəyyən edilib. Bu obyektlər sırasında  "Çıraq-Qala” İstirahət Mərkəzi də olub.
 

Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və onlar İnzibati Xətalar Məcəlləsinə əsasən ümumilikdə 9400 manat məbləğində cərimə ediliblər. Nöqsanların aradan qaldırılması məqsədilə obyekt  sahiblərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top