“Artur Rasi-Zadə baş nazir olduğu dövrdə bir dəfə qazi, Milli Qəhrəman kimi sözləri dilinə gətirmədi”

SİYASƏT 18 noy 2019, 12:55

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə ucaldılmış heykəlin açılış mərasimi olub. Aqarunovun şərəfinə abidə ucaldılması ideyasını şəhidin tank komandiri olmuş Hacı Əzimov irəli sürüb.  Layihənin icrası Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov tərəfindən akademiyanın müəllimləri - Rahib Qarayev və Zamik Rzayevə həvalə edilib.

 

Abidədə əks olunan qayadan çıxmaq təsviri Dağlıq Qarabağın simvoludur. Texniki cəhətdən tankı göstərmək mümkün olmadığına görə, qayadan istifadə edilərək fraqment verilib.

 

Aqarunov 1969-ci il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. O, 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Milli Qəhrəmanın adına doğulduğu Əmircan qəsəbəsində məktəb və küçə var. Bu il şəhidin 50 illik yubileyidir. Onun şərəfinə heykəl ucaldılması birmənalı olaraq müsbət qiymətləndirilib. Eyni zamanda, təkliflər səslənir ki, onun kimi digər Milli Qəhrəmanlara heykəlləri qoyulsun.

 

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu Aqarunova heykəl qoyulmasını yüksək qiymətləndirdi. Onun sözlərinə görə, Albertin qəhrəmanlığı xalqın yaddaşında əbədi həkk olub.

 

“O həm şəhiddir, həm Milli Qəhrəmandır. Arzulayardım ki, təkcə ona deyil, hər bir Milli Qəhrəmana belə abidə ucaldılsın. Amma əfsuslar olsun ki, bu məsələ gecikdirilib. Nazirlər Kabineti, icra hakimiyyətləri, ayrı-ayrı nazirliklər qəhrəmanların yaşadılması üçün abidə ucaldılması istiqamətində iş görməlidirlər, küçələrə onların adları verilməlidi. Təəssüf ki, bu proses gecikib”,-deyə R.Kərimoğlu “Yeni Müsavat”a bildirdi.

 

Qarabağ qazisi Milli Qəhrəmanların büstlərinin olduğunu, lakin  hamısını tam əhatə etmədiyini xatırlatdı: “Bu da laqeydlikdən irəli gəlib. Məmurların çoxu şəxsi mənafeyini güdür, onları karyerasını qorumaq, xalqın cibinə girmək maraqlandırır. Bu, birbaşa Nazirlər Kabinetinin və icra orqanlarının səlahyyətində olan məsələdir. Amma Artur Rasizadə baş nazir olduğu dövrdə bir dəfə qazi, Milli Qəhrəman kimi sözləri dilinə gətirmədi”.

 

R.Kərimoğlu təklif edir ki, Əliyar Əliyev, Yusif Mirzəyev və onlar kimi digər şəhid qəhrəmanlara da heykəl qoyulsun: “Parklarda, şəhərin görməli yerlərində lövhələri vurulmalıdır. Bunu kim etməlidir? Gənclər görməlidir ki, Azərbaycanın belə oğulları var.

 

Nə qədər Səməd Səmədovu, Aygün Kazımovanı, Faiq Ağayevi görmək olar? Bizim Vüqar Yusifov, Raqub Orucov, Elnur Əliyev və adını saymaqla qurtarmayan neçə-neçə oğullarımız var, onları tanıtmalıyıq, heykəllərini qoymalıyıq". (Musavat.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top