Azərbaycanlı deputat Belarusda parlament seçkilərini izlədi

SİYASƏT 17 noy 2019, 20:23

Belarus parlamentinin Nümayəndələr Palatasına (aşağı palata) səsvermə prosesi normal keçir, müşahidə zamanı hər hansı ciddi qanun pozuntusu qeydə alınmayıb.

 

Demokrat.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Belarusda parlament seçkilərini müşahidə edən Milli Məclisin deputatı Tahir Mirkişili söyləyib.

 

ATƏT Parlament Assambleyasının müşahidəçi qrupunun tərkibində seçkiləri izləyən T.Mirkişili bildirib ki, Minsk şəhərində seçki məntəqəsinin açılış prosesini müşahidə edib, artıq 10-a yaxın çox məntəqədə səsvermə prosesini izləyib. Gün ərzində 12-dən çox seçki məntəqəsində müşahidəçilik missiyasını həyata keçirəcək.

 

Deputatın sözlərinə görə, ATƏT PA-nın ümumilikdə 70 nümayəndəsi Belarusda keçirilən parlament seçkilərini müşahidə edir.

 

Qeyd edək ki, Belarus parlamentinin aşağı palatasında 110 yerə 520 namizəd qeydə alınıb. Belarusda seçicilərin sayı 6,8 milyon nəfərdir, ölkə hüdudlarından kənarda isə 3,6 min seçici var. Mindən artıq beynəlxalq müşahidəçi səsvermənin gedişini izləyir. Ən böyük müşahidəçi qrupu MDB-ni və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu təmsil edir. Seçkilərin gedişini, həmçinin 28 min yerli müşahidəçi izləyir.

 

Xarici müşahidəçilər arasında Azərbaycan Milli Məclisinin deputatları Xanlar Fətiyev, Sahibə Qafarova və Tahir Mirkişili də var.

 

Xatırladaq ki, Belarus parlamentinin Nümayəndələr Palatasına (aşağı palata) seçkilərdə beş gün ərzində 35,8 faiz seçici vaxtından əvvəl səs verib. Növbədənkənar səsvermə noyabrın 12-də başlayıb və noyabrın 16-da başa çatıb. MSK-nın məlumatına görə, ən yüksək seçici fəallığı Qomel və Mogilyov vilayətlərində (müvafiq olaraq 39, 41 faiz və 39,11 faiz), ən aşağı fəallıq isə Minskdə (28, 56 faiz) qeydə alınıb.

 

Belarusda parlament seçkiləri seçicilərin yarıdan çoxu iştirak etdikdə baş tutmuş sayılır.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top