"Müxalifət idarəetmə bağlarını itirib" – Anar Məmmədli

SİYASƏT 16 noy 2019, 20:55

“Müsavat Avropa Koordinasiya Mərkəzi ilə bağlı ittihamlar demokratik düşərgə ilə bağlı böhranın idarəçiliyi məsələsinin aktuallığına diqqətimi çəkdi. Müzakirələr o qədər pərakəndə miqyasda cərəyan edir ki, situasiyanı idarə etmək, sahiblənmək mümkünsüz olub”.

 

Bunu Facebook sosial şəbəkəsindəki səhifəsində tanınmış müxalifətçi, keçmiş siyasi məhbus Anar Məmmədli yazıb.

 

Onun yazdığına görə, böhran planı idarəçiliklə bağlı hər sahədə gərəkli olur. İstər dövlət sektoru, istər qeyri-dövlət və ya kommersiya sektorlarında hər an idarəetmə böhranı ilə üzləşmək olar.

 

“Konkret olaraq, demokratik düşərgəyə aid olunan xeyli təşkilatda baş vermiş son hadisələri sıralasaq, böhran qarşısında idarəçiliyin çökdüyünün şahidi olarıq. Əslində bir fərdin düşdüyü böhranlı durumda çarəsizliyi başa düşüləndir, amma xeyli sayda insanın idarə etdiyi partiya və ya təşkilatların çıxılmazlığa yuvarlanması anlaşılan deyil”,-deyə A.Məmmədli vurğulayıb.

 

Anar Məmmədli tarixdən bir neçə nümunə gətirib: “Məsələn, 1991-ci ilin noyabrında Qarakənd səmasındakı terrorun yaratdığı böhran o qədər dərin oldu ki, 6 ay sonra Ayaz Mütəllibov artıq Moskvada idi. Onun hər yeni müsahibəsinə baxanda anlayırsan ki, Mütəllibov hələ də böhrandan çıxa bilməyib.

 

Və yaxud 4 iyun qiyamından sonra parlament müzakirələrini xatırlayın. Ölkədə siyasi böhran yaranıb, amma Milli Məclisin hər iclası bu böhranı azaltmaq əvəzinə daha da dərinləşdirdi. AXC-dən olan deputatların çıxışları tamamən komanda işindən uzaq, sistemsiz, pərakəndə və qeyri-adekvatdı. Böhrandan sui-istifadə etməyə çalışan Etibar Məmmədovun əksər çıxışlarını izləmişəm. Mütəllibovdan fərqli olaraq, o, 2 həftə sonra anladı ki, sərgilədiyi destruktivlik nə AXC-nin, nə də AMİP-in xeyrinədir, onda da gec oldu”.

 

Tanınmış müxalifətçi daha sonra bildirib: “Bu olayların üstündən 26 il keçib. Ötən müddət nələrsə öyrətməli idi. Amma hələ də ciddi çatışmazlıqlar var. Bu hamıya aiddir... Anlamaq lazımdır - insanlar partiya və ya təşkilatlarda ona görə birləşirlər ki, ayrılıqda həll edə bilmədiyi problemlərin öhdəsindən birgə gəlsinlər. Böhranlı situasiyaların idarə olunması üçün reseptlər var. Bunun üçün daxili kommunikasiya qaydaları, media siyasəti planı, təhlükələr və fövqəladə hallar üzrə qaydalar, davranış kodeksi, üzvlər qarşısında şəffaflıq və hesabatlıq kriteriyaları vaxtaşırı təftiş olunmalı, yenilənməlidi”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top